Böyük Britaniyanın Breksitlə bağlı Şotlandiya  problemi davam edir

Böyük Britaniyanın Breksitlə bağlı Şotlandiya problemi davam edir

5 May 2019 14:48
58
Bəyəndim (0) Bəyənmədim (0)

Böyük Britaniyanın Avropa İttifaqından çıxması ilə bağlı məsələnin təxirə salınmasına baxmayaraq onun subyektləri olan Şotlandiya və Şimali İrlandiyada narahatlıqlar davam etməkdədir. Buna da səbəb Şotlandiya və Şimali İrlandiyanı Böyük Britaniyanın Aİ-ni tərk etməsinə qarşı çıxmalarıdır. Buna da ilk növbədə Şotlandiya və Şimali İrlandiyanın Aİ-strukturlarından Londonun maraqlarını nəzərə almadan müstəqil siyasət yeridilməsi üçün istifadə etmələridir. Buna paralel olaraq Şotlandiya üçün Gömrük İttifaqında qalmaq onlara Aİ ilə ticari əlaqələrdə daha müstəqil siyasət yeritməyə imkan verir. Məhz ona görə də Breksit məsələsinə münasibətdə istər Şimali İrlandiya, istərsə də Şotlandiya Böyük Britaniyanın baş ağrısına çevrilib. Breksit problem gündəmə gələn gündən Şotlandiyada yenidən müstəqillik çağırışları güclənib. Ölkədəki siyasi partiyalar və əhalinin böyük əksəriyyəti Şotlandiyanın gələcəyinin Avropa İttifaqı ilə inteqrasiyada olduğu qənaətindədirlər. Şotlandiyada müstəqillik tərəfdarlarının get-gedə əhalinin daha çox hissəsi tərəfindən dəstəklənməsi bölgəni idarəedənlər tərəfindən də açıq şəkildə də məmnunluqla qarşılanır. Belə ki, məsələyə münasibət bildirən regionun rəhbəri Nikola Styergen deyib ki, Böyük Britaniya Breksitdən çıxmaqla bağlı israrlı olmaqda davam edəcəyi təqdirdə, onda Şotlandiyanın müstəqillik haqqında növbəti referendum keçirməkdən başqa çıxış yolu qalmayacaq. Styergenin Londonda narahatlıqla qarşılanan açıqlaması əslində Böyük Britaniyanı "ya Breksit, ya da ərazi itkisi" problem ilə üz-üzə qoyub. Mey kabinetinin Breksitlə bağlı siyasətinin iflasa uğramasının arxasında duran önəmli səbəblərdən biri də Şotlandiya və Şimali İrlandiyanın bunun əleyhinə getmələri və əks halda müstəqlliklərini elan edəcəkləri barədə Londona xəbərdarlıq etmələridir. Təbii ki, Breksitə münasibətdə Mey kabinetinin şahmat termini ilə desək pat vəziyyətinə düşməsi Şotlandiya və Şimali İrlandiyada müstəqillik tərəfdarlarının daha çox dəstəklənməsi ilə müşahidə edilir. Bunu Şotlandiyada keçirilən son rəy sorğusu da sübut etməkdədir. Belə ki, Panelbase sosioloji xidmət əməkdaşları tərəfindən Şotlandiyada keçirilən və Sandi Tayms (Sunday Times) qəzetində dərc edilən son rəy sorğusu əhali arasında Böyük Britaniyanın tərkibindən çıxaraq ölkənin müstəqilliyinin elan edilməsinin tərəfdarlarının sayının artdığını göstərib. Rəyi soruşulanların 49 faizi Böyük Britaniya Aİ-ni tərk edəcəyi təqdirdə Şotlandiyanın müstəqilliyinin elan edilməsinə tərəfdar olduqlarını bildiriblər. Halbuki təxminən 1 il əvvəl, 2018-ci ilin iyun ayında keçirilən rəy sorğusu zamanı rəyi soruşulanların yalnız 45 faizi ölkənin müstəqilliyinin tərəfdarı olduqlarını bildirmişdilər. Bununla belə rəyi soruşulanların 53 faizi hələ də Şotlandiyanın Böyük Britaniyanın tərkibində qalmasına tərəfdardırlar. Yəni faktiki olaraq müstəqillik tərəfdarlarının sayı onun əleyhinə olanların sayından azdır. Lakin sərt Breksitlə bağlı Şotlandiyada müstəqillik tərəfdarlarının salarının artması göstərir ki, vəziyyət belə davam edəcəyi təqdirdə yaxın gələcəkdə müstəqillik tərəfdarlarının sayı onun əleyinə olanların saylarını üstələyəcək.

