Azərbaycan və Ermənistan: 1918-ci il xəritəsi

Azərbaycan və Ermənistan: 1918-ci il xəritəsi

30 May 2019 12:20
Bəyəndim (1) Bəyənmədim (0)

Azərbaycanın tarixi torpağı İrəvanın ermənilərə güzəşt edilməsindən 101 il ötür. 1918-ci il mayın 29-da Azərbaycan Milli Şurası İrəvan şəhərinin siyasi mərkəz kimi ermənilərə verilməsi haqqında qərar qəbul edib.

Kult.az xəbər verir ki, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev həmin tarixi hadisəyə diqqət çəkərək, ermənilərin o vaxt da Qarabağa iddia etdiklərini bildirib.

O qeyd edib ki, AXC Nazirlər Şurasının sədri Fətəli xan Xoyski 1918-ci il iyulun 31-də İstanbulda olan nümayəndə heyətinin başçısı Məhəmməd Əmin Rəsulzadəyə belə bir məktub yazıb:

"Əgər ermənilər Qarabağın dağlıq hissəsinə iddialarından vaz keçməsələr, onda biz İrəvan şəhərini onlara güzəştə getməkdən imtina edəcəyik".

Tarixçilər bildirirlər ki, o dönəm AXC müstəqilliyini elan etsə də, vəziyyət çox gərgin idi. Bunu Fətəli xan Xoyskinin mayın 29-da Xarici İşlər naziri Məhəmməd Həsən Hacınskiyə yazdığı məktubdan da görmək olur:

"Biz ermənilərlə bütün mübahisələrə son qoyduq, onlar ultimatumu qəbul edəcək və müharibəni qurtaracaqlar. Biz İrəvanı onlara güzəştə getdik".

İrəvanın güzəştə gedilməsinə rəğmən, həmin dönəm Dərələyəz və Zəngəzur Azərbaycan ərazisinə daxil idi. Bunu Fransanın məşhur kartoqrafı Josef Forestin hazırladığı Azərbaycan Xalq Cümhuriyyəti xəritəsindən də görmək olur.

Xəritədə həmçinin Rusiya və Gürcüstanla mübahisəli olan ərazilər açıq rəngdə göstərilib.

Sözügedən xəritənin fotosunu təqdim edirik: