Azərbaycan-Aİ sazişinin imzalanması ölkəmizin Avropa ilə inteqrasiya yolunu açacaq

Azərbaycan-Aİ sazişinin imzalanması ölkəmizin Avropa ilə inteqrasiya yolunu açacaq

5 May 2019 14:36
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanla Avropa İttifaqı arasında Şərq tərəfdaşlığı çərçivəsində əməkdaşlığın genşləndirilməsi istiqamətində mühüm addımlar atılmaqdadır. Bu baxımdan tərəflər arasında əldə edilən razılığa əsasən yaxın vaxtlarda bir çoxları üçün düyünə düşmüş hesab edilən Şərq tərəfdaşlığı proqramı çərçivəsində Azərbaycan-Aİ sazişinin nəhayət ki, imzalanacağı gözlənilir. Əlbəttə istənilən halda Azərbaycanla Avropa Birliyi arasında Şərq tərəfdaşlığı çərçivəsində imzalanacaq anlaşma ölkəmizin beynəlxalq aləmdə imicinin daha da yüksəlməsinə gətirib çıxaracaq. Nəticədə ölkəmizin Avropa Birliyi ilə inteqrasiyası daha da genişləncək ki, bu da olduqca böyük önəm daşıyır. Yeri gəlmişkən onu da xatırladaq ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan müstəqilliyini əldə etdikdən sonra Avropa ilə inteqrasiya yolunu tutduğunu rəsmi şəkildə bəyan etdi. Həmin dövrdə Avropa ilə inteqrasiya istiqamətində atılan addımlar çərçivəsində Azərbaycan beynəlxalq təşkilatlara üzv olmağa başladı və bir-sıra konvensiyaları imzaladı. Bu proses xüsusi ilə görkəmli dövlət xadimi Heydər Əliyevin yenidən ölkəmizi idarə etməyə başlamasından sonra daha da sürətləndi. Azərbaycanın gələcəyinin Avropa ilə sıx inteqrasiyadan asılı olduğunu o dövrdə uzaqgörənliklə vurğulayan Heydər Əliyev tərəfindən ölkəmizdə ölüm hökmünün ləğv edilməsi, latın qrafikalı əlifbaya keçid məsələləri beynəlxalq aləmlə inteqrasiyamızda önəmli rol oynadı. Heydər Əliyevin rəhbərliyi altında 1999-cu ildə Avropa İttifaqı ilə imzalanan Partnyorluq və Əməkdaşlıq barədə anlaşma isə ölkəmizin Avropa ilə daha sıx inteqrasiyasının əsasını qoydu. Xüsusi ilə Azərbaycanın enerji ehtiyatlarının Avropa bazarına nəqli istiqamətində Bakı-Tbilisi-Ceyhan neft, həmçinin qaz kəmərlərinin istifadəyə verilməsi ölkəmizin Aİ ölkələrinin enerji təhülükəsizlyinin təmin edilməsinə verdiyi özünün önəmli töhfəsindən biri hesab edilir. 2006-cı ildə isə Azərbaycanla Aİ-arasında imzalanan enerji sahəsində tərəfdaşlıq barədə anlaşma Azərbaycanın Avropa ilə inteqrasiyası sahəsində atılan daha bir uğurlu addım oldu.

Lakin Azərbaycanın və eləcə də digər Şərq tərəfdaşlığı ölkələrinin Aİ ilə anlaşma imzalamasını istəməyən güclər vardı. Xüsusi ilə Rusiya hər vasitə bu prosesə mane olmağa cəhd edirdi. Məsələn, Aİ ilə əməkdaşlıq istiqamətində Rusiyadan asılı olmayan siyasət yeridən Gürcüstan buna görə 2008-ci ildə Kreml tərəfindən cəzalandırıldı. Belə ki, Rusiya Gürcüstan –Aİ əməkdaşlığına Abxaziya və Cənubi Osetiyanı işğal etməklə cavab verdi. Bundan sonra Şərq tərəfdaşlığı üzvü olan digər postsovet məkanı ölkələri Aİ ilə əməkdaşlığın daha da dərinləşdirilməsinə münasibətdə daha ehtiyatlı hərəkət etməyə başladılar. Həmin dövrdə Azərbaycan-Aİ anlaşmasının imzalanmasına mane olan digər bir amil də ortada idi. Avropa İttifaqı ilə imzalanması nəzərdə tutulan anlaşmada ölkəmizin ərazi bütövlüyü, xüsusi ilə Dağlıq Qarabağ məsələsi nəzərə alınmırdı. Əvəzində ölkəmizə qarşı əsası olmayan bəzi siyasi tələblər irəli sürülürdü ki, bu da Azərbaycan üçün qəbul edilməz idi. Xüsusi ilə 2008-ci ilin martında Dağlıq Qarabağa dair qətnamənin qəbulu zamanı Avropa ölkələrinin davranışı Azərbaycanda narazılıqla qarşılandı. Azərbaycanın ərazi bütövlüyünü təsdiq edən bu qətnamənin səsverməsində Avropa ölkələri bitərəf qalıblar, Fransa və ABŞ isə sənədin ümumiyyətlə əleyhinə səs verib. Aİ tərəfindən ölkəmizin ərazi bütövlüyünə qarşı belə bir hörmətsizlik təbii ki, milli maraqlarımıza cavab vermirdi.

Bununla belə 2010-cu ildə Azərbaycanla Aİ arasında Assosiasiya sazişinə dair danışıqlar yenidən başladı. Lakin bu sazişin imzalanmasına mane olan problemlər həllini tapmamışdı.

