Salome Zurabişvili Bakı və Vaşinqton ilə münasibətləri niyə gərginləşdirir?

Salome Zurabişvili Bakı və Vaşinqton ilə münasibətləri niyə gərginləşdirir?

10 May 2019 09:47
Bəyəndim (0) Bəyənmədim (0)

Son bir neçə həftə ərzində Gürcüstan prezidenti Salome Zurabişvili beynəlxalq aləmdə özünəməxsus şəkildə "populyarlaşmaqda"dır. Buna da səbəb Zurabişvilinin bir-birinin ardınca verdiyi və beynəlxalq aləmdə ciddi reaksiyaya səbəb olan açıqlamalarıdır. Aprel ayının üçüncü öngünlüyünün əvvəllərində Azərbaycanla sərhədə gələrək burada keçirdiyi görüşlərdə gözlənilmədən iki ölkə sərhədlərinin delimitasiyasının təcili şəkildə həllinin vacibliyi ilə bağlı müəyyən qədər ultimatum xarakteri daşıyan açıqlama verən Zurabişvili bununla da Bakı ilə Tbilisi arasında münasibətlərin gərginləşdirilməsi istiqamətində addımlar atmış oldu. Onun belə bir açıqlaması Ermənistan tərəfindən qızışdırılan Gürcüstanın bəzi siyasi dairələrində Azərbaycana qarşı sərt radikal çıxışların, antiazərbaycan eyforiyasının artmasına gətirib çıxardı. Sərhədlərin delimitasiyası məsələsində Zurabişvilinin verdiyi açıqlamaya daha təmkinli münasibət bəsləyən Azərbaycan məsələ ilə bağlı danışqlara başlamağa hazır olduğunu bir daha bəyan etdi. Lakin öncədən o da aydındır ki, istənilən halda Keşikçi –David Qareci məbədi ilə bağlı Gürcüstan tərəfindən gündəmə gətirilən sərhədlərin delimitasiyası məsələsinə münasibətdə Azərbaycan özünün ərazi bütövlüyü çərçivəsindən çıxış edəcək. Buna baxmayaraq Zurabişvilinin məlum açıqlaması Ermənistan və Rusiayanın maraqlarına xidmət edərək iki ölkə arasında qarşılıqlı etimadın üzərinə müəyyən qədər kölgə salmaqdadır. Amma Zurabişvili bununla yalnız Azərbyacan-Gürcüstan münasibətlərində deyil, Gürcüstan- Avropa İttifaqı əlaqələrində də müəyyən şübhələrin əmələ gülməsinə yol açmış olub. İş orasındadır ki, Zurabişvilinin məlum açıqlaması Türkmənistan qazının Avropaya nəqli məsələsi ətrafında danışıqların intensivləşdiyi bir vaxta təsadüf edib. Ona görə də beynəlxalq aləmdə tanınmış siyasi şərhçilərin əksəriyyətinin fikrincə, Zurabişvilinin belə bir məqamda Tbilisi-Bakı münasibətlərini gərginləşdirməsini təsadüfi heab etmək olmaz. Çünki siyasətdən az-şox başı çıxan istənilən adama aydındır ki, Zurabişvili tərəfindən verilən və Bakı-Tbilisi münasibətlərinin gərginləşdirilməsinə xidmət edən açıqlama Türkmənistan qazının Azərbaycan, Gürcüsatn və Türkiyə ərazisi ilə Avropa bazarına nəqlini arxa plana ata bilər. Bu isə faktiki olaraq türkmən qazının Avropa bazarına nəqlini arzulamayan Rusiyanın maraqlarının təmin edilməsinə xidmət edir. Yer gəlmişkən onu da deyək ki, Zurabişvili bir neçə ay öncə Ermənistana dəmiryolunun bərpa edilməsinin mümkünlüyü barədə açıqlama verərək Azərbaycanda haqlı narazılıqlara səbəb olmuşdu. O vaxt belə bir ehtimal irəli sürülmüşdü ki, Fransa vətəndaşı olan və prezident seçilmək naminə bu vətəndaşlıqdan imtina edən Zurabişvilinin ermənilərin maraqlarını müdafiə etməsi bəzi xarici güclərdən aldığı xüsusi göstərişlə əlaqəlidir. Yənin onun Gürcüstana göndərilməsi və prezident kürsüsündə oturdulması ssenarisi xaricdə işlənib hazırlanıb və bundan məqsəd Ermənistanın dəmiryolu blokadasından çıxarılması, həmçinin Bakı və Ankara ilə Tbilisi arasındakı strateji əməkdaşlığın genişləndirilməsinə imkan verməmək, onlar arasındakı münasibətlər gərginləşdirməkdir. Bu ehtimalların həqiqət olub –olmadığını söyləmək çətin olsa da istənilən halda Zurabişvilinin ermənilərn maraqlarının müdafiəçisi rolunda çıxış etdiyi onun prezidentlik uğrunda mübarizə apardığı ilk günlərdən üzə çıxdı. Zurabişvili prezidentliyə namizəd kimi separatrçı Cavaxaetiyada erməni seçicilərlə görüşlərind azərbaycanlılar əleyhinə bəzi ifadələr işlətdi. Bütün bunlar da prezident seçiləcəyi təqdirdə Zurabişvilinin Azərbaycana münasibətdə Gürcüstanın deyil, ermənilərin müilli maraqlarının müdafiəçisi rolunda çıxış edəcəyini göstərirdi. Ona görə də Zurabişvilinin sərhədlərin delimitasiyası barədə ultimatum xarakterli açıqlamasını və Ermənistanın dəmiryolu blokadasından çıxarılmasına xidmət edən təşəbbüslərini də məhz ermənilərin maraqlarının müdafiəsi yönündə atılan daha bir addım hesab etmək olar. Bütün bunlar da qeyd etdiyimiz kimi Zurabişvilinin Gürcüstana göndərilməsinin arxasında müəyyən ssenarilərin reallaşdırılması cəhdlərinin, o cümlədən Azərbaycan-Gürcüstan münasibətlərinin gərginləşdirilməsi, həmçinin yaxın gələcəkdə bu gərginliyin Tbilisi-Ankara münasibətləri müstəvisinə də keçirilməsi niyyətlərinin ola biləcəyini göstərir . Xatırladaq ki, Zurabişvilinın son açıqlamaları heç də təsadüfi deyi və bu amil, onun bölgəni yaxından tanımaması kimi izah edilə bilməz. Bunu onun uzun müddət Fransa xarici işlər nazirliyində işləməsi və özünü bacarıqlı diplomat kimi tanıda bilməsi də sübut etməkdədir. Məsələ ilə bağlı Zurabişvilinin tərcümeyi-halına nəzər salanda da bunu aydın görmək mümkündür. Belə ki, Fransada gürcü siyası mühacir ailəsində doğulan Salome 30 il Fransa XİN-də diplomat kimi fəaliyyət göstərib.

