Co Bayden Donald Trampın prezidentliyinə son qoymağa hazırlaşır

Co Bayden Donald Trampın prezidentliyinə son qoymağa hazırlaşır

5 May 2019 12:06
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-da keçiriləcək növbəti prezident seçkilərinə bir ildən artıq vaxt qalmasına baxmayaraq ölkə daxilində indidən siyası fəallıq müşahidə olunmaqdadır. Buna da səbəb Trampın istər ölkə daxili, istərsə də xarici siyasət sahəsində həyata keçirdiyi qeyri-normal tədbirlərdir. Nəticədə ABŞ-la onun Avropadakı müttəfiqləri arasında ziddiyyətlər açıq şəkildə daha da dərinləşməkdə davam edir. ABŞ-ın tanınmış politoloqlarından birinin də qeyd etdiyi kimi ticarətçi Donald Tramp ABŞ-ın xarici siyasətini alqı-satqı alverinə çevirdi və bu sahədəki bütün fəaliyyətini az verib daha çox almaq çərçivəsi üzərində qurub. Həqiqətən də Tramp hakimiyyətə gəldikdən sonra ABŞ-ın iqtisadi gücünü hərbi gücü ilə birləşdirərək belə demək mümkünsə Vaşinqtonun düşmənlərinə qarşı bu amildən şantaj kimi istifadə etməkdədir. Tramp tərəfindən ən xırda bir narazılığa görə müxtəlif ölkələrə qarşı iqtisadi sanksiyalar tətbiq edilməsi nəinki ABŞ-a düşmən, həm də müttəfiq ölkələr arasında böyük narazılıqlara səbəb olub. Xüsusi ilə Trampın NATO üzrə müttəfiqləri Avropa ölkələrinə münasibətdə belə iqtisadi güc amilindən şantaj və dəyənək vasitəsi kimi istifadə etməsi qurum daxili zddiyyətlərin daha da dərinləşdirilməinə səbəb olub. Avropada bir sözlə Trampın simasında belə demək mümkünsə dəlisov adam imici formalaşıb və ona inanmırlar. Amma iş bununla da bitmir. ABŞ uzun illər NATO-nun Yaxın Şərqdə alınmaz qalası hesab edilən Türkiyə ilə münasibətləri korlamaqdan belə çəkinməyib. Türkiyəyə müasir Patriot hava hücumundan müdafiə kompleksləri satmaqdan müxtəlif yollarla imtina edən Tramp bununla da NATO üzrə müttəfiqini Rusiya ilə hərbi və siyasi yaxınlaşmaya getməyə məcbur etdi. Nəticədə Türkiyə özünü hava hücumundan müdafi güclərini möhkəmlətmək üçün Rusiyadan S-400 zenit-raket komplekslərinin alınması barədə anlaşma imzalamağa məcbur oldu. Bu isə iki ölkə arasında siyasi gərginliyin daha da artmasına səbəb oldu.Yenə də Tramp Türkiyəni yerində oturtmaq, onu diz çökdürmək üçün iqtisadi güc dəyəniyini işə salaraq Ankaraya qarşı sanksiyalar tətbiq etdi. Bu isə öz növbəsində Türkiənin milli valyutası olan lirənin sürətlə ucuzlaşmasına səbəb oldu. Nəhayət məsələ ilə bağlı onu da deyək ki, Trampın S-400-lərin alnması ilə əlaqədar Türkiyəyə sərt təzyiqləri davam etdirməsi və NATO üzvlüyünə son qoyacağı ilə bağlı şantaj siyasətini işə salması Ankara-Vaşinqton münasibətlərində xoşagəlməz izlər buraxmarda davam edir. Bu müstəvidə Trampın xarici siyasət sahəsində qəbul etdiyi və əksər hallarda ABŞ-ın milli maraqlarına zidd qərarları ölkə vətəndaşlarının da səbrini tükəndirməkdədir. Bunu son aylarda ABŞ-da keçirilən rəy sorğuları zamanı əhalinin böyük əksəriyyətinin Donald Trampa etimadsızlıq göstərməsi də bir daha təsdiq etməkdədir. Əhali arasında Trampa etimadın durmadan azalmaqda davam etməsi öz növbəsində ölkə siyasətində canlanmaya səbəb olub. Belə ki, Trampa etimadın azalması gələn il keçirilməsi nəzərdə tutulan prezident seçkilərində Ağ evin indiki rəhbərinin öz kürsüsünü qoruya biləcəyinə şübhə doğurur. Belə bir vəziyyətdə Trampın ölkə daxilində qarşıdan gələn prezident seçkilərində əsas rəqiblərindən