Rusiya Suriyadan milyardlarla dollar gəlir götürmək niyyətindədir

Rusiya Suriyadan milyardlarla dollar gəlir götürmək niyyətindədir

18 May 2019 12:20
Bəyəndim (0) Bəyənmədim (0)

Suriyada hərbi üstünlüyün Rusiya tərəfindən müdafiə edilən Əsəd rejiminin tərəfinə keçməsindən sonra İŞİD və ya "İslam dövləti" adlandırılan terrorçu qruplaşmasından gələn təhlükənin böyük həcmdə aradan qaldırılması bu dəfə bölgədə iqtisadi maraqların təmini məsələsini gündəmə gətirib. Bu baxımdan Rusiya hazırda Suriyada milyardlarla dollar qazanmaq imkanı əldə edib. Əslində Rusiyanın 2015-ci ildə devrilmək təhlükəsi olan Bəşər Əsədin yardımına gəlməsində məhz iki amil mühüm rol oynadı. Belə ki, Moskva o vaxt belə bir addım atmaqla müharibə başa çatdıqdan sonra bölgənin təbii ehtiyatlarının məninmsənilməsindən və onun dağıdılmış ərazilərinin bərpasına ayrılacaq milyardlarla dollardan yararlanmaq, həmçinin Tartusda özünün hərbi bazasını daha da genişləndirmək niyyətləri güdürdü. Həmin dövrdə Qərb mətbuatında gedən yazılarda iddia edilirdi ki, Əsəd onu müdafiə edəcəyi təqdirdə bölgənin zəngin təbii ehtiyatlarını Rusiyaya verəcəyini vəd etmişdi. Ancaq o dövrdə Qərbin tanınmış siyasi liderlərinin əksəriyyəti belə hesab edirdi ki, Əsəd rejiminin hakimiyyətdən getməsini Rusiyanın hərbi texniki və canlı qüvvəsi belə xilas edə bilməyəcək. Lakin hadisələrin gedişi göstərdi ki, məsələyə bu cür diletantcasına yanaşma səhvdir və belə bir siyasi və hərbi sadəlövhlük Rusiyanın xeyrinə işləyib. Həqiqətən də Rusiyanın Suriyada hərbi cəhətdən fəallaşaraq Əsəd rejimini qoruyub saxlaması soyuq müharibə dövrü başa çatandan sonra Qərbın bölgədəki iqtisadi və siyasi maraqlarına vurulan ən böyük zərbələrdən biri olub. Amma Qərb Suriyada yalnız hərbi deyil, həm də iqtisadi və strateji maraqların müdafiəsi baxımından da Rusiyaya məğlub olub. Belə ki, faktiki olaraq Suriyada müharibənin başa çatmaqda olması Rusiyaya adıçəkilən ölkənin zəngin təbii ehtiyatları üzərində nəzarəti həyata keçirməyə, eyni zamanda ölkənin müharibə nəticəsində dağıdılaraq xarabalıqlara çevrilən şəhər və kəndlərinin bərpasına ayrılacaq sifarişlərdən milyardlarla dollar gəlir götürmək imkanı verib. Ona görə də bu gün Suriya müharibəsi üzrə ekspertlərin əksəriyyəti belə hesab edir ki, hazırda Moskva əsas diqqətini Suriyanın zəngin təbii ehtiyatlarının istismarından və ölkənin bərpasından əldə ediləcək milyardlarla dollar gəlir əldə etməyə yönəldib. Suriyaya qonşu olan Livandakı politoloqların araşdırmaları zamanı belə bir qənaətə gəlinib ki, hazırda Rusiya Suriyadakı öz maraqlarını məhz iqtisadı sahədə əldə edəcək gəlirlərə yönəldib. Müharibə tam şəkildə başa çatandan sonra Suriyanın bərpası üçün nəzərdə tutulan 350 milyard dolların böyük hissəsinə göz tikdiyini Rusiyanın özündə belə gizlətmirlər. Əgər Rusiya həqiqətən də Suriyanın bərpasına yönəldiləcək 350 milyard dolların 60-70 faizini ələ keçirə bilsə, onda Putin rejimi Qərbin iqtisadi sanksiyaları nəticəsində özünün iqtisadiyyatına dəyən zərərin böyük hissəsini kompensasiya etmiş olacaq. Bu baxımdan Suriyadakı münaqişə nəticəsində Rusiyanın kifayət qədər böyük həcmdə gəlir götürə biləcəyinə Qərbin özündə belə şübhə etmirlər. Məsələnin bu tərəfinə diqqəti cəlb edən Avropa İttifaqının yüksək səviyyəli rəsmilərindən biri "Forin polisi" nəşrinə verdiyi müsahibəsində: "Rusiyanın məqsədi Suriyanın bərpasına yönəldiləcək milyardlarla dollarlıq sifarişləri həyata keçirməkdır. Hazırda Suriyada hərbi və iqtisadi sahələri nəzarəti altına alan Rusiya öz kompaniyalarının bölgədə fəallaşması üçün məqsədyönlü tədbirlər həyata keçirməkdədir",-deyib.

