İranın nüvə sazişini tərk etməyə hazırlaşması beynəlxalq aləmdə təşvişlə qarşılanır

İranın nüvə sazişini tərk etməyə hazırlaşması beynəlxalq aləmdə təşvişlə qarşılanır

18 May 2019 12:09
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ prezidenti Donald Tramp tərəfindən İrana qarşı sanksiyaların daha da sərt xarakter alan addımlar atılması Tehranı vəziyyətdən çıxış yolu axtarmağa və cavab tədbirlərinə əl atmağa məcbur etməkdədir. Bunu prezident Donald Trampın İrandan neft alan ölkələrə münasibətdə sanksiyalara əl atmağa hazırlaşmasını sərt şəkildə bəyan etməsindən sonra İranın səbrinin tükənmək üzrə olması da sübut etməkdədir. Buna paralel olaraq ABŞ prezidenti Donald Tramp administrasiyasının Vaşinqtonun 2015-ci il nüvə sazişindən çıxdığını bildirməsindən sonra İran da analoji addımlar atmaq üçün hərəkətə keçib. Belə ki, ABŞ-ın 4 il əvvəl İranla imzalanan nüvə sazişindən çıxmasını rəsmi şəkildə bəyan etməsindən sonra Tehran bir çox ölkələrin narahatlığına səbəb olan addımlar atmağa hazırlaşır. Bir neçə gün əvvəl Tehran rəsmi şəkildə bəyan edib ki, İran nüvə sazişinin bir sıra əsas bəndlərinə əməl etməkdən əl çəkəcək. Bununla əlaqədar İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Moskvaya səfəri zamanı deyib ki, ölkəsi nüvə proqramının məhdudlaşdırılması haqqında 2015-ci ildə "altılıq" dövlətləri ilə apardığı danışıqlar nəticəsində imzaladığı sazişdən çıxmayacaq. Lakin bu sazişin bəzi müddəalarına əməl etməyəcək. Nazir qeyd edib ki, İran könüllü olaraq danışıqlara başlayıb və nüvə tədqiqatlarını dayandırıb. Bununla yanaşı, İran tədqiqatları davam etdirmək hüququnu özündə saxlayıb. Heç bir qüvvə İrana nüvə tədqiqatlarını davam etdirməsini qadağan edə bilməz. M.C.Zərif Avropa İttifaqının və dünya birliyinin ABŞ-ın təzyiqlərinə boyun əyməsindən və sazişi qoruyub saxlaya bilməməsindən təəssüf hissi keçirdiyini nəzərə çatdırıb. Məsələ ətrafında yaranan gərginliklə bağlı İranın Xarici İşlər Nazirliyi də açıqlama verib. Açıqlamada deyilir ki, rəsmi Tehran sazişin bir sıra müddəalarına bundan sonra əməl etməyəcək. Buna paralel olaraq Tehran nüvə sazişini imzalayan dövlətləri, Rusiya, Böyük Britaniya, Almaniya, Çin və Fransanın İrandakı səfirlərini nazirliyə dəvət edib. Səfirlərə bildirilib ki, ABŞ-ın nüvə sazişindən çıxmasına cavab olaraq İran da öz növbəsində adıçəkilən sazişin bir sıra müddəalarına bundan sonra əməl etməyəcək. İranın xarici işlər naziri Zərif bu məsələdə ABŞ-ı günahlandırıb.O deyib ki, bir il əvvəl ABŞ Hərtərəfli Birgə Fəaliyyət Planından çıxaraq BMT TŞ-nin qətnaməsini pozub və və bununla da sənədin icrasının həyata keçirilməsi yolunda ciddi maneəyə çevrilib.

