“Toyota” ABŞ-ın milli təhlükəsizliyə təhdid barədə bəyanatını tənqid edib

“Toyota” ABŞ-ın milli təhlükəsizliyə təhdid barədə bəyanatını tənqid edib

18 May 2019 12:02
Bəyəndim (0) Bəyənmədim (0)

Yaponiyanın "Toyota Motor Corporation" konserni ABŞ-ın hazırkı vəziyyətdə avtomobil idxalının ölkənin milli təhlükəsizliyinə təhdid törətdiyi barədə bəyanatına cavab olaraq Birləşmiş Ştatların iqtisadiyyatına böyük töhfə verdiklərini xatırladıb.

"Demək olar ki, hər bir amerikalının "Toyota" ilə bağlı xatirəsi var və biz bu gün Amerika yollarında 36 milyondan çox "Toyota" və "Lexus" avtomobillərinin hərəkət etməsindən qürur duyuruq. Fəaliyyətimiz və əməkdaşlarımız Amerikanın həyat tərzinə və iqtisadiyyatına xeyli töhfə verib. Biz milli təhlükəsizliyə təhdid deyilik", - kompaniyanın bəyanatında belə deyilir.

Korporasiya ticarət məsələlərinin qarşıdakı danışıqların gedişində həll ediləcəyinə ümidvar olduğunu da vurğulayıb.

Yaponiya avtomobil sənayesinin lideri və "Toyota Group" korporasiyasının ən iri bölməsi "Toyota Motor Corporation" 1937-ci ildə qurulub. Onun mənzil qərargahı Ayti prefekturasının Toyota şəhərində yerləşir.

Xatırladaq ki, bir müddət əvvəl ABŞ Prezidenti Donald Tramp Avropa İttifaqında və Yaponiyada istehsal olunan avtomobillərin idxalına 25 faizlik rüsumun tətbiqini 180 gün təxirə saldığını elan edib. O, "avtomobil və bəzi ehtiyat hissələrinin idxalı ilə bağlı milli təhlükəsizliyə təhdidin aradan qaldırılması üçün" ticarət nümayəndəsi Robert Laythayzerə Avropa İttifaqı və Yaponiya ilə danışıqlar təşkil etməyi tapşırıb.