Türkiyə QHT-si S.Sarkisyanı Avropa məhkəməsinə verib

Türkiyə QHT-si S.Sarkisyanı Avropa məhkəməsinə verib

27 Fevral 2012 16:44
Bəyəndim (0) Bəyənmədim (0)
"Bizim təşkilatın ikinci missiyası Xocalı və Qarabağ həqiqətlərini olduğu kimi Türkiyə və dünya ictimaiyyətinə çatdırmaqdır"

Türkiyənin "Uluslararası Asılsız Ermeni İddialarıyla Mücadele Derneyi" (ASİMDER) təşkilatı 04.12.2010-cu ildə Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyanı Avropa İnsan Haqları məhkəməsinə verib. Bunu təşkilatın başqan yardımçısı, mətbuat katibi Erhan Hacıkasımoğlu Oxumeni.az-a açıqlamasında bildirib. E.Hacıkasımoğlunun sözlərinə görə, şikayət ərizəsi qeydiyyata alındıqdan sonra Serj Sarkisyan və ya onun səlahiyyətli nümayəndəsi ifadə vermək üçün Avropa İnsan Haqları məhkəməsinə çağırılıb: "Serj Sarkisyan Xocalı soyqırımının təşkilatçılarından və rəhbərlərindən biridir. O, törətdiyi cinayətə görə mütləq cavab verəcək. ASİMDER bu işi məntiqi sonluğa çatdırana qədər mübarizə aparacaq. Çünki şahid ifadələri, sənədlər, video və foto görüntülər Serj Sarkisyanın cinayətkar olduğunu yetərincə sübut edir. Hələlik Ermənistan prezidenti qorxudan ifadə verməkdən boyun qaçırır. Çünki cinayətini ört-basdır edə bilməyəcəyini anlayir. Lakin prosedur işə düşdüyü üçün bu, belə davam edə bilməz".

Bakıya Xocalı soyqırımının 20-ci ildönümü münasibətilə ezam olunan Erhan Hacıkasımoğlu Xocalı soyqırımının canlı şahidləri ilə söhbətdən olduqca təsirləndiyini bildirib və bu faciənin beynəlxalq səviyyəyə qalxmasında bilavasitə iştirak edəcəklərini bildirib: "Bizim təşkilat əsassız erməni soyqırımının inkarı ilə məşğul olsa da, artıq ikinci missiyamız Xocalı və Qarabağ həqiqətlərini olduğu kimi Türkiyə və dünya ictimaiyyətinə çatdırmaqdır. Qoy dünya bilsin ki, türklər qətliam törədən millət deyil, soyqırımına məruz qalan millətdir. Bunu Türkiyənin və Azərbaycanın çeşidli yerlərində aşkar edilmiş toplu məzarlar da sübut edir. ".

İstanbulun Taksim meydanındakı yürüşə toxunan ASİMDER rəsmisi bu işin təşkilatçılığını altı aydan bəri həyata keçirdiklərini bildirərək, bu istiqamətdə fəaliyyətlərini davam etdirəcəklərini söylədi: "Ermənilər bizi terror təşkilatı kimi təqdim etməyə çalışırlar. Lakin biz həqiqət carçısıyıq. Yeganə məqsədimiz yalanları ifşa etmək və həqiqətləri olduğu kimi çatdırmaqdır. Dünyanın hər bir nöqtəsində türk var. Bizim məqsədimiz odur ki, hər bir türk bacardığı qədər yaşadığı ölkədə həqiqətləri yaysın. Biz artıq buna nail olmağa başlamışıq. Çünki Xocalı dərdi bizi birləşdirə bildi".

O.M.