İranın nüvə sazişinin bəzi müddəalarına əməl etməyəcəyini bəyan etməsi Avropada və İsraildə ciddi narahatlıqlara səbəb olub. Məsələ ilə bağlı dərhal açıqlama verən İsrailin baş Naziri Benyamin Netanyahu bildirib ki, İranın nüvə silahı əldə etməsinə heç vaxt imkan verilməyəcək. O lazım gələcəyi təqdirdə İranın nüvə obyektlərini məhv etmək üçün müvafiq tədbirlərə əl atılacağını da bəyan edib. İranın nüvə silahı sazişindən çıxacağını bəyan etməsi Rusiyada da birmənalı qarşılanmayıb. Məsələyə münasibət bildirən Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə deyib ki, nüvə sazişi ətrafında yaranmış vəziyyət qəbuledilməzdir. Bunun da səbəbi aydındır: Rusiya istənilən halda cənub qonşuluğunda nüvə silahına malik olan dövləti görmək və qəbul etmək istəmir. Belə ki, İranla Rusiya arasında Cənubi Qafqazda və Orta Asiyada təsir dairəsi uğrunda mübarizə gedir. Xüsusi ilə SSRİ dağılandan sonra İran postsovetməkanı ölkələrində siyasi, iqtisadi və hərbi baxımdan kifayət qədər fəallaşıb. Rusiya İranla təsir dairəsi uğrunda apardığı mübarizədə etnik baxımdan farslara yaxın olan Tacikistanda möhkəmlənərək orada özünün hərbi bazasını yaradıb. Çünki dini və etnik yaxınlıq İrana Tacikistanda asanlıqla möhkəmlənmək imkanı verirdi. Bundan istifadə edən İran adıçəkilən ölkəni özünün forpostuna çevirərək Orta Asiyanı öz nəzarəti altına ala bilərdi. Bu isə Rusiya üçün Orta Asiyada təsir dairəsi uğrunda gedən mübarizədə İrana uduzmaq anlamına gələ bilərdi. Ona görə də Rusiya Tacikistanda möhkəmlənərək İranın Orta Asiyada daha geniş şəkildə əl-qol açmasının qarşısını qismən də olsa ala bilib. Lakin İranla Rusiya arasında Orta Asiyada və Cənubi Qafqazda təsir dairəsi uğrunda mübarizə davam etməkdədir. Buraya İranın Yaxın Şərqdə də möhkəmlənmək istəməsini, dini, şiə həmrəyliyi amilindən istifadə edərək İraq və Suriyanı özünün nəzarəti altına keçirmək istədiyini və bu sahədə Rusiyanın ciddi rəqibinə çevrildiyini nəzərə alanda bütün hallarda Tehranın nüvə silahına malik olması Moskvaya sərf etmir. Bu baxımdan heç kəsə sirr deyil ki, İran nüvə silahı əldə edəcəyi təqdirdə nəinki İsrail və Qərb, həm də Rusiya üçün arzuedilməz qorxulu düşmənə çevriləcək.

Rusiyanın belə bir narahatlığı ötən həftə Moskvada İran xarici işlər naziri Məhəmməd Cavad Zəriflə Rusiya xarici naziri Sergey Lavrov arasında keçirilən görüşdə də ifadə olundu. Lavrov Zəriflə görüşdə bildirdi ki, İranın Hərtərəfli Birgə Fəaliyyət Planının bəzi müddəalarının icrasını dayandırması nəinki bölgədə, həm də beynəlxalq aləmdə narahatlıqla qarşılanmaqdadır. Lavrov adıçəkilən məsələdə ABŞ-ı günahlandıraraq qeyd edib ki, belə bir vəziyyət BMT TŞ-nin qəbul etdiyi qətnamədə də göstərilmiş məsuliyyətdən imtina edən ABŞ sayəsində yaranıb. O: "Rəsmi Moskva İranın əldə olunmuş razılaşmaya və BMT-nin qətnaməsinə sadiqliyini yüksək qiymətləndirir. Biz İran prezidenti Həsən Ruhaninin Hərtərəfli Birgə Faliyyət Planı ilə bağlı müraciətini almışıq və bunu hərtərəfli nəzərdən keçiririk",-deyib.