Aydın məsələdir ki, istər iqtisadi, istərsə də siyasi baxımdan Avropa İttifaqına üzvlüyün davam etməsi Şotlandiyaya de- fakto müstəqil dövlət kimi özünü hiss etməyə və Londonla hesablaşmadan bir çox məsələlərdə ölkənin maraqlarına uyğun şəkildə hərəkət etməyə imkan verib. Məsələnin bu tərəfinə diqqəti cəlb edən rusiyalı ekspert Natalya Yeremina RT kanalına müsahibəsində deyib ki, Aİ-də qalmaq Şotlandiyaya özünü müstəqil dövlət kimi hiss etməyə imkan verib. Onun sözlərinə görə, məhz Brüssellə sıx təmaslarda olmaq Şotlandiyanın beynəlxalq aləmdə özünü müstəqil dövlət kimi aparmasına imkan verməkdədir: "Aİ-yə üzvlik Şotlandiyaya Brüsseldə özünün müvafiq ofisini və nümayəndəliklərini açmağa və qurumun fəaliyyətində, onun idarə edilməsində, komtə iclaslarında, Avropa Parlamentində Böyük Britaniyadan asılı olmayan müstəqil siyasət yeritməyə, beynəlxalq aləmdə öz milli maraqlarını daha yüksək səviyyədə müdafiə etməyə imkan verib. Bütün bunlar Şotlandiyanın müstəqilliyinin tədricən bərpa edilməsinə aparır. Məhz buna görə də şotlandlar Böyük Britaniyanın Aİ-dən çıxmasını nəzərdə tutan Breksitə qarşı çxırlar".

Digər tərəfdən də Gömrük İttifaqında qalmaq Şotlandiyaya iqtisadi baxımdan daha müstəqil siyasət yeritməyə və tədricən de-fakto müstəqil dövlət kimi Aİ ilə inteqrasiyaya imkan verəcək. Şotlandiya üçün Avropa bazarının geniş imkanlarından istifadə etmək və öz mallarının ixracını artırmaq olduqca vacib məsələlərdən biri hesab edilir. Məhz Şotlandiya bütün bunları nəzərə alaraq Böyük Britaniyanın Aİ-dən çıxmasına yol açan Breksitin əleyhinədir. Yaranmış vəziyyətdə ölkədə müstəqillik tərəfdarlarının yenidən fəallaşması Şotlandiyanı idarə edən Nikola Styergeni bundan çıxış yolu axtarmağa məcbur edir. O bununla bağlı Londona xəbərdarlıq edib ki, əgər həqiqətən də Böyük Britaniyanın Breksit istəyi baş tutsa, onda Şotlandiya müstəqillik haqqında növbəti dəfə referendum keçirməli olacaq. Nikola Styergen 2019-cu ilin axırına kimi müstəqillik haqqında referendum keçirilməsi barədə sənəd üzərində işin başa çatdırılacağını bildirib. Bununla bağlı plebisitin isə 2021-ci ilin may ayına kimi keçirilməsi nəzərdə tutulub.

Lakin Şotlandiyanın müstəqillik haqqında növbəti referendum keçirə bilməsi yalnız Londonun razılığı əsasında ola bilər. Styergenin Şotlandiyada müsəqillik barədə referendum keçirilməsi barədə Londondan rəsmi şəkildə icazə istəməsinə isə qarşı tərəfdən müsbət cavab verilməyib. Styergenin müstəqillik barədə referendum keçirilməsinə icazə verilməsi ilə bağlı xahişinə Böyük Britaniya Nazirlər Kabinetinin yüksək səviyyəli rəsmisi Devid Lidinqton verdiyi cavabında deyib ki, bunun üçün hər hansı əsas yoxdur: "Biz dəfələrlə açıq şəkildə bildirmişik ki, Şotlandiyada 2014-cü ildə müstəqillik haqqında referendum keçirilib . Həmin referendumda əhali Böyük Britaniyanın tərkibində qalmağa səs verib. Xalqın həmin qərarına hörmət etmək lazımdir və bizim mövqeyimiz də bu məsələyə münasibətdə dəyişməyib".

