YAP Gənclər Birliyi Fransanı Xocalı soyqırımını tanımağa çağırdı

YAP Gənclər Birliyi Fransanı Xocalı soyqırımını tanımağa çağırdı

27 Yanvar 2012 16:30
Bəyəndim (0) Bəyənmədim (0)

Yeni Azərbaycan Partiyası (YAP) mətbuat xidmətinin məlumatına görə, YAP Gənclər Birliyi Fransa prezidenti Nikola Sarkoziyə, bu ölkənin parlamentinin yuxarı və aşağı palatasının və hökumətin hər bir üzvünə fərdi qaydada "Xocalı soyqırımını tanı" başlığı altında müraciət ünvanlayıb. Müraciətdə Xocalı soyqırımı ilə bağlı məlumatlar yer alıb: "1992-ci il fevralın 25-dən 26-na keçən gecə. Azərbaycan Respublikası, Xocalı şəhəri. Erməni hərbi birləşmələri Xocalı şəhərinə hücum edib. Bu amansız hücumun nəticəsində Xocalı əhalisindən 613 nəfər öldürülüb, 487 nəfər şikəst olub, 1275 nəfər dinc sakin - qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz zülm və işgəncələrə məruz qalıb. 150 nəfərin taleyi hələ də məlum deyil. Xocalıda öldürülmüş 613 nəfərdən 106 nəfəri qadın, 63 nəfəri uşaq, 70 nəfəri qoca insanlar olublar. 8 ailə bütövlükdə məhv edilib, 24 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Əlavə xatırlatma: Azərbaycanın ərazisinin 20 faizi erməni silahlı qüvvələri tərəfindən işğal edilib. Bir milyondan yuxarı azərbaycanlı öz yaşayış məskənlərindən qovulmuş, minlərlə insan həlak olub. Ermənistanın Azərbaycana qarşı təcavüzü BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrdə - 822, 853, 874, 884 - pislənilib və işğal olunmuş ərazilərin azad olunması tələb edilib. Münaqişənin sülh yolu ilə aradan qaldırılması məqsədilə 1992-ci ildə yaradılmış ATƏT - in Minsk qrupunun bu il 20 ili tamam olur. Ancaq hələ də Azərbaycanın işğal olunmuş torpaqları Ermənistan ordusunun nəzarəti altındadır. Fransa ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsidir. Biz sizə müraciət edirik: Bəs, siz, Fransa qanunvericiləri-senatorlar, parlamentarilər, hökumət üzvləri, Xocalı soyqırımına nə zaman münasibət bildirəcəksiniz? ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi Fransa Azərbaycanın işğal olunmuş torpaqlarının Ermənistan ordusundan azad edilməsini nə vaxt tələb edəcək?"

YAP Gənclər Birliyi tərəfindən eyni məzmunda müraciətlər müxtəlif dillərdə xarici ölkələrin parlament və hökumət üzvlərinə göndəriləcək və bu aksiya davam etdiriləcək.

O.M.