Keşikçi dağı ətrafında əsəblər tarıma çəkilir

Keşikçi dağı ətrafında əsəblər tarıma çəkilir

5 May 2019 14:57
Bəyəndim (0) Bəyənmədim (0)

Son günlər Azərbaycanla Gürcüstan ərazisində sərhədləru delimitasiyası məsələsi yenidən gündəmə gətirilib. Belə ki, aprel ayının 21-də Gürcüstan prezidenti Salome Zurabişvili Azərbaycanla həmsərhəd zonaya səfər edərək orada gürcü sərhədçiləri ilə görüşüb və sərhədyanı zonadakı vəziyyətlə tanış olub. Əlbəttə ilk baxışdan xanım Salome Zurabişvilinin Azərbaycanla sərhəd Gürcüstan rayonlarına getməsi və buradakı vəziyyətlə tanış olmasında təəccüblü heç nə yoxdur. Lakin Zurabişvilinin bölgədəki vəziyyətlə tanış olmasından dərhal sonra iki ölkə arasında sərhədlərin demarkasiyası prosesinin sürətləndirilməsinin vacibliyini bildirməsi və bunun təcili şəkildə həllini vurğulaması qonşu ölkə mətbuatında Azərbaycana qarşı iftiraların artmasına gətirib çıxarıb. Eyni zamanda bəzi gürcü siyasətçiləri Azərbaycanda Keşikçi dağı adı ilə tanınan David Qareçi məbədi ətrafında hay-küy qaldıraraq ölkəmizə qarşı ərazi iddiaları ilə çıxış ediblər. Zurabişvilinin sərhədlərin demarkasiyasının təcili şəkildə həlli ilə bağlı dediklərinə cavab olaraq Azərbaycan Xarici İşlər nazirliyi sözçüsü Leyla Abdullayeva deyib ki, Keşikçi Dağı (David Qareci) Məbəd-Kompleksi Azərbaycan-Gürcüstan dövlət sərhədinin keçdiyi təpələr sırası boyunca, təxminən, 25 kilometr məsafədə səpələnmiş bir çox tarixi, memarlıq və dini obyektlərdən ibarətdir və həmin kompleks təpələr sırası ilə iki hissəyə bölünür. Leyla Abdullayeva: "Azərbaycanla Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası beynəlxalq təcrübədə tətbiq edilən qaydalara uyğun olaraq, qarşılıqlı əlaqələndirmə proseduraları əsasında mövcud ikitərəfli formatlar çərçivəsində həll olunur. Azərbaycan həmişə Azərbaycan-Gürcüstan sərhədinin tezliklə delimitasiya olunmasının tərəfdarı olub. Azərbaycan bu prosesi ən qısa müddət ərzində başa çatdırmağa hazırdır", - deyib.

Yeri gəlmişkən onu da deyək ki, Azərbaycanla Gürcüstan arasında sərhədlərin delimitasiyası (müəyyənləşdirilməsi) hələ də tam olaraq başa çatdırılmayıb. Belə ki, aprelin 3-də rəsmi Tbilisi Gürcüstan və Azərbaycan arasında dövlət sərhədinin 34 %-nin mübahisə predmeti olduğunu bəyan etmişdi. Məlumatda bildirilirdi ki, delimitasiya üzrə dövlət komissiyaları səviyyəsində 66% sərhəd razılaşdırılıb və qalan seqmentlərin razılaşdırılması məqsədi ilə danışıqlar davam edir

