Milli Məclisdə “Azərbaycan Avropa məkanında” adlı konfrans keçirilir

Milli Məclisdə “Azərbaycan Avropa məkanında” adlı konfrans keçirilir

29 May 2019 13:13
Bəyəndim (0) Bəyənmədim (0)

Mayın 29-da Milli Məclisdə "Azərbaycan Avropa məkanında" adlı konfrans işə başlayıb.

Mediainfo.az-ın Azərtac-a istinadən verdiyi xəbərə görə, konfransda çıxış edən Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov Azərbaycanın çox vacib geosiyasi məkan olduğunu deyib. Bildirib ki, Azərbaycanda müntəzəm olaraq beynəlxalq tədbirlər keçirilir və bu ölkə dünya xalqları arasında beynəlxalq dialoq mərkəzlərindən biridir. Bu tədbirlərdə çoxlu sayda Nobel mükafatları laureatları iştirak edir.

S.Markov qeyd edib ki, Azərbaycan xristian və müsəlman dünyasının, Asiya və Avropanın kəsişməsində yerləşir və buna görə də müxtəlif sivilizasiyalar arasında nadir rol oynayır. Biz hamımız dialoqun tərəfdarıyıq. Hər bir xalqın bir sıra problemləri var. Çox vacibdir ki, biz həmin problemləri başa düşək və onların həlli üçün yolları birgə axtaraq.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Fuad Axundov çıxış edərək diqqəti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə cəlb edib. O deyib ki, Azərbaycan torpaqlarının 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Dağlıq Qarabağ Azərbaycanın tarixi ərazisidir. Ermənilər Azərbaycan torpaqlarına iki əsr əvvəl çar Rusiyası tərəfindən yerləşdirilib. Ermənistan monoetnik ölkədir, orada yalnız ermənilər yaşayır. Hazırda da Ermənistanın əhalisi yalnız ermənilərdən ibarətdir. Qafqaz elə bir regiondur ki, burada müxtəlif xalqlar yaşayır. Ona görə də monoetnik dövlətin burada olması çox təəccüblüdür. Yaponiya da monoetnik ölkədir. Ancaq bu, təbiidir. Çünki bu ölkə hər tərəfdən su ilə əhatə olunub. Ermənistanın ətrafında isə Azərbaycan, Gürcüstan, Türkiyə var, onlar hamısı polietnik ölkələrdir. Burada müxtəlif dinlərə, dillərə mənsub xalqlar yaşayır. Ermənilər işğal etdikləri Dağlıq Qarabağda etnik təmizləmə aparıblar, oradan azərbaycanlılar çıxarılıb. Bu, nasist siyasətidir.

Fuad Axundov qeyd edib ki, Azərbaycan beynəlxalq təşkilatlarla əməkdaşlıq edir, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri dünyaya çatdırır.

Konfransda Avropa Parlamentinin, Almaniya, Slovakiya, Fransa, Polşa, Bolqarıstan parlamentlərinin və xarici qeyri-hökumət təşkilatlarının üzvləri iştirak edirlər.