Xatırladaq ki, 2014-cü ildə Şotlandiyada keçirilən müstəqillik haqqında referendumda əhalinin 55,3 faizi Böyük Britaniyanın tərkibində qalmağa səs verdi. Referendumda Şotlandiyanın müstəqilliyinə isə 44,7 faiz tərəfdar olub. 2016-ci ilin iyun ayında Böyük Britaniyanın Aİ-dən çıxması məqsədi ilə keçirilən referendumda şotlandların 62,3 faizi bunun əleyhinə səs verdi. Referendumun ümumu nəticələrinə görə isə əhalinin 51,89 faizi Breksitin lehinə səs verdi. Ona görə də referendumdan sonra Şotlandiyada müstəqillik tərəfdarları siyasi aksiyalara baş vuraraq çoxsaylı mitinqlər keçirdilər. Lakin Böyük Britaniyada ölkə daxilindəki hər hansı subyektin müstəqillik istəyi qanunlar çərçivəsində həll edilir. Mövcud qanunlar isə ölkə daxilindəki hər hansı subyektin müstəqilliyini əldə etməsinə imkan vermir.

Bununla belə Styergenin lideri olduğu Şotlandiya Milli Partiyasının bəzi üzvləri onu bazar günü keçirilməsi nəzərdə tutulan qurultayda ölkədə müstəqillik uğrunda yeni referendum keçirilməsi barədə geniş kampaniya başlatmağa çağırıblar. Styergen isə bir daha xatırladıb ki, mövcud qanunvericilik Şotlandiyaya Londonun icazəsi olmadan referendum keçirməyə imkan vermir. Lakin o, bunun əvəzində Şotlandiya parlamentinin səlahiyyətləri başa çatana -2021-ci ilin may ayına kimi müstəqillik haqqında plebisitin keçirilməsinin mümkün olduğunu bildirib. Bununla belə plebisit referendumla müqayisədə yerli, məhdud imkanlara malikdir. Müqayisə üçün deyək ki, referendum keçirilmə məqsədindən asılı olaraq, o qarşıya qoyulan hansısa məqsədə nail olmağa imkan verir. Lakin plebisit referendumla müqayisədə belə yüksək imkanlara malik deyil. Ona görə də istənilən halda Şotlandiyada plebisitin keçirilməsi onun müstəqilliyini əldə etməsi üçün hüquqi baxımdan yetərli olmayacaq. Bununla belə Styergen plebisitin nəticələrinin ölkənin müstəqilliyi və gələcəkdə bununla bağlı referendum keçirilməsində önəmli rol oynaya biləcəyini istisna etmir. Styergen: "Əgər müstəqillik haqqında keçirəcəyimiz plebisitdə xalqdan daha böyük səviyyədə dəstək ala bilsək, onda Böyük Britaniya xalqımızın iradəsi ilə hesablaşmağa məcbur olacaq",-deyib.

Şotlandiyanın rəhbəri eyni zamanda qeyd edib ki. hazırda ölkə əhalisi arasında Breksitin əleyhidarlarının sayı durmadan artmaqda davam edir. Onun fikrincə bu amil Şotlandiyada Breksitin baş tutmamasına imkan verir.

Beləliklə, Şotlandiyanın müstəqilliyini əldə edə bilməsinə gedən yol Böyük Britaniyanın Aİ-dən çıxıb-çıxmamasından keçir. Hələlik qeyri-müəyyən müddətə təxirə salınan Breksitin isə ümumiyyətlə baş tutub-tutmayacağını proqnozlaşdırmaq olduqca çətindir.

Əziz Mustafa