Bununla belə Aİ rəsmisi Qərbin maraqlı dairələrinin artıq Rusiyanın bölgədəki vəziyyətdən özünün iqtisadi maraqları üçün istifadə etmək niyyətində olduğunu başa düşdüklərini söyləyib. Onun sözlərinə görə, Suriyada müharibə tam şəkildə başa çatmadan Qərb bölgənin bərpasına bir qara sent belə ayırmaq niyyətində deyil. Buna paralel olaraq Əsəd rejimi hakimiyyətdə qalacağı təqdirdə Qərb bölgənin bərpasında iştirak etmək niyyətində olmadığını nümayiş etdirir. Üstəlik Qərbin siyasi dairələri Suriyanın bəzi ərazilərinə nəzarəti əllərində saxlayırlar və bütün bunlar da yaxın zamanlarda bölgədə müharibənın başa çatacağına olan ümidləri boşa çıxarmaqdadır. Bunu Rusiyanı idarə edənlər də öz növbələrində yaxşı anlamaqdadırlar. Ona görə də Rusiya hazırda əsas diqqəti bölgəni tərk edərək qonşu ölkələrdə məskunlaşan suriyalıların öz doğma yurd-yuvalarına qayıtması üçün ayrılan maliyyə vəsaitinə nəzarəti ələ keçirməyə yönəldib. Prezident Vladimir Putin suriyalı qaçqınların doğma yurd-yuvalarına qayıtmasına yardım etməyə hazır olduğunu bildirib. Bunun əvəzində isə Kremli idarə edənlər Qərbin ali dairələrindən maliyyə yardımı tələb edirlər. Bununla bağlı maraqlı bir fakt da diqqəti cəlb edib. Belə ki, prezident Vladımir Putin ötən ilin iyun ayında Helsinkidə, avqust ayında isə Berlin ətrafında keçirilən danışıqlar zamanı bildirib ki, yaxın vaxtlarda 1,7 milyon suriyalı qaçqın və məcburi köçkünün doğma yurd-yuvasına qayıtması gözlənilir. Ona görə də Putin üzünü Qərbdən olan həmkarlarına tutaraq: "Əgər siz qaçqın və məcburi köçkünlərin Suriyaya qayıtmasını istəyirsinizsə, onda onlar üçün maliyyə yardımı ayırın. Əks halda qonşu ölkələrdə, o cümlədən Avropada yaşayan suriyalı qaçqın və məcburi köçkünlərin doğma yurd –yuvalarına qayıtmasına nail ola bilməyəcəksiniz",-deyib.

