Almaniya və Bolqarıstanda parlamentə seçkilərin nəticələri açıqlanıb

Almaniya və Bolqarıstanda parlamentə seçkilərin nəticələri açıqlanıb

27 May 2019 14:20
Bəyəndim (0) Bəyənmədim (0)

"Infratest Dimap" sosioloji xidməti dünən Almaniyada Avropa Parlamentinə keçirilən seçkilərin ilkin nəticələrini açıqlayıb.

XDİ/XSİ bloku (Almaniyada sağ mərkəzçi siyasi partiyalar bloku) səslərin 28,8 faizini toplayıb. İkinci yerdə 20,6 faizlə "İttifaq-90/Yaşıllar" Partiyasının namizədləri, üçüncü yerdə isə 15,5 faiz səslə Almaniya Sosial-Demokrat Partiyasıdır (ASDP). Sonrakı yerlərdə 10,8 faizlə "Almaniya üçün Alternativ" Partiyası, 5,4 faiz səslə Azad Demokratik Partiya (ADR) və eynilə 5,4 faizlə "Sol Partiya" qərarlaşıblar.

XDİ/XSİ və ASDP partiyalarından olan namizədlər ötənilki seçkilərlə müqayisədə itkiyə məruz qalıblar. O zaman bu partiyalar müvafiq olaraq, 35,3 və 27,2 faiz səs toplamışdılar. "İttifaq-90/Yaşıllar" Partiyasının namizədləri isə göstəricilərini yaxşılaşdırıblar.

Bolqarıstanda Avropa Parlamentinə keçirilən seçkilərin ilkin nəticələrinə görə, QERB (Bolqarıstanın Avropa İnkişafı üçün Vətəndaşlar) partiyası 30,77 faiz, BSP (Bolqarıstan Sosialist Partiyası) 25,01 faiz, DPS (Ədalət və Azadlıq Hərəkatı) 13,73 faiz, BMPO 8,06 faiz, Demokratik Bolqarıstan Partiyası 6,9 faiz səs əldə edib.

Bolqarıstan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, yekun nəticələr protokollar tam hesablandıqdan sonra mayın 29-da açıqlanacaq.

Rumıniyada Avropa Parlamentinə keçirilən seçkilərin nəticələrinə görə, iqtidardakı Sosial Demokrat Partiyası 23,38 və müxalif Milli Liberal Partiyası 26,79 faiz səs toplayıb. USR Plus koalisiyası 21,40 faiz, Pro Romania 6,61 faiz, PMP 5,65 faiz, UDMR 5,44 faiz, ALDE 4,24 faiz səs qazanıb.

Eyni zamanda, Rumıniyada ölkə Prezidentinin təşəbbüsü ilə keçirilən antikorrupsiya referendumu da uğurlu keçib. Referendumun nəticələri Prezident Klaus Yohannisə hökumətin istefaya getməsini tələb etməsinə zəmin yaradıb. Baş nazir Viorika Dançila AGERPRES agentliyinə bildirib ki, referendumun nəticələrinə baxmayaraq, Prezidentin tələbinə uyğun olaraq hökumət istefaya getməyəcək. Hökumətin istefası yalnız etimadsızlıq votumu nəticəsində baş verə bilər.

Mayın 26-da Avstriyada Avropa Parlamentinə seçkilər keçirilib.

Səsvermənin ilkin nəticələrinə görə Avstriya Xalq Partiyası (ÖVP) seçkilərdə qələbə qazanıb. Federal kansler Sebastian Kurtsun rəhbərlik etdiyi bu partiya seçkilərdə 34,9 faiz səs toplayıb və 2014-cü il seçkiləri ilə müqayisədə 7,9 faiz çox səs toplayıb. Bununla da ÖVP Avropa Parlamentindəki mandatlarının sayını beşdən yeddiyə qaldırıb.

İkinci yerdə isə Avstriya Sosial-Demokratlar Partiyası (SPÖ) qərarlaşıb. Bu partiyaya seçicilərin 23,4 faizi rəğbət göstərib və mandat sayını (beş mandat) olduğu kimi qoruyub saxlaya bilib.

Video qalmaqalına görə istefa verən vitse-kansler Haynts-Kristian Ştraxenin mənsub olduğu Avstriya Azadlıq Partiyası (FPÖ) 17,2 faiz səs toplayıb (ötən seçkidən 2,5 faiz az) və Avropa Parlamentinə dörd deyil, üç nümayəndə göndərə biləcək.

Yaşıllar Partiyası isə 14 faiz səslə mandatların birini itirərək Avropa Parlamentində iki nümayəndə ilə təmsil olunacaq.

NEOS (Yeni Avstriya və Liberal Forum) partiyası isə 8,7 faizlə mandatın sayını dəyişməz saxlaya bilib (bir nümayəndə). Seçkilərdə iştirak edən digər partiyalar isə tələb olunan həddi keçə bilməyib.

Qeyd edək ki, səsvermənin yekun nəticəsi yaxın günlərdə məktub vasitəsilə verilən səslər sayıldıqdan sonra elan olunacaq.

Seçkilərdə ölkənin səsvermə hüququna malik 6,4 milyon nəfər əhalisinin 50,6 faizi iştirak edib.

Ötən bazar günü keçirilən parlament seçkilərində "Vlaams Belang" partiyasından olan ultrasağçı qüvvələr Belçikanın flamandadilli əyalətlərində ikinci yerdə olublar. Bu, ölkə tarixində ilk dəfə baş verib.

Partiyanın lideri Tom Van Qriken bu qələbə münasibətilə söylədiyi nitqində tərəfdarlarına deyib: "bu, xalqın seçimi idi və xalqın rəyi hər şeydən üstündür".

Qriken öz tərəfdaşlarını rəqiblərinin məğlubiyyətinə gülməməyə çağırıb: "İltifatlı olun, axı ikinci yer də gözəl qələbədir".

"Bu, "Qara bazar günü" (1991-ci ilin ümumi seçkilərinə işarə edir – AZƏRTAC) deyil, yeni ümidlər verən bazar günüdür. Biz millətin taleyi üçün məsuliyyəti öz üzərimizə götürürük", - deyə Qriken bildirib.Azərtac