Azərbaycan ordusu genişmiqyaslı hərbi təlimlərə başlayır

Azərbaycan ordusu genişmiqyaslı hərbi təlimlərə başlayır

20 May 2019 10:53
178
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə mayın 20-dən Azərbaycan Ordusunun müxtəlif qoşun növlərinin, qisim, birlik və birləşmələrin cəlb edilməsi ilə genişmiqyaslı əməliyyat-taktiki təlimləri başlayır.

Mediainfo.az-a MN-dən verilən xəbərə görə, mayın 24-dək davam edəcək təlimin əsas mövzusu düşmənin gecə vaxtı hücumunun dəf olunması, müxtəlif istiqamətlərdə ona əks zərbələrin endirilməsi və qoşunlarımızın hücuma keçməsidir.

Təlimlərə 10 minədək şəxsi heyət, 150 tank və digər zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 35 təyyarə və helikopter cəlb olunacaq.

Çətin relyef, gecə vaxtı və mürəkkəb radioelektron şəraitdə müxtəlif poliqonlarda keçirilən döyüş atışlı təlimlərdə tank, aviasiya, raket və artilleriya hissələri, eləcə də digər döyüş elementləri arasında uzlaşmanın təşkili, düşmənin müdafiəsinin dərinliyində desant və xüsusi manevr qüvvələrinin tətbiqi, idarəetmə orqanlarının bacarıqlarının təkmilləşdirilməsi, o cümlədən şəxsi heyətin mənəvi-psixoloji təminatı məsələləri üzrə tapşırıqlar yerinə yetiriləcək.

Bütün fəaliyyətlər təlimlərdə iştirak edən qoşunların gecə və çətin iqlim şəraitində dəqiq qarşılıqlı əlaqəsinin təmin edilməsi ilə icra olunacaq.