Rafael və Coşqunun CD-ləri, fotoları məhv edildi

Rafael və Coşqunun CD-ləri, fotoları məhv edildi

20 Fevral 2012 12:32
Bəyəndim (0) Bəyənmədim (0)

Beynəlxalq Diaspora Mərkəzinin (BDM), "Xocalı Soyqırımını Tanıtma" İctimai Birliyinin, Qarabağ Azadlıq Təşkilatının (QAT) və Xocalıdan olan şəhid ailələrinin iştirakı ilə fevralın 27-də Sankt-Peterburqdakı Azərbaycanlıların Milli Mədəni Muxtariyyəti tərəfindən təşkil etdiyi konsertlə bağlı etiraz tədbiri keçirilib.

BDM-in sədri İsmayıl Ağayev bildirib ki, Sankt-Peterburqda fəaliyyət göstərən Azərbaycanlıların Milli Mədəni Muxtariyyəti tərəfindən fevralın 27-də konsert proqramı təşkil edilir: "Proqramda bir qrup özünü bu xalqın sənətçisi hesab edənlər - Eyyub Yaqubov, Rəhim Rəhimli, Sevda Yəhiyayeva, Namiq Qaraçuxurlu, İbrahim Borçalı, Rafael və Coşqun iştirak edəcək. Bu işin təşkilatçısı olan qurumun rəhbəri Vaqif Məmişov şəxsi ambisiyalarından çəkinməyərək, millətimizin ən ağır faciəli günündə belə bayram konsert proqramı keçirməkdədir".
İ.Ağayev həmçinin qeyd edib ki, müğənnilər konsertdən imtina etməsələr, təmsil etdiyi qurum sərt aksiyalara başlayacaq: "Mədəniyyət və Turizm Nazirliyini isə bu müğənnilərin niyyətindən daşınması üçün lazımı tədbirlər görməyə çağırırıq".
"Xocalı Soyqırımını Tanıtma" İctimai Birliyinin sədri Şamil Sabiroğlu konserti təşkil edənləri və bu tədbirdə iştiraka razılıq verən azərbaycanlı müğənniləri nadan adlandırıb: "Xalqın pulu hesabına varlanan bu cür müğənnilər millətin hissiyyatı ilə oynamaqla yanaşı, təhqirdən çəkinmirlər. Yaxşı bilirik ki, bu müğənnilər kimlərin hesabına tanınıblar".
QAT sədri Akif Nağı milli platformada dayanan insanların sayının artmasını müsbət dəyərləndirib və Azərbaycan xalqının soyqırımı günündə bu tip tədbirlərin keçirilməsinin ənənə halına almaması üçün əməli tədbirlərə başlamağın əhəmiyyətini vurğulayıb. A.Nağı müğənnilərə xəbərdarlıq da edib: "Vladimir Putini dəstəkləyən konsert keçirilməsi nə qədər düzgündür ki, bu hadisənin törədilməsində Rusiyanın rolu danılmazdır? Əgər xəbərdarlıqlara baxmasalar, onların Azərbaycandakı konsertlərinə mane törədiləcək. Bu, milli məsələdir və güzəşt yoxdur".
Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov deyib ki, özünü azərbaycanlı hesab edən adamın bu cür addım atması milli qeyrətə sığmır: "Azərbaycanlıların qətlində rol oynayanlar üçün konsert proqramı təşkil etməyə ehtiyac varmı? Fikrimcə, bu məsələdə Rusiya xüsusi xidmət orqanlarının rolu ola bilər".
Toplantıda çıxış edən Xocalı sakinləri isə konsertdə iştirak üçün dəvət olunan müğənnilərə və təşkilatçılara xəbərdarlıq ediblər.
Tədbirdə konsertdə iştirak etmək istəyən müğənnilərin, aktyorlar Rafael və Coşqunun CD-ləri, fotoları məhv edilib.
Tədbirdə Beynəlxalq Diaspora Mərkəzi, Xocalı Soyqırımını Tanıtma İctimai Birliyi və Qarabağ Azadlıq Təşkilatı adından bəyanat da verilib.

O.M.