Bu müstəvidə də Putin Livanda məskunlaşan suriyalı qaçqın və məcburi köçkünün geri qayıtması məqsədi ilə adıçəkilən ölkə rəhbərliyi ilə birgə komissiya yaratmaq niyyətindədir. Rusiya analoji komissiyaları suriyalı qaçqın və məcburi köçkünlərin məskunlaşdığı bütün qonşu ölkələrlə, o cümlədən Türkiyə ilə də yaratmağı planlaşdırıb. Faktiki olaraq hazırda Rusiya bu yolla gəlir əldə etmək istəyir. Öz növbəsində Qərb indiki vəziyyətdə suriyalı qaçqın və məcburi köçkünlərin doğma yurd -yuvalarına qayıtmasına yardım etməyə və bu məqsədlə maliyyə vəsaiti ayırmağa tələsmir. Çünki bütün hallarda bu vəsaitin Rusiyanın əlinə keçməsi ehtimalının kifayət qədər yüksək olması heç kimə sirr deyil. Bütün bunlar isə Qərbin maraqları ilə üst-üstə düşmür. Rusiyanın isə gözləmə mövqeyi tutmaqdan başqa çarəsi yoxdur. Belə bir vəziyyətin nə qədər davam edəcəyini söyləmək çətin olsa da, Putin rejiminin göz tikdiyi milyardlarla dollar gəliri əldə edə biləcəyinin heç də asan olmayacağı öncədən bəllidir. Ona görə də Rusiya Suriya münaqişəsindən daha hansı yollarla gəlir əldə edəcəyi barədə alternativ yollar axtarmaqdadır. Bütün hallarda ortada heç kəsin üstündən sükutla keçə bilməyəcəyi bir həqiqət var. Rusiya hərbi sahədə Suriyanı özünün vassallarından birinə çevirib və Əsəd rejiminin taleyi məhz Moskvanın əlindədir. Əgər Putin rejimi günlərin birində Əsədi müdafiə etməkdən imtina etsə, onda onu heç bir qüvvə, hətta İran belə hakimiyyətdə saxlaya bilməyəcək. Bunu Əsəd də yaxşı anlayır və vəziyyətdən çıxmaq üçün alternativ yollar axtarır. Əsədin son bir ildə İranla daha sıx münasibətlər qurması da məhz bu amillə bağlıdır. Lakin nəinki Əsədin, həm də İranın Suriyada varlığını davam etdirməsi məhz Moskvadan asılıdır. Rusiya dəstək verməyəcəyi təqdirdə Qərb üçün İranı Suriyadan çıxartmaq heç də çətin olmayacaq.

Lakin bu da məsələnin bir tərəfidir. Rusiya Suriyadakı müharibədən milyardlarla dollar gəlir əldə etmək məqsədi ilə özünün neft-qaz kompaniyalarını bölgəyə göndərməkdədir. Bu gün Rusiyanın "Qazprom" və "Lukoyl" kimi nəhəng şirkətləri rəsmi şəkildə Suriyanın neft-qaz yataqlarını bərpa etmək üçün müxtəlif tədbirlər həyata keçirməyə cəhd edirlər. Rusiyalı ekspertlərin fikrincə Suriyanın neft-qazla zəngin yataqlarının bərpasına nail olunsa onda bu, ölkəyə milyardlarla dollar gəlir gətirəcək. Bu amil həmçinin strateji məqsədlərə də xidmət edir. Belə ki, Rusiya bu yolla gələcəkdə Yaxın Şərqdən Avropaya uzanan neft-qaz kəmərləri uzərində nəzarəti əlinə alaraq Qərbə qarşı təzyiq vasitəsini əldə saxlamaq imkanı əldə edəcək. Beləliklə hərbi sahədə Suriyada və qismən olsa da bölgədə hegemonluğunu bərpa etməyə nail olan Rusiya indi də bölgənin iqtisadi imkanlarından maksimum öz xeyrinə istifadə etmək niyyətindədir. Putin rejiminin buna nail ola bilib-bilməyəcəyini isə gələcək göstərəcək.

Səda