Fransanın Azərbaycandakı səfiri: "Fransa parlamentarilərinin ünvanına deyilənlər böhtan xarakterli ittihamlardır"

Fransanın Azərbaycandakı səfiri: "Fransa parlamentarilərinin ünvanına deyilənlər böhtan xarakterli ittihamlardır"

25 Yanvar 2012 15:49
Bəyəndim (0) Bəyənmədim (0)

Fransanın Azərbaycandakı səfiri Qabriel Keller Fransa parlamentinin məlum qərarına açıqlama verib: "Əgər Fransa senatı tərəfindən 23 yanvar tarixində səsvermə yolu ilə qəbul edilmiş qanun bəzi türk, yaxud Azərbaycan vətəndaşlarını yaralayırsa, Fransanın hökumət orqanları buna təəssüf edir. Bu səsvermə ilə qəbul edilmiş qanunun ruhunu qətiyyən əks etdirmir. Yaddaş məsələləri hər zaman ağrılı mövzulardır, bu mövzular dünyada qızğın debatlara səbəb olur. Fransa da bu çətin təcrübəni yaşadı və qul alverində, İkinci Dünya müharibəsi zamanı Fransa yəhudilərinin kütləvi sürgünündə Fransa dövlətinin iştirakında və hətta müstəmləkə sistemində öz məsuliyyətini tanıdı".

Səfir ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində vasitəçi kimi fəaliyyətini davam etdirmək niyyətində olduğunu da vurğulayıb: "Bu günədək olduğu kimi, bundan sonra da Fransa Minsk Qrupunda ədalətli, davamlı, beynəlxalq hüququn prinsiplərinə uyğun sülh sazişinə nail olmaq üçün konstruktiv və tamamilə obyektiv rol oynamağa davam edəcək".
Q.Keller Türkiyə səfirinin Fransa parlamentinin üzvlərinin ünvanına səsləndirdiyi fikirlərə də münasibət bildirib: "Fransa parlamentarilərinin ünvanına deyilənlər böhtan xarakterli ittihamlar olduğuna görə, hesab edirəm ki, həmin sözlər Türkiyə kimi böyük ölkənin nümayəndəsinə layiq deyil. Sonda qeyd etmək istərdim ki, səfirin Fransada sülh və əmin-amanlığın pozulması riski barədə söylədikləri milli ictimaiyyətimizə tamamilə inteqrasiya etmiş Fransanın türk icması üçün də təhqirdir".

O.M.