YAP: "Fransa özünün müasir tarixinə gec silinən qara ləkə vurmuş oldu"

YAP: "Fransa özünün müasir tarixinə gec silinən qara ləkə vurmuş oldu"

24 Yanvar 2012 12:32
Bəyəndim (0) Bəyənmədim (0)

Fransa parlamentinin ""erməni soyqırımı"nı inkarı kriminallaşdıran" qərarından sonra Türkiyədə və Azərbaycanda siyasi gərginlik artmaqdadır. Analitiklər və siyasətçilər bu məsələyə birmənalı şəkildə fikir bildirirlər. Azərbaycanın hakim partiyası Yeni Azərbaycan Partiyası da məsələyə öz münasibətini bildirib. Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədovun APA-ya müsahibəsini sizlərə təqdim edirik:

- Fransa Senatı qondarma "erməni soyqırımı"nı kriminallaşdırmaq haqqında qanun layihəsinə səs verdi. Buna münasibətiniz necədir?
- Belə bir cəfəng və məsuliyyətsiz qərarın qəbul olunmasına səs verənlərdən və ermənilərdən savayı dünyada kiminsə ona müsbət baxdığına inanmıram. Fransa parlamenti qondarma "erməni soyqırımı"nı inkar etməyə görə cəza verilməsini nəzərdə tutan qanunu qəbul etməklə özünün müasir tarixinə gec silinən qara ləkə vurmuş oldu. Sözügedən qanun təkcə Türkiyəyə qarşı deyil, onun hədəfində bəlkə də daha çox insan haqlarıdır, sərbəst düşünmə tərzidir. İnsanı nəyəsə inandığına və ya inanmadığına görə ittiham etmək gülüncdür. Belə bir yanaşmanın Fransada sərgilənməsi ikiqat gülüncdür. Bu yollarla kimisə inamından döndərmək mümkün deyil. Vaxt var idi ki, insanları Allaha inanmadığına görə edam edirdilər. Bolşeviklər isə Allaha inananlara cəza verirdilər. Lakin nə inkvizisiya məhkəmələri Allaha inananların, nə də bolşevik təqibləri ateistlərin sayını artırdı. Müasir insanlar belə şeyləri qəbul etmirlər. Görünür, Fransa başqalarına təlqin etmək istədiyini Avropa dəyərlərini siyasi konyunkturaya qurban verdiyinin, bununla da həmin dəyərlərə böyük zərbə vurduğunun o qədər də fərqində deyil. Birmənalı şəkildə deyə bilərəm ki, bundan sonra demokratik dəyərlərin təbliğatçısı kimi Fransanın səmimiliyinə inam ciddi şəkildə azalacaq.
- Azərbaycanın reaksiyası necə olmalıdır?
- Türkiyəyə qarşı olan hər bir addım ya birbaşa, ya da dolayısı yolla Azərbaycana da qarşıdır. Qondarma "erməni soyqırımı" ilə əlaqədar Fransada qəbul olunan qanun isə birbaşa Azərbaycanın maraqlarına toxunur. Belə bir cəfəng və hüquqi əsası olmayan qanunun ortaya çıxması Fransanın açıq şəkildə özünü Ermənistanın müdafiəçisi kimi təqdim etməsi deməkdir. Ümumiyyətlə, son vaxtlar Fransa liderləri Ermənistanın lobbistləri kimi hərəkət edirlər. Fransa prezidenti Sarkozinin bir neçə ay əvvəl Cənubi Qafqaz dövlətlərinə səfəri zamanı Ermənistanı Fransanın bacısı adlandırması, ardınca isə təşəbbüskarı olduğu cəfəng qanunun Avropa İttifaqı tərəfindən qəbul olunmasını tövsiyə etməsi deyilənlərə əyani sübutdur. Unutmaq lazım deyil ki, Fransa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə Minsk qrupunun həmsədri kimi neytral mövqe tutmağa borcludur. Ancaq bunu edə bilmir və ya istəmir. Fransanın açıq şəkildə özünü Ermənistanın maraqlarının lobbiçisi kimi aparması onun öz üzərinə götürdüyü vasitəçilik missiyasına xəyanət etməsi deməkdir. Mövlananın yaxşı bir sözü var: ya olduğun kimi görün, ya da göründüyün kimi ol. Təəssüf ki, çox mühüm vasitəçilik missiyasını üzərinə götürən Fransa nə olduğu kimi görünə, nə də göründüyü kimi ola bilir. Belə olan halda ən ləyaqətli yol o olardı ki, Fransa üzüsulu vasitəçilik missiyasından əl çəkəydi, çünki bu missiyanı yerinə yetirmək üçün mənəvi haqqını itirib. Azərbaycanda Minsk qrupuna inam demək olar ki, qalmayıb. Fransanın məlum hərəkətləri bu qrupa onsuz da tükənən etimadı bütövlükdə heçə endirdi. Azərbaycan vətəndaşları ermənipərəstliyini açıq şəkildə nümayiş etdirən həmsədrdən nə gözləyə bilər?! Hesab edirəm ki, Azərbaycan və Türkiyə qardaşlığı bizim böyük sərvətimizdir və mütləq qorunmalıdır. Bu qardaşlıq bir çox sınaqlardan uğurla çıxıb. Azərbaycan və Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərini pozmağa çalışanlar az deyil. Belə səylər hər iki dövlətə qarşıdır. Biz birlikdə daha güclü və əzəmətli oluruq. Yenə də Azərbaycan və Türkiyə birlikdə olmalıdır. Azərbaycan həm rəsmi şəkildə, həm də vətəndaş cəmiyyəti vasitəsi ilə Fransaya "erməni soyqırımı"nı kriminallaşdırmaq səyləri ilə əlaqədar etirazını dəfələrlə bildirib. Təbii ki, yaranmış vəziyyət Azərbaycan cəmiyyətinin Fransaya münasibətində əhəmiyyətli soyuqluğa və etimadsızlığa səbəb olacaq.
Fransanın Minsk qrupundakı fəaliyyətinə gəldikdə, burada indiyədək mövcud olan tənqidi yanaşmalar, düşünürəm ki, o ölkənin həmsədrlikdən kənarlaşdırılması çağırışları səviyyəsinə qalxacaq.
- Doğrudanmı Fransada erməni sevgisi bu qədər güclüdür?
- Mən düşünmürəm ki, Fransa parlamentinin qondarma "erməni soyqırımı"nın inkar edilməsini kriminallaşdırmaq səyləri müstəsna olaraq erməni sevgisindən qaynaqlanır. Geosiyasi amilləri də diqqətdən qaçırmaq olmaz. Türkiyə sürətlə inkişaf edir, artıq ciddi regional qüvvəyə çevrilib. Orta Şərqdə və Afrikanın Şimalında Türkiyənin nüfuz və rolunun artması göz önündədir. Həmin regionun bir çox ölkələri üçün Türkiyə demokratiya və iqtisadi model baxımından nümunə rolunu oynayır. Fransa isə bu rolunu itirməkdədir. Liviyada böyük qanlar bahasına həyata keçirilən layihə demək olar ki, iflasa uğrayıb və s. Digər tərəfdən, Azərbaycan da sürətlə inkişaf edir, regionda rolu durmadan artır. Bu mənada hədəfə alınan təkcə Türkiyə deyil, həm də Azərbaycanın maraqlarıdır.

O.M.