Belarusda həbslər: Rusiyanın çevriliş cəhdlərinin qarşısı alındımı?

Belarusda həbslər: Rusiyanın çevriliş cəhdlərinin qarşısı alındımı?

10 May 2019 09:36
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya prezidenti 8 ay əvvəl Belarusa təyin etdiyi səfir Mixail Babiçi niyə təcili şəkildə geri çağırdı, Vtyurin Rusiyanın casusudurmu və o dövlət çevrilişi cəhdinə baş vurubmu?

Son dövrlərdə Rusiya-Belarus münasibətlərində özünü göstərməkdə olan iqtisadi və siyası gərginlik səngimək bilmir. Buna da səbəb Rusiyanın Belarusa münasibətdə daha sərt siyasət yeritməsidir . Belə ki, Ukraynaya münasibətdə istədiyini əldə edərək, Krımı referendum adı altında özünə birləşdirən, Donbas və Luqanskı isə de-fakto öz ərazisinə çevirən Rusiyanın növbəti hədəfinin Belarus olduğu artıq bütün çılpaqlığı ilə üzə çıxmadadır. Rusiya-Belarus münasibətlərinin gərginləşdirilməsi və bu zaman Lukaşenko rejimini diz çökdürmək məqsədi ilə neft və qaz şantajından istifadə edən Moskva üçün artıq slavyan həmrəyliyi, dostluq və qardaşlıq çağırışları boş və əhəmiyyətsiz bir şeyə çevrilib. Bunu Rusiyanın Ukraynaya münasibətdə qardaş qanı tökməkdən belə çəkinmədiyi və slavyan qırğınına əl atdığı da bir daha təsdiq etdi. Necə deyərlər, Rusiyanın imperiya ambisiyalarının həyata keçirilməsi üçün qardaş qanının axıdılması tələb edilir. Ukraynaya münasibətdə Rusiya tərəfindən həyata keçirilən və keçirilməkdə olan qanlı qarşıdurmalar da bunu bir daha sübut etməkdədir. Lakin Rusiyanın imperiya ambisiyalarının növbəti hədəfi olan Belarusa münasibətdə ərazi iddiası adı altında açıq şəkildə hansısa qırğınlara getmək üçün əldə bəhanə yoxdur. Ona görə də Moskvanın Belarusu "könüllü" şəkildə Rusiyaya birləşdirməyin yeganə yolu Aleksandr Lukaşenkonun devrilməsi və ya onun fiziki cəhətdən aradan qaldırılması ola bilər. Çünki dünənə kimi Belarusun ittifaq respublikası adı altında Rusiyaya birləşdirilməsinin qızğın tərəfdarı olan və bununla bağlı iki ölkə arasında müvafiq sənəd də imzalayan Lukaşenkodan Rusiya artıq istədiyini ala bilmir. Belə bir vəziyyətdə təbii ki, Rusiyanın ölkə daxilində əhalini Lukaşenkodan narazı salmaq üçün neft və qaz şantajına əl atması təsadüfi deyil. Lakin hələlik Lukaşenko Rusiyanın iqtisadi təzyiqlərinə tab gətirməkdə davam edir. Belarusun iqtisadi təzyiqlərə və şantajlara sinə gərmsi isə Moskvanın səbrini tükəndirməkdə və vəziyyətdən çıxış yolu axtarmağa məcbur etməkdədir. Bunu Belarus prezidenti Aleksandr Lukaşenkonun mühafizə xidmətinin rəhbəri, Dövlət Təhlükəsizlik Şurası katibinin köməkçisi Andrey Vtyurinin həbs edilməsi də bir daha təsdiq edir. Btyurinin həbsinin səbəbləri barədə Belarus xüsusi xidmət orqanları geniş açıqlama verməyiblər və bu məsələdə digər amil ortaya atılıb. Lakin mətbuata sızan məlumatlara görə, Vtyurin Lukaşenkonun hakimiyyətdən salınmasına xidmət edən dövlət çevrlişi həyata keçirmə cəhdində günahlandırılır. Vtyurindən əlavə onunla sıx əlaqədə olan digər şəxslərin də həbs edilməsi və həbslərin davam etməkdə olması məsələnin olduqca ciddiliyini göstərir. Əslində Belarusda Rusiya tərəfindən hansısa ssenarilərin həyata keçiriləcəyi barədə ehtimallar hələ ötən ilin avqust ayının 24-də Putin tərəfindən təcrübəli diplomat və qeyri-rəsmi şəkildə "diversant" ləqəbi ilə tanınan Mixail Babiçin Minskə səfir təyin edilməsi zamanı gündəmə gəlmişdi. O vaxt Babiçə müraciətində Vladimir Putin : "Siz Belarusda yalnız diplomatik fəaliyyətlə deyil, həm də xüsusi nümayəndəm kimi iqtisadi maraqlarımızın müdafiəsi ilə də məşğul olacaqsınız. Sizin bu sahədəki təcrübənizə istinadən əminəm ki, ümidlərimizi doğruldacaqsınız və bu sahə etibarlı əllərinizdə olacaq",-demişdi.