birinin keşmiş vitse-prezident Co Baydenin olacağı gözlənilir. Co Baydenin növbəti prezident seçkilərində Trampın əsas rəqibi ola biləcəyi barədə məlumatlar hələ ötən ildən dolaşmaqda idi. Co Bayden nəinki ABŞ daxilində, həm də dünyada kifayət qədər tanınmış siyasətçilərdən biri hesab edilir. Barak Obamanın prezidentliyi dövründə 8 il vitse-prezident vəzifəsini icra edən Co Baydenin xarici və daxili siyasətə münasibətdə baxışları Trampla müqayisədə kifayət qədər fərqlidir. O, ABŞ-ın xarici siyasətində müttəfiq ölkələrlə dostluq münasibətlərinin qorunub saxlanılması tərəfdarı kimi tanınır. Bayden Trampdan fərqli olaraq iqtisadi sahədə də ABŞ-Avropa münasibətlərində reallığı nəzərə alan və hər iki tərəfin qarşılıqlı maraqlarına xidmət edən siyasət yeridilməsini daha məqsədəuyğun hesab edir. Baydenin Yaxın Şərq siyasətinə gəlincə, o, bu məsələdə yaranmış vəziyyətə uyğun hərəkət edilməsinin və bölgədə ölkəsinin maraqlarını daha yumşaq metodlarla qoruyub saxlama tərəfdarl hesab edilir. Əlbəttdə Trampla prezident kürsüsü uğrunda mübarizədə Co Baydenın qalib gəlib-gəlməyəcəyini öncədən söyləmək çətin olsa da, o bütün hallarda Ağ evin indiki sahibi ilə sona kimi mübarizə aparmağa və onu taxtından salmağa qadir əsas siyasi fiqur hesab edilir. Faktiki olaraq ötən prezident seçkilərində Donald Trampla demək olar baş-başa mübarizə aparan xanım Hillari Klinton istisna olmaqla Co Baydenin Trampın qənimi ola biləcəyi istisna edilmir. Hər halda ölkə daxilində Donald Trampa inamın azalmaqda olması və bunun əksinə olaraq Co Baydenin siyasi nüfuzunun artmaqda davam etməsi də onun prezidentliyə ən güclü siyasi namizəd ola biləcəyinə şübhə yeri qoymur. ABŞ-da siyasətçilərin ölkə daxilindəki mövqeyinin güclü və ya zəif olmasını əksər hallarda olduqca dəqiq müəyyən edən rəy sorğuları da Baydenin siyasi baxımdan əhali arasında imicinin artmaqda olduğunu təsdiq etməkdədir. Məsələn, ABŞ-da keçirilən son rəy sorğusu göstərib ki, Baydeni get-gedə daha çox adam dəstəkləməkdədir. Belə ki, rəyi soruşulan ABŞ vətəndaşlarının 43 faizi Co Baydenə, 37 faizi isə Trampa səs verməyə hazır olduqlarını bildiriblər. Rəyi soruşulanların yalnız 15 faizi hələ prezidentliyə namizədlərə münasibətdə qəti qərar qəbul etmədiyini, 5 faizi isə ümumiyyətlə seçkilərdə içtirak etmək niyyətində olmadığını bildirib. Bütün bunalar da onu göstərir ki, Trampın nüfuzu əhali arasında düşməkdə davam edəcəyi təqdirdə Co Baydenin hakimiyyət kürsüsünə gedən yolu asan mübaizə şəraitində keçəcək. Lakin o da aydındır ki, Trampın qarşıdan gələn prezident seçkilərində əsas müttəfiqi ABŞ daxilində kifayət qədər böyük təsir gücünə malik olan yəhudi lobbisidir. Yəhudi lobbisi İsrailə ən yüksək səviyyədə dəstək verən Trampa bir çox məsələlərdə özünü borclu bilir. Xüsusi ilə Trampın Qüdsü İsrail paytaxtı kimi tanıması və öz səfirliyini oraya köçürməsi bütün dünya yəhudiləri arasında məmnunluqla qarşılanıb. Buna paralel olaraq Suriyanın işğal altında olan Colan təpələrinin Tramp tərəfindən İsrail ərazisi kimi tanınması da ABŞ-ın indiki rəhbərinin yəhudi lobbisi tərəfindən daha yüksək səviyyəd ədəstəklənməsinə gətirib çıxarıb. Bu baxımdan seçkiləri öncəsi yəhudi lobbisinin əhali arasında Donald Trampın müdafiəsinə və onun prezident seçilməsinə xidmət edən çoxsaylı tədbirlərə və təbliğata milyonlarla dollar xərcləyəcəyi gözlənilir.

