Müsavat partiyası ilə AXCP arasında qalmaqal düşdü

Müsavat partiyası ilə AXCP arasında qalmaqal düşdü

10 Fevral 2012 17:07
Bəyəndim (0) Bəyənmədim (0)

"İctimai Palata bu il yanvarın 8-də Koordinasiya Şurasının üzvlərini seçərkən çox gözəl, demokratik bir seçkinin təməlini qoydu, şəffaf, demokratik seçki nümunəsi göstərdi. Çox təəssüf ki, müxtəlif düşüncəli insanlar bu məsələdə seçkinin demokratik keçirilməsini yox, orada guya müzakirəyə səbəb olan bir məsələni gündəmə gətirdilər. Həmin seçkilər gizli, hər kəsin gözünün qarşısında keçirildiyi üçün onun nəticələri tam şəkildə həmin günün reallığını əks etdirirdi. Orada kimin birinci, kimin ikinci yer tutmasının elə də əhəmiyyəti yox idi. Amma həmin seçki ilə "Azadlıq" radiosunun saytındakı internet sorğusunun nəticələrini müqayisə etmək ümumiyyətlə düzgün deyil". Bunu açıqlamasında İctimai Palatanın üzvü, Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı "Azadlıq" radiosunun saytında keçirilmiş "2013-cü ildə İlham Əliyevin əsas rəqibi kim olar" sorğusunun nəticələrini şərh edərkən deyib. O, internet sorğularının obyektiv olmadığını vurğulayıb: "Bunun da çoxlu subyektiv səbəbi var. Məsələn, bir şəxs dəfələrlə səs verə bilər. Bir şəxsin dəfələrlə səs verməsinin qarşısını almaq çox çətindir, demək olar ki, mümkünsüzdür. Ona görə də bu iki nəticənin müqayisə olunmasını düzgün saymıram. Ümumiyyətlə hesab edirəm ki, bu fikri söyləyən adamlar ümumi birliyə, hakimiyyətlə birgə mübarizəyə yox, əksinə, müəyyən qədər parçalanmağa xidmət edirlər. Bu mənim şəxsi fikrimdir. Hesab edirəm ki, həm İctimai Palata, həm Müsavat, həm də AXCP nümayəndələri belə məsələlərdən danışarkən ehtiyatlı olmalıdırlar. Bilirsiniz, söhbət təkcə haqqında danışılan sorğunun nəticələrindən getmir. Ola bilər ki, gələn dəfə sorğu keçirilsin və İsa Qəmbər birinci yerə çıxsın. Heç vaxt heç bir ölkədə internet sorğunun nəticələri əsas götürülə bilməz. O səbəbdən ki, internet sorğuları həmişə obyektivlikdən kənar olur. Azərbaycanda hətta nüfuzlu dövlət qurumlarının saytlarını dağıdırlarsa, deməli, sorğuda da bir şəxsin beş dəfə, on dəfə səs verməsi mümkündür. Vahid namizədi müəyyənləşdirmək üçün ən yaxşı üsul ilkin seçkinin keçirilməsidir. Amma hətta bu gün diqqəti vahid namizəd məsələsinə cəlb etmək belə, ümumi işimizə ziyandır". AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə açıqlamasında "Azadlıq" radiosunun keçirdiyi sorğunun nəticələrini obyektiv saydığını söyləyib: "Bu sorğunun nəticələrinə görə Əli Kərimlinin 40,5 faiz, İsa bəyin 29,4 faiz səs alması onu göstərir ki, Əli bəyin apardığı mübarizə, liderlik, indiki hakimiyyətə alternativ olmaq imkanları cəmiyyət tərəfindən yüksək qiymətləndirilib, dəyərləndirilib. Bu, eyni zamanda onu göstərir ki, İsa bəylə, yəni Müsavatla AXCP-nin ittifaqı, eyni zamanda İctimai Palata olaraq birgə mövqeyimiz ölkədə protest elektoratın səslərinin böyük əksəriyyəti deməkdir. Bundan çıxış edərək belə proqnoz da vermək olar ki, İctimai Palata 2013-cü il prezident seçkisinə vahid namizədlə qatılacağı təqdirdə artıq digər müxalifətçi namizədlərin - 5-6 faiz səs toplayanların seçkiyə qatılmasının mənası qalmır". F.Qəhrəmanlı deyib ki, 2013-cü il seçkisi ilə bağlı strategiya müəyyənləşərkən və digər addımlar atılarkən bu və bu kimi digər sorğuların nəticələri nəzərə alınmalıdır: "Çünki bu, cəmiyyətdəki ab-havanı ifadə edir".

Adının açıqlanmasını istəməyən Müsavat Partiyasının funksioneri isə açıqlamasında "Azadlıq" radiosunun saytında "2013-cü ildə İlham Əliyevin əsas rəqibi kim olar" sualı ilə keçirilmiş sorğunun nəticələrinin birtəfərli olduğunu söyləyib: "Sorğunun başlandığı tarixə baxın - 8 yanvar 2012-ci il. Özü də həmin gün bazar günü idi. Sorğunun yanvarın 8-dən keçirilməyə başlamasının səbəbi məhz həmin gün İctimai Palatanın Koordinasiya Şurasına seçkilərin keçirilməsidir. Axı həmin seçkilərdə Müsavat başqanı İsa Qəmbər 235 səslə birinci, AXCP sədri Əli Kərimli isə 209 səslə yeddinci oldu. Bu barədə mətbuat da yazdı. Əli Kərimli belə bir sorğu keçirib, istədiyi nəticələri almaqla İsa Qəmbərdən Müsavatın qərargahında keçirilən səsvermə nəticələrinin qisasını alır".
F.Qəhrəmanlı isə bu iddia ilə razılaşmır: "Bu sorğu cəmiyyət arasında keçirilib. Nə cəbhəçilərin, nə də müsavatçıların üstünlüyü olmayıb. Ancaq İP-də keçirilən seçkilərdə partiyalı şəxslər - həm cəbhəçilər, həm də müsavatçılar iştirak etmişdilər. O zaman cəbhəçilər yekdilliklə İsa bəyə səs vermişdilər. Sadəcə müsavatçıların hamısı tərəfdən analoji addım atılmadı".

O.M.