Zurabişvili 1972-ci ildə Paris Siyasi Elmlər İnstitutunu, 1973-cü ildə isə ABŞ-da Kolumbiya Universitetini bitirib. 1974-cü ildən Fransa Xarici İşlər Nazirliyinin sistemində işə başlayıb.

1974-1977-ci illərdə İtaliyadakı Fransa səfirliyində üçüncü katib, 1977-1980-ci illərdə Fransanın BMT-dəki daimi nümayəndəsinin ikinci katib, 1980-1984-də xarici işlər idarəsinin mərkəzi ofisinin təhlil və proqnozlaşdırma mərkəzində, 1984-1988-ci illərdə ABŞ-da Fransa səfirliyində birinci katib, 1989-1992-ci illərdə Çaddakı səfirlikdə ikinci katibi, 1992-ci ildə Nazirlər Kabinetində texniki məsləhətçi, 1997-ci ildən isə Fransa Xarici İşlər Nazirliyinin Strateji, Təhlükəsizlik və Silahsızlanma Departamentində işləyib.

O, 2001-2003-cü illərdə Fransa Müdafiə Nazirliyinin beynəlxalq əlaqələr və strategiya üzrə baş katibliyinin sədri olub

Zurabişvili Gürcüstana ilk dəfə 2003-cü ildə Fransanın Gürcüstandakı səfiri kimi gəlib. Lakin 2004-cü ilin martında Zurabişvili artıq prezident Mixail Saakaşvilinin sərəncamı ilə inqilabçı hökumətdə ölkənin xarici işlər naziri təyin edilib.

