“Çinin İran neftindən imtinası neft bazarlarına psixoloji təzyiq göstərəcək” – Bahalaşacaq

“Çinin İran neftindən imtinası neft bazarlarına psixoloji təzyiq göstərəcək” – Bahalaşacaq

30 May 2019 12:16
Bəyəndim (0) Bəyənmədim (0)

Çin İrandan neft idxalını dayandırıb. Çox güman ki, Çinin belə addım atmasına səbəb Amerikanın sanksiyalarına tuş gəlməməkdir.

Maraqlıdır, bütün bunlar neftin qiymətinə nə kimi təsirlər göstərəcək?

Mövcud durumla bağlı "Sherg.az"a danışan iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, Çinin neft alışını nə vaxtdan dayandıracağı və bunun qarşılığında hansı güzəştlər qazanacağı hələ ki açıqlanmayıb:

"Çünki Amerika ilə Çin arasında gömrük rüsumları ilə bağlı ciddi danışıqlar gedir. İran məsələsində Amerikanın tələblərindən biri də o idi ki, Çin sanksiyalara qoşulsun.

Əgər Çin neft almaqla bağlı sanksiyalara qoşulacağını bəyan edibsə, bu, həmin ölkənin xoş niyyətini, yaxud da Amerika tərəfindən hansısa güzəştlərin gözləntisini ifadə edir.

Amerika tərəfindən hansısa addım atılmasa, yenidən neft alınması davam edə bilər. Yəni, Çinin bu açıqlamasını nəbz yoxlaması kimi dəyərləndirmək lazımdır. Çünki son dövrlər İran hasilatla bağlı sanksiyalardan doğan nəticələrə görə ciddi problemlər yaşayır. Potensial olaraq İranın gündəlik hasilatı 4 milyon barelə yaxındır. İndi isə 1.6 - 1.7 milyon barel hasil olunur".

İqtisadçı qeyd edib ki, İran neftinin əsas alıcıları Türkiyə və Çin idi:

"Hələ ki, Türkiyə neftin idxalından imtina etməyib. Çinin imtina etməsi isə təbii ki, neft bazarlarına psixoloji təzyiq göstərəcək. Hazırda bunu görürük, qiymətlərdə təqribən 1 faiz civarında artım var.

Amma neft qiymətlərinin artmasının davamlı və qalıcı olması üçün İran neftinin bazardan çəkilməsi lazımdır ki, bu zaman qiymətlər daha da yüksələcək. Burada başqa bir məsələ də var. Rusiya onsuz da uzun illərdir ki, Amerika sanksiyaları altına yaşayır.

Onların maraqlı bəyanatı oldu ki, heç kim almasa belə, İran neftini Rusiya alacaq və öz nefti ilə birlikdə dünya bazarına çıxaracaq. Ona görə də hələ ki, İran neftinin bazardan tamamilə çıxarılması gözləntisi özünü tam doğrultmur.

Lakin İran ətrafındakı gərginlik təbii ki, gələcəkdə neft qiymətlərini yüksəldə bilər. Bunun da Azərbaycana təsiri o yöndədir ki, ölkəmizin ixracatının böyük bir hissəsi neftdir. Bizim təqribən 90 faiz ixracat neft, neft məhsulları və təbii qazla bağlıdır. Neftin qiymətinin bahalaşması, əlbəttə, Azərbaycana əlavə valyuta gəlirlərinin gəlməsinə səbəb olacaq".

Yeganə Bayramova