Babiçin Belarusa səfir təyin edilməsi və Rusiya üçün məsul olan bir vəzifənin onun simasında etibarlı əllərdə olacağının rəsmi şəkildə vurğulanması da o vaxt Moskvanın bölgədə hansısa ssenarini həyata keçirməyə hazırlaşması barədə yeni ehtimalların meydana çıxmasına səbəb olmuşdu. Babiçin Belarusa rəsmi şəkildə səfir təyin edilməsinə təbii ki, Belarusda münasibət birmənalı deyildi. Belə ki, Belarus Babiçin səfir təyin edilməsi ilə bağlı Moskvanın müraciətinə bir müddət cavab vermədi və bu barədə susmağı məqsədəuyğun hesab etdi. Sonra məlum oldu ki, Babiçin Belarusa səfir təyin edilməsinə razılıq Dövlət Dumasının MDB məsələləri üzrə, həmçinin Federasiya Şurasının beynəlxalq əlaqələr üzrə Komitəsi tərəfindən verilib. O vaxt Belarusun bu təyinatdan narazı olması ilə bağlı məsələyə toxunan tanınmış politoloq Valeri Karbaleviç:" Babiçin səfir təyin edilməsi Minski qane etmirdi. Moskva Babiçi Belarusa səfir təyin etməklə Lukaşenkonu daha ciddi şəkildə təzyiq altında saxlamaq taktikası seçmişdi.Bunu Belarusda da yaxşı anlayırdılar. Amma Belarus bunu bilə-bilə diplomatik qalmaqala səbəb olacaq addımlar atmadı",-demişdi.

Yeri gəlmişkən qeyd edək ki, 2016-cı ildə Rusiya Babiçi Ukraynaya səfir təyin etmək istəyirdi. Lakin Ukrayna Babiçin səfir təyin edilməsinə razılıq vermədi və bunu onun Krıma Rusiya qoşunlarının yeridilməsinin əsas təşəbbüskarlarından biri olması ilə izah etdi. Həmin dövrdə Ukraynın tanınmış politoloqları Babiç haqqında: " O, SSRİ KQB-si və Rusiya Federal Təhlükəsizlik Xidməti ilə sıx əlaqələrdə olan şəxs, peşəkar diversantdır",-demişdilər.