Əlbəttə , ABŞ-ln yeni prezidentin kim olacağından asılı olmayaraq onun İsrailə dəstək verəcəyi siyasi elita üçün sirr deyil. Yəni istənilən halda Co Bayden prezident seçiləcəyi təqdirdə hətta arzulamasa belə İsraillə ənənəvi dostluq münasibətlərini qoruyub saxlamağa məhkumdur. Çünki əks halda istənilən vaxt o dünya yəhudilərinin xoşagəlməz "sürprizi"ilə üzləşə bilər. Məsələdən uzaqlaşmadan onu da bir daha qeyd edək ki, ABŞ-da keçiriləcək növbəti prezident seçkilərində Co Bayden Trampla baş-başa mübarizə aparmağa qadir yeganə güclü namizəd hesab edilir. Co Baydenin Demokratlar Partiyasından prezidentliyə namizəd irəli sürülməsinə mane olacaq yeganə siyasətçi Bern Sandersdir. Sanders vaxtı ilə prezidentliyə namizəd Hillları Klintonun əsas rəqibi olub. Lakin onun namizədliyi partiya rəhbərliyi tərəfindən dəstəklənmədi. Çünki Bern Sanders solçu baxışlara sahibdir. Bu isə rəhbərliyin fikrincə, həm partiya, həm də ölkə üçün böyük təhlükədir və vahid namizəd kimi Sandersin seçilməsi "intihara bərabərdir". Deməli, yenə də dolayısıyla da olsa, Demokratlar Partiyasının rəhbərliyi partiya daxilində məhz Co Baydenin vahid namizəd seçilməsi üçün əlindən gələni edəcək.

Yeri gəlmişkən onu da qeyd edək ki, Barak Obamadan sonra ABŞ-da prezidentliyə namizədliyini irəli sürənlərin əksəriyyəti yaşlı adamlardır. Məsələn, bundan əvvvəlki seçkilərdə Obamanı taxtdan salaraq prezident seçilən Donald Trampın o vaxt 69 yaşı vardı. Növbəti prezident seçkilərində namizədliyini irəli sürəcəyi gözlənilən Co Baydenin 77, Sandersin isə 78 yaşı var. Xatırladaq ki, ötən əsrin 70-80-ci illərində SSRİ-nin ali dairələrində də analoji vəziyyət əmələ gəlmişdi və ölkəni əksəriyyəti qocalardan ibarət olan siyasi Büro idarə edirdi.

Konkret olaraq ABŞ-a gəlincə, Co Baydenin Tramp üzərində qalib gələ bilməsi məhz Ağ Evin indiki sahibi tərəfindən ölkənin daxili və xarici məsələlərə münasibətdə "dəlisov siyasət"ini bundan sonra da davam etdirib-etdirməməsindən və onun atacağı digər anoloji addımlardan asılı olacaq.

Səda