Ziyalılar Forumunun iclası Rüstəm İbrahimbəyovun evində keçirildi

Ziyalılar Forumunun iclası Rüstəm İbrahimbəyovun evində keçirildi

1 Fevral 2012 19:11
Bəyəndim (0) Bəyənmədim (0)

Yazıçı-dramaturq Rüstəm İbrahimbəyovun evində keçirilən forum Azərbaycan gənclərinin problemlərinə həsr olunub. Tədbiri açıq elan edən R.İbrahimbəyov deyib ki, gənclərin mövcud problemlərinin araşdırılması məqsədilə yığıncağın açıq müzakirələr formasında keçirilməsini arzulayır.
Professor Cəmil Həsənli qeyd edib ki, gənclərin problemlərinə həsr olunan forumu çoxdan keçirmək istəyiblər, lakin bu mümkün olmayıb: "Görünür, gecikmədə də bir pozitivlik var. Tədbirimiz gecikdi və 2 fevral - gənclər günü ərəfəsinə təsadüf etdi. Ölkənin gələcəyində və taleyində yaxından iştirak etmək və ona biganə olmamaq üçün say məsələsi az rol oynayır. Əsas bu işdə iştirak edənlərin çəkisidir". C.Həsənli qeyd edib ki, hazırda ölkədə olan problemlər arasında gənclərin qarşılaşdıqları çətinliklər xüsusi yer tutur: "Azərbaycanın gələcəyi gənclərin intellektual səviyyəsindən, təhsilindən, dünyada baş verən proseslərdən çıxış yolları tapmasından, vətənçilik hislərinin səviyyəsindən asılıdır". C.Həsənli bildirib ki, Azərbaycanda işsizlərin böyük bir hissəsi gənclərdir: "Ali təhsil almaq istəyənlərin sayı ildən-ilə azalır. Bu vəziyyət belə davam etsə, gələcəkdə belə gənclərin sayı daha da azalacaq. Dövlət hesabına xaricdə təhsil alan gənclərin ölkəyə döndükdən sonra işlə təminatında problemlər yaranır. Ona görə də həmin gənclər işləmək üçün xaricə getmək məcburiyyətində qalırlar".
İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu ölkədə gənclərin problemləri ilə bağlı apardığı araşdırmanın nəticələrini açıqlayıb və təhsilin keyfiyyəti, gənclərin məşğulluğu, mənzil təminatı, neft gəlirlərindən nə dərəcədə bəhrələnməsi problemlərindən danışıb: "2011-ci ildə orta məktəb buraxılışının 72,23 faizi orta təhsil bazasından irəli gedə bilməyib. Ali məktəblərə qəbul üçün ərizələrin sayı ötən illə müqayisədə 4,47 faiz, son yeddi ildə isə orta məktəb məzunlarının sayı 27 min 635 nəfər azalıb. Orta təhsilini 4-5 qiymətlərlə başa vuran 2457 nəfər ali məktəblərə qəbul zamanı 0-100 bal arasında nəticə göstərib. Qəbul imtahanlarında iştirak edənlərin 28,12 faizi 0-100 bal arasında nəticə göstərib".
Qubad İbadoğlu gənclərin məşğulluq probleminə də toxunub: "Ölkədə 20-34 yaş arasında olan 2,1 milyon gənc var ki, onların da bir hissəsi işsizdir. İşsiz gənclərin 60 faizi təhsil, səhiyyə, sosial və məişət xidməti sahələrində iş yeri axtarırlar". Q.İbadoğlu deyib ki, 18-36 yaş arası gənclərin 20 faizinin mənzilə ehtiyacı var: "Onların sayı 420-450 min nəfər arasındadır. 18-36 yaşlı gənclərin orta aylıq əməkhaqqı 200-300 manat arasındadır. Yəni onlar sosial ipotekaya müraciət edə bilməzlər. Çünki sosial ipoteka üçün ən azı 400 manatlıq əməkhaqqı tələb olunur".
Hüquqşünas Erkin Qədirli gənclərin fərdi inkişafında qarşılaşdığı iqtisadi problemlərinə toxunub. O, həmçinin, dindar qadınların hicab məsələsinə toxunub: "Rusiyada, Böyük Britaniyada bu məsələyə problem yaradılmır. Azərbaycandakı vəziyyət qadınların ciddi problemlərlə üz-üzə qoyur".

Yazıçı Əkrəm Əylisli isə Bəxtiyar Hacıyevin həbsdən azad edilməsi ilə bağlı çağırış edib.
Professor Rafiq Əliyev çıxışında gənclərin problemlərinin həllinin vacibliyini vurğulayıb: "Gənclik sabahla yanaşı böyük resursdur. Biz siz gəncliyə parçalanmış vətən miras qoyuruq. Amma bu o demək deyil ki, bütün məsuliyyəti sizin üzərinizə qoyuruq. Bizim potensialımızdan da istifadə edin".
Mehriban Vəzir deyib ki, forumda səslənən fikirlər həyəcan təbilidir: "Gəncliklə bağlı durumdan narahatam. Amma qadınların vəziyyəti də ağırdır. Qadınların dövlət idarəçiliyində təmsil olunmasında, mülkiyyət hüququnu gerçəkləşdirməkdə çoxlu problemləri var. Ona görə də növbəti forumun qadınların probleminə həsr olunmasını təklif edirəm".
Rüstəm İbrahimbəyov isə diqqəti uşaqların probleminə yönəldib. O deyib ki, dövlət büdcəsindən uşaqların problemlərinin həlli üçün vəsait ayrılmalıdır.
O.M.