Elə həmin vaxt gürcü vətəndaşlığı alan Zurabişvili bununla yanaşı fransız vətəndaşlığını da qoruyub saxlayıb. Xarici işlər naziri vəzifəsində Zurabişvili bir ildən artıq fəaliyyət göstərib. 2005-ci ildə nazirlikdən kənarlaşdırılan xanım, Saakaşviliyə müxalifət mövqeyinə keçib.

2010-cu ilə qədər "Gürcüstanın yolu" müxalifət partiyasına rəhbərlik edən Zurabişvili daha sonra BMT-nin İrandakı vəziyyət üzrə monitorinqinin ekspert qrupuna daxil olub. Bir sözlə Zurabişvili zəngin diplomatik təcrübəyə malikdir və onu siyasətdə təsadüfi adam hesab etmək sadəlövhlük olardi.

Zurabişvilinin beynəlxalq aləmdə ciddi reaksiaya səbəb olan digər açıqlaması isə onun ABŞ-a münasibətdə Rusiyanın maraqlarını müdafiə etməsi ilə bağılıdır. Gürcüstan prezidenti "Amerikanın səsi" radiostansiyasının gürcü xidmətinə verdiyi müsahibəsində deyib ki, Amerika hərbi bazalarının ölkə ərazisində yerləşdirilməsinin məqsədəuyğunluğuna şübhə edir. Onun belə bir açıqlaması Vaşinqtonda narazılıqla qarşılanıb. Çünki bütün bunlar Gürcüstanın NATO-ya üzvlüyü istiqamətində atılan addımları şübhə altına alıb. ABŞ dövlət Departamenti də öz növbəsində Zurabişvilinin bu ilin payızında Vaşinqtona nəzərdə tutulan səfərini məqsədəuyğun hesab etməyib. Beləliklə Zurabişvilinin son açıqlaması onun Vaşinqtona gözlənilən səfərinin ləğvinə səbəb olub

Gürcüstanın bəzi ekspertləri Zurabişvilinin məsələyə belə yanaşmasını "Antiamerika əhvalının güclü olduğu Fransa diplomatik məktəbində tərbiyənin nəticəsi" kimi izah edirlər. Gürcü politoloqu Vaxtanq Dzabiradze qeyd edir ki, Zurabişvilinin ABŞ hərbi bazasının yerləşdirilməsi haqda məsələyə niyə toxunduğunu kimsə bilmir, O bu məsələni gündəmə gətirməklə Rusyanın maraqlarınü müdafiə edib.

Hadisələrin belə bir istiqamətdə inkişaf etməsi Gürcüstan daxilində də narazılıqla qarşılanıb və Zurabişvilinin impiçmenti məsələsi gündəmə gətirilib.

Ötən həftənin sonlarında Tiflisdə Gürcüstan Prezidenti Salome Zurabişviliyə impiçment tələbi ilə aksiya keçirilib. "Rusiya işğalçıdır" Hərəkatının təşkil etdiyi "Prezidentə qırmızı kart" şüarlı aksiya dövlət başçısının iqamətgahı qarşısında baş tutub. İştirakçılar əllərində qırmızı kart, "Bizə NATO lazımdır!", "Get Salome, get" şüarları tutaraq fit çalıblar və prezidentin impiçment prosesinin başlanmasını tələb ediblər.Onlar bildiriblər ki, S.Zurabişvilinin Gürcüstanda ABŞ hərbi bazasının yerləşdirilməsinin məqsədəuyğun olmaması ilə bağlı səsləndirdiyi fikir Rusiyanın maraqlarına tam cavab verir.

Beləliklə Salome Zurabişvilinin son dövrlərdə verdiyi açıqlamalar növbəti dəfə onun xaricdəki bəzi güclərin xüsusi ssenarisi əsasında Gürcüstana göndərildiyi barədə çoxsaylı şübhələrin və ehtimalların ortaya çıxmasına səbəb olub. Belə ehtimalların nə qədər həqiqətə uyğun olub-olmayacağını isəgələcək göstərəcək.

Emin Axund

Mediainfo.az