AŞPA-nın yeni sədri Qarabağ münaqişəsinin həllində ATƏT-in Minsk qrupuna etibar edir

AŞPA-nın yeni sədri Qarabağ münaqişəsinin həllində ATƏT-in Minsk qrupuna etibar edir

23 Yanvar 2012 16:15
641
Bəyəndim (0) Bəyənmədim (0)

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası çərçivəsində qurumun yeni seçilmiş sədri Jan-Klod Minyon mətbuat konfransı keçirib. O, Avropa Şurasının bəzi üzv ölkələri arasındakı münaqişələrə də toxunub. Azərbaycanlı müxbirin Dağlıq Qarabağ üzrə alt komitənin bundan sonrakı fəaliyyəti ilə bağlı sualını cavablandıran J.K.Minyon komitənin fəaliyyətinin hansısa ciddi nəticələr verəcəyinə inanmadığını söyləyib: "Mən belə məsələlərdə üstüörtülü danışmağı sevmirəm və fikirlərimi açıq deyəcəyəm. Mən bu komitənin fəaliyyət göstərə biləcəyinə və hansısa ciddi nəticələrə nail olacağına heç vaxt inanmamışam. Hesab edirəm ki, biz Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk Qrupuna yardım etməliyik. ABŞ, Rusiya və Fransanın həmsədr olduğu Minsk Qrupunun mövcudluğu və fəaliyyəti təqdirəlayiqdir. Münaqişənin Minsk Qrupu çərçivəsində həllini tapacağına tam əminəm. Dağlıq Qarabağ münaqişəsi həll olunmalıdır. Ümid edirəm ki, həm azərbaycanlı, həm də erməni dostlarımız assambleyada indiyədək göstərdiklərindən də artıq sağlam düşüncəli mövqe nümayiş etdirəcəklər. Fikrimcə, tərəflərin son illər ərzində göstərdikləri fəaliyyət bu qaydada davam edərsə, münaqişənin həllinə nail olmaq mümkün olmayacaq. Hər kəs sağlam iradə və istəyini ortaya qoymalıdır. Öz təcrübəmdən deyə bilərəm ki, bəzən bu və ya digər tərəfə sağlam düşüncənin aşılanması üçün ortaya daha ciddi mövqe qoymaq lazımdır. Bu da hamının marağına xidmət edəcək".

O.M.