Gürcüstandakı bəzi radikal millətçi güclər tərəfindən Keşikçi dağı ətrafında süni şəkildə ajiotaj yaradılması və ölkəmiz əleyhinə düşmənçilik siyasətinin qızışdırılması pasxa bayramı ərəfəsinə təsadüf edib. Ona görə də bayram keçiriləcəyi günlərdə məbəd kompleksində təxribata yol verilə biləcəyi təhlükəsini nəzərə alaraq Azərbaycan tərəfi aprelin 24-də oraya giriş-çıxışı müvəqqəti olaraq məhdudlaşdırmağa məcbur olub. Bundan sonra Ermənistan mətbuatında məsələ ilə bağlı iki ölkə arasında münasibətləri gərginləşdirən yazılar geniş yer almağa başlayıb. Yenə də təəssüflər olsun ki, Gürcüstan mətbuatı məsələ ətrafında Ermənistan tərəfindən süni şəkildə qaldırılan ajiotaja dərhal züy tutaraq ölkəmiz əleyhinə iftiralar səsləndiriblər. Bütün bunlar isə iki ölkə arasında münasibətlərin gərginləşdirilməsinə xidmət edir və onun arxasında erməni xüsüsi xidmət orqanlarının izi aydın şəkildə hiss edilir. Bundan da məqasəd iki ölkə arasındakı siyasi vəziyyəti gərginləşdirərək bundan Cavaxetiya məsələsində öz xeyirlərinə istifadə etməkdir. Çünki istənilən halda Gürcüstan-Azərbaycan münasibətlərinin gərginləşməsi Ermənistana Cavaxetiyanən simasında "ikinci Qarabağ" münaqişəsini alovlandırmağa imkan verəcək. Əslində gürcü tərəfinin məsələ ətrafında Ermənistan mətbuatının qızışdırıcı hərəkətlərinə züy tutması vəziyyətdən istifadə edən ermənilət tərəfindən Cavaxaetiyada Gürcüstana qarşı ikinci cəbhənin açılmasına yol aça bilər. Konkret olaraq Keşikçi dağı-David Qareci məbəd kompleksinə gəlincə, ona münasibətdə iki ölkə tarixçiləri arasında fikir ayrılıqları mövcuddur.

Tarixi mənbələrə görə qədim Azərbaycan Albaniyasının ərazisində türk mənşəli əhalinin yaşadığı ərazidə eramızın VI əsrində suriyalı rahib David tərəfindən 20-yə yaxın qədim mağaradan ibarət olan Qareci məbədinin yaradılması xristianlığı yaymaq məqsədlərinə xidmət edib. Bu məbəd kompleksinin yaradılmasından sonra o dövrdə əhalisinin müəyyən hissəsi xristian olan Azərbaycan Albaniyasında xristian olmayan türk mənşəli digər əhali də bu dinə sitayiş etməyə başlayıb. Yəni faktiki olaraq tarixi baxımdan bu ərazi xristianlığı qəbul edən türk əsilli albanlara məxsusdur. Azərbaycanda islamın yayılmasından sonra ucqar dağlıq ərazilərdə yaşayan türk -albanların bir hissəsi əsrlər boyu sitayiş etdikləri xristianlığı qoruyub saxlaya biliblər.

Azərbaycan tarixçilərinin qənaətinə görə, məbəd gürcülər tərəfindən yalnız IV Qurucu Davidin hakimiyyəti dövründə (1089-1125) ziyarət edilməyə başlanıb, daha sonra Tamaranın hakimiyyəti dönəmində (1184-1207) gürcü kilsəsinin təsiri altına düşüb.

Aparılan tədqiqatlar göstərir ki, məbədin divarlarına çəkilmiş şəkillər və gürcü dilində olan yazılar onun yaşına nisbətən xeyli gəncdir.

Tarixçi-alim Altay Göyüşovun sözlərinə görə, "David Qareci" həqiqətən qədim alban məbədidir və uzun illər alban kilsəsinin nəzarəti altında fəaliyyət göstərib. Yalnız gürcü tarixinin ən parlaq dövrü olan "Qurucu David" və daha sonra Tamaranın hakimiyyəti dönəmində monastır gürcü kilsəsinin təsiri altına düşüb.

Azərbaycan mənbələrinə görə Keşikçi məbədi qədim alban mənşəli olub Azərbaycan Albaniyasının mədəni irsinə aiddir. Əksər gürcü mənbələri isə məbədin gürcü mənşəli olub tarixən Gürcü Pravoslav Kilsəsinə tabe olduğunu iddia edirlər.

"David Qareci" də XI-XII əsrlərə qədər türk-alban kilsəsi olub. Bu zaman monastır ərazisi alban dövlətinin varisi olan Sünik knyazlığının tərkibində idi. Amma orta əsrlərdə məbəd gürcü kilsəsinin təsiri altına düşür. Bunu Lord Kipianidze də etiraf edir ki, alban monastırı olan "David Qareci" Şirvanşahlar və Atabəylərin hakimiyyəti dövründə gürcülərin ixtiyarına keçib. O zaman Şirvanşahlar gürcülərlə dostluq edir, Atabəylər isə vuruşurdu. Amma onların heç biri monastıra maraq göstərmirdi. Çünki müsəlman hakimlər üçün alban xristian məbədi maraqlı deyildi.

