“Bizim üçün ən müsbət nəticə, informasiya vasitələri arasında yaratdığımız əməkdaşlıq mühitidir”

“Bizim üçün ən müsbət nəticə, informasiya vasitələri arasında yaratdığımız əməkdaşlıq mühitidir”

7 May 2019 17:43
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) İnformasiya və media üzrə məsul nazirlərin və yüksək vəzifəli rəsmilərin ikinci toplantısı keçirilir.

Mediainfo.az-ın azadinform-a istinadən verdiyi məlumata görə, toplantını Türk Şurasının baş katibi Bağdad Amreyev açıb.

Baş katib qeyd edib ki, bu gün informasiya və media bizim ən prioritet məsələlərimizdən biridir və ikitərəfli münasibətlərimizin əsasını təşkil edir: "Bu gün bizim vəzifəmiz çox yüksək səviyyəli ikitərəfli münasibətləri çoxtərəfli formata köçürməkdən ibarətdir. Mən əminəm ki, biz birlikdə bir çox nailiyyətlər əldə edəcəyik. Çünki bizim eyni tarixi və mədəni köklərimiz var və düşünürəm ki, bu da çox önəmlidir. Hamımıza məlumdur ki, Türk Şurasının 11 sentyabr 2015-ci ildə Astana şəhərində keçirilən 5-ci sammitində Türkdilli dövlətlərin vahid informasiya məkanı ilə bağlı təkliflər səsləndirilmişdi. Qazaxıstan Respublikasının ilk prezidenti Nursultan Nazarbayev tərəfindən də türkdilli dövlətlərin vahid xəbər kanalının yaradılması təklif olunmuşdu. İndiyə qədər bu məsələlərlə bağlı xeyli müzakirələr aparılıb. Dünənki toplantıda da media və informasiya sahəsində birgə əməkdaşlığın perspektivləri, birgə yayım məsələləri, milli televiziyalarımızın ekspertləri arasında əməkdaşlıq və s. kimi məsələlər müzakirə edildi".

Sonra B.Amreyev sözü Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, şöbə müdiri Əli Həsənova verdi.

Qonaqları Azərbaycanda, Bakı şəhərində salamlamaqdan məmnun olduğunu diqqətə çatdıran Ə.Həsənov qeyd edib ki, Türk Dövlətlər Birliyi ideyası hələ bizim milli liderlərimizin təxminən 90-cı illərdə yaratdığı mühüm əməkdaşlıq platformalarından biridir: "Bildiyimiz kimi, Türk Şurası 2012-ci ildə Naxçıvan şəhərində türkdilli dövlət başçılarının zirvə görüşündə yaradılıb. O gündən indiyə qədər Türk Şurası müxtəlif sahələr üzrə üzv dövlətlərin maraqlarını ifadə edərək, qarşılıqlı əlaqələrin müxtəlif aspektləri üzrə fəaliyyət göstərir. Türk dövlətləri birliyinin digər bir qurumu – Türk PA bizim xalqlarımız, parlamentarilərimiz arasında əməkdaşlığın müxtəlif sahələri üzrə proqramları müəyyən edir, praktik fəaliyyətinin koordinasiyasını həyata keçirir".

Ə.Həsənov Astanada keçirilən sammitdən sonra təklif olunmuş vahid televiziya kanalının yaradılması məsələsinin hələ də reallaşmadığını təəssüflə qeyd edib: "Lakin bu gün ortada yeni təklif var: mövcud televiziyalardan birinin Türk Şurasının vahid televiziya kanalına çevrilməsi. Bu da aktual məsələdir. Bizim üçün ən müsbət nəticə, təmsil etdiyimiz mətbuat, informasiya vasitələri arasında yaratdığımız əməkdaşlıq mühitidir".

Daha sonra Ə.Həsənov Türk Şurası ölkələri arasında televiziya kanallarının yerli kabel şəbəkələrində qarşılıqlı əməkdaşlığını təklif edib.