Rusiya ABŞ və İsrailə İranı güzəştə gedə bilər?

Rusiya ABŞ və İsrailə İranı güzəştə gedə bilər?

31 May 2019 10:57
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ, Rusiya və İsrailin bu görüşündə Yaxın Şərqdə baş verən bir çox məsələ və xüsusilə, İran müzakirə olunacaq.

Mediainfo.az-ın verdiyi xəbərə görə, bu sözləri Axar.az-a açıqlamasında politoloq Vüqar Zifəroğlu ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Con Bolton, Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev və İsrail Milli Təhlükəsizlik Şurasının sədri Meir Benin Qüdsdə görüşünün nəzərdə tutulması haqqında danışarkən deyib.

O bildirib ki, hər üç ölkənin İran üzərində ciddi maraqları var və bu maraqlar onları birləşdirir:

"Həmin görüşün əsas müzakirə mövzusu İran olacaq. Çünki son zamanlar ABŞ-ın və İsrailin ehtiyat etdiyi və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq istədiyi əsas problem İranın nüvə silahı hazırlığıdır. Bu mənada şübhə yoxdur ki, ABŞ hər iki ölkə ilə bu məsələnin müzakirəsini aparacaq. Həmçinin Rusiya İranla Yaxın Şərq bölgəsində müttəfiqdir. Rəsmi Moskvanın Tehranla uzlaşdığı bir çox məsələ var və buna görə də hesab edirəm ki, Rusiya bu problemdə körpü rolunu oynayacaq".

Politoloq bu görüşdə Suriyanın da müzakirə mövzusu olacağını bildirir:

"Suriya ABŞ və İsrail üçün kifayət qədər həssas mövzudur. Rəsmi Vaşinqton üçün ona görə həssas mövzudur ki, burda İran və Rusiya faktoru var. Yaxın Şərqdə baş verən proseslər birbaşa İsrailin maraqları daxilindədir. Çünki İsrail hədəfdə olan və kifayət qədər köklü siyasəti olan ölkədir. ABŞ-ın isə Şərqdə maraqları və hədəfləri var. Bu mənada görüşdə yaxın Şərqlə bağlı bütün məsələlər müzakirə olunacaq".

Qeyd edək ki, Ağ Ev ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Con Bolton, Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev və İsrail Milli Təhlükəsizlik Şurasının sədri Meir Ben Şabbat Qüdsdə görüşəcəkləri barədə məlumat yayıb. Görüşün iyun ayında baş tutacağı və əsas müzakirə mövzusunun regional təhlükəsizlik məsələlərinin olacağı bildirilib.