Beləliklə, məbəd tamamən gürcüləşdirilir. Monqol işğalı dövründə digər xristian məbədləri kimi "David Qareci" monastırı xalq müqavimətinin mərkəzi idi. Ekspertin fikrincə, məhz bu amilə görə "David Qareci" gürcülər üçün müqəddəs ərazidir.

Yeri gəlmişkən onu da deyək ki, 2007-ci ildə prezident İlham Əliyevin sərəncamı ilə həmin ərazidə Keşikçidağ Dövlət Tarix Mədəniyyət Qoruğu yaradılmışdır. Qoruğa 70-dək mağara, bir qala, iki məbəd və bir inanc yeri daxildir. Onu da deyək ki, qoruğun ərazisindəki strateji cəhətdən ən hündür yüksəkliklərin biri Azərbaycan prezidentinin şərəfinə "İlham Əliyev zirvəsi" adlandırılıb.

Qoruq haqqında"Yaddaş" sənədli filmlər Studiyasının təşkilatçılığı ilə "Qədim yurdun daş kitabəsi" adlı bədii sənədli film hazırlanmışdır

Keçikçi dağı ətrafında mübahisəli məsələ gündəmə gələndə Gürcüstan tərəfi ərazi mübadiləsi təklifi ilə çıxış etmişdi. Gürcülər yaxınlıqdakı strateji əhəmiyyətli yüksəkliklərin Azərbaycana verilməsinin əvəzində bu monastır kompleksi istəmişdi. Lakin tərəflər razılığa gəlməyiblər. Bunun da səbəbləri aydındır. Azərbaycanda Keşikçi məbəd kompleksi Türk-Alban mədəniyyətinin yadigarlarından biri hesab edilir. Bu məbədin Gürcüstana verilməsi Azərbaycan Albaniyası mədəni irindən imtina etmək demək ola bilər. Bu isə Azərbaycan ərazilərində albanlardan qalan klsə və məbədlərə iddia edən ermənilərin əllərinə ölkəmizə qarşı yeni ərazi iddialarına gətirib çıxara bilər. Məhz bu baxımdan Keşikçi dağının Azərbaycan ərazisi kimi saxlanılması daha məqsədəuyğun hesab edilir.

Diqqəti cəlb edən bir məsələ də Keşikçi dağı ətrafında ajiotajın qaldırılmasının Türkmənistan qazının TANAP vasitəsi ilə Avropa bazarına nəqli barədə danışıqların getdiyi vaxta düşməsidir. Belə hesab etmək olar ki,bunu istəməyən 3-cü qəvvələr tərəfindən Keşikçi dağı məsələsi süni şəkildə ortaya atılıb. Məqsəd bu yolla Azərbaycan-Gürcüstan strateji dostluğuna zərbə vurmaq və Türkmənistan qazının Avropaya nəqlinə mane olmaq ola bilər.

Məsələyə münasibət bildirən politoloq, millət vəkili Rasim Musabəyov Eurasia Diary –yə verdiyi müsahibəsində deyib:

"Azərbaycanla Gürcüstan arasında gərginlik yaratmaq istəyən bir çox dövlətlər var. Amma bütün bunlara rəğmən iki dövlət müttəfiqdirlər. Sərhədlərin delimitasiyasına gəldikdə isə yenidən qeyd etmək istəyirəm ki, Azərbaycanla Gürcüstan bir çox sahədə əməkdaşlıq edən iki müttəfiqdir. Bütün məsələlərdə olduğu kimi sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı məsələni də danışıqlar əsasında diplomatik yolla, heç bir gərginliyə şərait yaratmadan həll edəcəklər".

"Şərq-Qərb" araşdırmalar mərkəzinin direktoru Ərəstun Oruclu isə bildirib ki, problem təcili şəkildə həllini tapmasa, onda Rusiya bundan məharətlə öz xeyrinə istifadə edəcək. Bir sözlə hadisələrin gedişi göstərir ki, Azərbaycan-Gürcüstan münasibətlərini pozmaq istəyən güclər Keşikçi dağı ətrafındakı problemdən öz çirkin məqsədləri üçün istifadə etmək istəyirlər. Lakin Azərbaycan-Gürcüstan arasında dostluq və strateji münasibətlərin olduğunu nəzərə alaraq belə hesab edirik ki, istənilən halda azərbaycanlılar və gürcülər arasında düşmənçilik toxumları səpmək istəyən güclərin arzuları gözlərində qalacaq.

Emin Axund