Avropa Məhkəməsi Azərbaycan hökumətini cərimə etdi

Avropa Məhkəməsi Azərbaycan hökumətini cərimə etdi

21 Fevral 2012 14:31
Bəyəndim (0) Bəyənmədim (0)

Avropa İnsan Haqları Məhkəməsi Azərbaycan vətəndaşları Bəybala Əlibala oğlu Əbil və Xanhüseyn Gülhüseyn oğlu Əliyevin 2005-ci il noyabrında keçirilmiş parlament seçkiləri ilə bağlı göndərdikləri şikayətlər üzrə qərarlar çıxarıb. 1952-ci il təvəllüdlü Azərbaycan vətəndaşı, şikayətçi Bəybala Əbil 2005-ci ilin noyabrında Azərbaycan Milli Məclisinə seçkilərdə iştirak etmək üçün bitərəf namizəd kimi namizədliyini irəli sürüb. Lakin seçki komissiyalarının tələbi ilə ölkə məhkəmələri Bəybala Əbilin seçicilərin səsini qazanmaq üçün vətəndaşlara rüşvət verməsi haqda qərar çıxararaq onun namizədliyini ləğv edib. Şikayətçi Avropa İnsan Haqları Konvensiyasının 1-ci Protokolunun 3-cü (azad seçkilər hüququ) və Konvensiyanın 13-cü (səmərəli hüquqi müdafiə hüququ) maddələrini əsas götürərək AİHM-nə şikayət edib.

1958-ci il təvəllüdlü Azərbaycan vətəndaşı, şikayətçi Xanhüseyn Gülhüseyn oğlu Əliyev də 2005-ci ilin noyabrında Milli Məclisə seçkilərdə iştirak etmək üçün namizədliyini irəli sürüb. Lakin seçki komissiyalarının tələbi ilə məhkəmələr onun da vətəndaşlara rüşvət verməsi haqda qərar çıxararaq namizədliyini ləğv edib. Şikayətçi Avropa İnsan Haqları Konvensiyasının 1-ci Protokolunun 3-cü (azad seçkilər hüququ) maddəsini əsas götürərək AİHM-nə şikayət edib.
AİHM Azərbaycan məhkəmələrinin şikayətçilərin namizədliklərini ləğv etmələrini düzgün olmayan dəlillərlə əsaslandıqları, bu qərarların yetərsiz olduğu və işin lazımınca araşdırılmadığı qənaətinə gələrək Avropa İnsan Haqları Konvensiyasının 1-ci Protokolunun 3-cü maddəsinin pozulduğunu bildirib. Məhkəmə B.Əbilin şikayətinə Azərbaycandakı hüquq instansiyaları tərəfindən ədalətli baxılmadığını əsas gətirərək dəymiş mənəvi ziyanın kompensasiyası qismində ona 7.500 avro, dəymiş maddi ziyanın kompensasiyası qismində isə 1.600 avro ödənilməsi barədə qərar çıxarıb. Avropa Məhkəməsi X.Əliyevin şikayətinə Azərbaycandakı hüquq instansiyaları tərəfindən ədalətli baxılmadığını əsas gətirərək dəymiş maddi və mənəvi ziyanın kompensasiyası qismində ona 7.500 avro ödənilməsi barədə qərar çıxarıb.

O.M.