Ona görə 2013-cü ildə Azərbaycan Aİ ilə yeni anlaşma imzalanması təşəbbüsü ilə çıxış etdi. 2017-ci ildə isə Aİ ilə Azərbaycan arasında assosiativ üzvlüklə bağlı yeni danışıqlar başladı. Artiq danışıqlar gedişində uğurlar əldə edilib. Avropa İttifaqı ilə müvafiq anlaşma imzalanması yolunda ciddi maneə olan və Azərbaycanı narahat edən ölkəmizin ərazi bütövlüyünün tanınması ilə bağlı problem imzalanacaq sənəddə əksini tapıb. Təsadüfi deyil ki, bir müddət əvvəl Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, Azərbaycanla Aİ arasında imzalanacaq anlaşma 90 faiz razılaşdırılıb və qalan 10 faizlə bağlı da yaxın vaxtlarda ortaq məxrəcə gəlinəcək.

Məsələyə münasibət bildirən millət vəkili Vahid Əhmədov Azpolitiko.info-ya verdiyi açıqlamasında Azərbaycanla Aİ arasında imzalanması nəzərdə tutulan sazişin bizim dövlətimiz üçün çox böyük əhəmiyyət kəsb etdiyini xüsusi qeyd edib. O deyib ki, Azərbaycan və Avropa İttifaqı arasında ticarət, mədəni və humanitar əlaqələr inkişaf etməkdə davam edir. Bu sazişin imzalanmasından sonra Azərbaycan-Avropa Birliyi əlaqələri daha sürətlə inkişaf edəcək.

Vahid Əhmədov Aİ tərəfindən Azərbaycanda islahatlar keçirilməsi barədə irəli sürülən şərtə də münasibət bildririb: "2018-ci ilin 11 aprelində keçirilən prezident seçkilərindən sonra islahat başlayıb. Ciddi kadr islahatlarına start verildi. Cavan kadrlar müəyyən nazirliklərə, komitələrə gətirildi və hazırda fəaliyyət göstərirlər. Əlbəttə, bu gənc kadrların müəyyən səhvləri olsa da, hesab edirəm ki, iki ildən sonra püxtələşəcək və normal işləyəcəklər. Əsas odur ki, korrupsiyaya bulaşmırlar, təmiz və şəffaf işləyirlər. Bu, bizim üçün əhəmiyyətlidir.

Həmçinin, sosial islahatlar həyata keçirildi, cənab Prezident bir neçə sərəncama imza atdı. Təxminən bu istiqamətdə 2 milyard manata qədər vəsait xərclənəcək. Eyni zamanda məhkəmə-hüquq islahatları ilə əlaqədar fərman imzalandı, müəyyən tədbirlər görülür. Yəni bu davamlı olacaq, Azərbaycanda islahatlar bütün istiqamətlər üzrə gedəcək. Bu mənada hesab edirəm ki, bu islahatlar bütün sahələrdə aparılmalı və uğurla başa çatmalıdır ki, Azərbaycan ciddi problemlər yaşamasın."

Vahid Əhmədov həmçinin qeyd edib ki, bəzi güclər islahatların keçirilməsini istəmirlər.Onun sözlərinə görə, elə qüvvələr var ki, onlar öz vəzifələrini itirmək istəmir, maraq dairələrindən nələrinsə çıxmasını arzu etmirlər. Millət vəkili vurğulayıb ki, Prezident İlham Əliyev islahatlara başlayıb və onda olan məlumatlara görə, bu islahatlar davamlı olacaq.

Vahid Əhmədov buna misal kimi problemli kreditlərlə bağlı məsələnin həll edilməsini göstərib: "Fikir verdinizsə, uzun müddət idi ki, Milli Məclisdə bank sistemindəki problemli kreditlərlə bağlı məsələlər qaldırılırdı. Nəhayətdə Prezident bununla bağlı sərəncam imzaladı və insanlar hazırda vəsaitlərini əldə edir, razılıqlarını ifadə edirlər. Digər islahatlar da gedir. Mane olmağa çalışan qüvvələr başa düşməlidir ki, bu artıq hərəkatdır və onun qarşısını almaq mümkün deyil".

Azərbaycanla Aİ arasında imzalanması nəzərdə tutulan anlaşmanı yüksək dəyərləndirən Aİ-nın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas isə deyib ki, indi hamı Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında imzalanacaq sazişi gözləyir və bu, yaxşı haldır.

Aİ rəsmisi: "Keçən həftə ticarət üzrə danışıqlar həyata keçirildi. Azərbaycan höküməti 3 gün ərzində zəhmət çəkdi. Müzakirə predmeti olan məsələlərlə bağlı 5 videokonfrans gözlənilir.

Mən sizə tam əminliklə deyə bilərəm ki, hər iki tərəfdə bu sazişin imzalanması üçün qətiyyət var. Hər iki tərəf onun mümkün qədər tez imzalanması üçün çalışır və kifayət qədər iddialı sazişdir. Dövlət satınalmaları ilə bağlı məsələ çox ciddi müzakirə predmetidir. Bu, sazişin bir hissəsi olacaq və hamıya təsir edəcək.

İşlərin yekunlaşdırılması üçün fürsətlərdən biri məhz Brüsseldə keçiriləcək tədbirdir. Bu tədbir 13-14 may tarixlərində keçiriləcək. 6 dövlət başçısı, məhz Şərq tərəfdaşlığı dövlətlərinin rəhbərləri və Azərbaycan prezidenti bu konfransda iştirak edəcəklər", – deyib.

Beləliklə Azərbaycanla Aİ arasında imzalanması nəzərdə tutulan anlaşma milli maraqlarımıza tam şəkildə cavab verir və bu, ölkəmizin Avropa ilə hərtərəfli inteqrasiyasında, təhlükəsizliyimizin təmin edilməsində önəmli rol oynayacaq.

Həmidə Şahməmmədova