Sabah Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı İstanbulun mərkəzində möhtəşəm mitinq gözlənilir

Sabah Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı İstanbulun mərkəzində möhtəşəm mitinq gözlənilir

25 Fevral 2012 17:54
Bəyəndim (0) Bəyənmədim (0)

Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı fevralın 26-da Türkiyədə keçirilməsi planlaşdırılan yürüşə hazırlıq işləri başa çatıb. Bunu jurnalistlərə açıqlamasında Milli Məclisin deputatı, "İrəli" İctimai Birliyinin sədri Ceyhun Osmanlı deyib. O, aksiya ilə bağlı son tamamlanma işlərinin görüldüyünü qeyd edib: "Bu günə olan məlumata görə, sabah yürüşə ən az 50 min insanın qatılacağı gözlənilir. Türkiyənin məşhur sənət adamları, deputatları, idmançıları həmin aksiyaya çox böyük maraq göstərirlər. Həmçinin, Azərbaycandan da bir çox sənət adamları və deputatlar aksiyaya qatılmaq üçün Türkiyəyə gəliblər. Yürüşün keçirilməsinə həm müxalifət, həm də iqtidar maraq göstərir. Türkiyənin 35 şəhərindən insanlar yürüşə qatılmaq üçün İstanbula gələcəklər. Həmçinin, onlarla dərnək, həmkarlar təşkilatları, gənclər təşkilatları aksiyada iştirak edəcəklər. Ötən gün Türkiyənin bütün məscidlərində Xocalı soyqırımı ilə bağlı xütbələr oxunub, Azərbaycan torpaqlarının erməni işğalından azad olunması üçün dualar edilib. C.Osmanlı Türkiyə KİV-lərində yürüşlə bağlı təbliğatın getdiyini də bildirib: "Bizim soyqırımın şahidi olan qonaqlarımız Türkiyənin televiziyalarında qonaq kimi çıxış edirlər. Həmçinin, "Hürriyyet" qəzetinin köşə yazarı Taha Akyol, "Haber 7"-nin köşə yazarı Erkan Tufan yürüşə çağırışlarla bağlı maraqlı məqalələr yazıblar. Onu da qeyd edim ki, vaxtilə "Hepimiz ermeniyiz" aksiyasına çağırış edən bir çox köşə yazarları bu gün "Hepimiz Hocalılıyız" aksiyasına çağırış edirlər".

O.M.