Babiç 1985-1996-cı illərdə hərbi hava qüvvələrində və Dövlət Təhlükəsizliyi Komitəsində yüksək vəzifələrdə işləmişdi. 1995-1998-ci illərdə o, hava hücumundan müdafiə qüvvələri üçün silah istehsal edən "Antey" konserninə rəhbərlik etmiş, 2002-2003-cü illərdə Çeçenistan hökumətinin sədri işləmişdi. Belarusa səfir təyin edilməzdən öncə Babiç Putinin Prevoljsk federal dairəsi üzrə səlahiyyətli nümayəndəsi vəzifəsini həyata keçirirdi. Babiçin Belarusa səfir təyin edilməsindən sonra həqiqətən də Rusiyanın Belarusa iqtisadi təzyiqləri gücləndi. Bütün bunlar isə Moskva-Minsk münasibətlərin daha da gərginləşməsinə yol açdı. İki ölkə arasındakı gərginlik o yerə gəlib çatdı ki ,Çində keçirilən "Bir kəmər, bir yol" beynəlxalq forumunda Putin Lukaşenko ilə görüşməkdən imtina etdi. Nəticədə Lukaşenko Çini vaxtından əvvəl tərk edərək geri qayıtmağa məcbur oldu. Konkret olaraq Btyurinin həbsinə gəlincə, uzun illər Lukaşenkonun təhlükəsizliyinin təmin edilməsinə cavabdeh olan bu şəxs Rusiya Xüsusi Xidmət orqanları ilə sıx əlaqədə olub. Peşəkar hərbçi olan Vtyurin 20 il ərzində Belarus Təhlükəsizlik orqanlarında işləyib. 2007-2014-cü illərdə o, Lukaşenkonun təhlükəısizlik xidmətinin rəhbəri, sonrakı dövrdə isə Təhlükəsizlik Şurası katibinin köməkçisi vəzifələrində işləyib. Vtyurinin məhz Babiçin hazırladığı ssenari əsasında Belarusda dövlət çevrilişi cəhdinə baş vurmaq istədiyi ehtimal edilir. Vtyurinlə eyni zamanda "Beltelekom"dövlət telekommunikasiya kompaniyasının Baş direktoru Sergey Svidedov və onun 3 ən yaxın əməkdaşı da həbs edilib. Rəsmi şəkildə hələlik Vtyurin də daxil olmaqla həbs edilənələr Rusiya kompaniyalarının birindən 170 min dollar rüşvət almaqda günahlandırılır. Lakin rüşvət məsələsinin hələlik aysberqin görünən tərəfi olduğu hesab edilir. Məsələ ilə bağlı Rosbalt.ru-nun etibalı mənbəyə istinadən yazdığına görə, Btyurinin rüşvət üstündə həbs edilməsi iddiası külünc təsir bağışlayır: "Vtyurinin həbsinə səbəb onun Rusiya xüsusi xidmət orqanları ilə sıx əlaqələrdə olmasıdır".

Digər bir etibarlı mənbənin Rosbalt.ru-ya verdiyi məlumata görə isə Vtyurini Rusiya xüsusi xidmət orqanlarına çoxsaylı informasiya ötürməyə görə həbs ediblər: "Vtyurin adi casus deyil, o uzun illər Rusiya xüsusi xidmət orqanları ilə dostluq edib. Rusiya ilə Belarus arasında gərginlik yarandığına görə onun əməllərinə göz yummayaraq həbs ediblər".

Vtyurinin Rusiya xüsusi xidmət orqanları ilə sıx əlaqədə olmasını və ölkə daxilində hansısa çevrilişə cəhdinə baş vurması ehtimalıni Kremlin təcili şəkildə Babiçi səfir vəzifəsindən geri çağırması da təsdiq etməkdədir. Halbuki Putin Babiçə etibar edir və onun qarşıya qoyulan "vəzifəni" həyata keçirəcəyinə ümid edirdi. Lakin Vtyurinin həbsi Babiçin Belarus missiyasının uğursuzluğa dükar olduğunu sübut edir və onun çevriliş cəhdində birbaşa və dolayısı yolla iştirak etdiyi ehtimalını daha da gücləndirir. Amma bu məsələni bitmiş hesab etmək olmaz. Ola bilsin ki, yaxın günlərdə Vtyurin və Babiçin uğursuz Belarus missiyası barədə daha şokedici faktlar ortaya çıxsın...

Əziz Mustafa

Mediainfo.az