Bir sözlə Moskva bu məsələdə ABŞ-ı günahlandırmaqla hər vasitə ilə İranın nüvə silahı anlaşmasının bəzi müddəalarına əməl etmək istəməməsindən narahat olduğunu nümayiş etdirərək Tehranın hansı yollarlasa bu dağıdıcı silaha malik olmasını arzulamadığını bir daha təsdiq etmiş oldu. Məsələnin digər tərəfini də unutmaq olmaz. Belə ki, İranın nüvə silahına malik olmaq uğrunda atdığı istənilən addım Rusiyanın başda İsrail olmaqla Qərb dövlətlərinin müttəfiqinə çevrilməsinə səbəb olacaq. Necə deyərlər, İran nüvə silahına malik olacağı təqdirdə Rusiya Orta Asiyada və Yaxın Şərqdə daha ciddi rəqiblə üz-üzə qalacaq və bu da Moskva üçün arzu edilən deyil. İranın nüvə proqramının bəzi müddəalarını dayandırması ilə bağlı bəzi qaranlıq məqamlara da aydınlıq gətirilib. Belə ki, prezidenti Həsən Ruhani bildirib ki, İran nüvə proqramının iki önəmli tərkib hissəsini təşkil edən zənginləşdirilmiş uran və ağır suyun başqa ölkələrə göndərilməsini dayandıracaq. Beləliklə, İran Birgə Əhatəli Fəaliyyət Planı (BƏFP) sazişi çərçivəsində 2015-də verdiyi bir sıra vədlərdən geri çəkilir. İran eyni zamanda Birgə Əhatəli Fəaliyyət Planı (BƏFP) sazişinin bəzi müddəalarına əməl etməyəcəyi barədə Qərbə də xəbərdarlıq edib. Bununla əlaqədar prezident Ruhani mayın 8-də Birgə Əhatəli Fəaliyyət Planının başqa iştirakçısı olan ölkələrə – Almaniya, Fransa, Birləşmiş Krallıq, Rusiya və Çinə ultimatum verib . Ruhani hədələyici tərzdə bildirib ki, əgər 60 gün ərzində İran neftinin alınmasına qoyulan qadağalar ortadan qaldırılmasa, onda ölkəsi nüvə anlaşmasının bəzi şərtlərinə əməl etməyəcək. Ruhaninin hədəsinə Avropanın da cavabı özünü çox gözlətməyib. Fəaliyyət Proqramının iştirakçısı olan Avropa ölkələri rəsmi şəkildə Tehrana bildiriblər ki, məsələ ilə bağlı İranın istənilən ultimatumunu qəbul etmirlər. Bununla belə Avropa ölkələri İrana mesaj göndəriblər ki, Birgə Əhatəli Fəaliyyət Planının gerçəkləşdirilməsi sahəsində İranla yola davam etməyə hazırdırlar.

İranın Birgə Əhatəli Fəaliyyət Planı (BƏFP) proqramının bəzi müddəalarından çıxmasını bəyan etməsi Qərbdə də müxtəlif ehtimalların ortaya çıxmasına səbəb olub. Məsələyə münasibət bildirən "Eurasia Group"un analitiki Henri Roum qeyd edib ki, Ruhaninin nüvə proqramı üzrə öhdəliklərdən açıq imtina etmək qərarı İrana bir anda nüvə silahı əldə etməyə imkan verməyəcək. Lakin Henri Roum ABŞ və İran arasındakı münasibətlərin gərginləşməsinin bölgə ölkələrinə və Avropaya da yaxşı heç nə vəd etmədiyini xüsusi vurğulayıb.

Trampın İrana münasibətdə sanksiyaları sərtləşdirməkdə davam etməsi bəzi siyasi müşahidəçilər tərəfindən fitnəkarlıq kimi də qiymətləndirilməkdədir. Məsələn, Beynəlxalq sülh uğrunda Karnegi Fondundan siyasi analitiki Carret Blank deyib ki, prezident Trampın İrana qarşı tətbiq etdiyi sanksiyalar, habelə aviadaşıyıcı zərbə qrupunu bölgəyə göndərməsi Ağ Ev rəhbəri tərəfindən şüurlu fitnəkarlıq xarakteri daşıyır. Beləliklə İranın nüvə sazişinin bəzi müddəlarından imtina edəcəyini bəyan etməsi Qərbdə ciddi təşvişlə qarşılanmaqdadır və bu, beynəlxalq aləmdə yeni gərginliyə səbəb olub.

Emin Axund