Azərbaycan politoloqları və siyasətçiləri İranın Azərbaycana qarşı mövqeyini pislədilər

Azərbaycan politoloqları və siyasətçiləri İranın Azərbaycana qarşı mövqeyini pislədilər

23 Yanvar 2012 15:13
Bəyəndim (0) Bəyənmədim (0)

Milli Məclisin deputatı, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı bildirib ki, İran Azərbaycanda təxribatla məşğuldur: "İran bir yandan şiə-müsəlman qardaşlığından danışır, digər yandan terrorçu-xristian Ermənistanla işbirliyi qurur və onu yaşadır. Azərbaycan cəmiyyəti ayıqdır və bu fəaliyyətlə Azərbaycanı İran kimi dövlətə çevirmək mümkün deyil". S.Rüstəmxanlı hesab edir ki, Azərbaycan dövləti İranla bağlı siyasətini baş verənlərə uyğun qurmalıdır: "Əlbəttə, İrana qarşı cəbhə açmaq, düşmən kimi davranmaq tərəfdarı deyilik. Amma hər sözün öz cavabı var".

Yeni Azərbaycan Partiyası icra katibinin müavini Mübariz Qurbanlı bildirib ki, Azərbaycanın internet məkanına hücumlar İran üzərindən edilib və Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi Bakıda hazırlanan terror cəhdinin üstünü açıb: "Bu məsələnin də bir ucu İrana bağlanır. Ümumiyyətlə, İranda bəzi dairələr Azərbaycanla münasibətlərin pozulmasına çalışır. Azərbaycanı ittiham edən yersiz çıxışlar edirlər, təxribat xarakterli hərəkətlər törətməyə çalışırlar. Bu, onu göstərir ki, kimlərsə müstəqil Azərbaycanın inkişafından, mövqelərinin möhkəmlənməsindən narahatlıq hissi keçirir". M.Qurbanlı İranın bölgə siyasətini də qeyri-məqbul hesab edib: "İran Azərbaycanla əlaqələri müsbət istiqamətə yönəltmək üçün çeviklik göstərmir. Eyni zamanda təcavüzkar Ermənistanla əlaqələrini inkişaf etdirir, ermənilərin iqtisadi inkişafına dəstək verir. İran öz qonşuları və islam dünyası ilə münasibətlərinə yenidən baxmalıdır. Bu cür hərəkətlərə imkan verməməlidir. Buz bu cür hərəkətləri həmişə pisləmişik, bu gün də pisləyirik".
Azərbaycan Milli Strateji Tədqiqatlar Mərkəzinin sədri Natiq Miri isə baş verənləri qarşılıqlı etibara zərbə kimi dəyərləndirib: "Artıq ölkələr arasında informasiya savaşı başqa mərhələyə qədəm qoyub. Azərbaycan ərazisində terror aktının törədilməsinə cəhd isə çox ciddi proseslərdən xəbər verir. İran bu basqılarla Azərbaycanı təhdid edir ki, öz ərazisini İrana qarşı hərəkətlər üçün bağlı saxlasın". Politoloq İranın bu narahatlığını əsassız adlandırıb.
Azərbaycanın İranla bağlı yaxın qonşuluq siyasətini saxlamaq məqsədilə güzəştli siyasət yürütdüyünü diqqətə çatdıran Milli Məclisin deputatı, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev isə bəyan edib ki, Azərbaycanın münasibətlərin normallaşdırılması istiqamətində atdığı bütün addımlar İran tərəfindən cavabsız qalıb: "İran daxilində Azərbaycana hərbi müdaxilə üçün ictimai rəy formalaşdırılır, Azərbaycanda dini qüvvələrin siyasiləşdirilməsi istiqamətində iş aparılır. Terrorçuların zərərsizləşdirilməsi isə bir daha sübut etdi ki, İran Azərbaycanda dini və milli düşmənçilik yaymaq, dini tolerantlığı pozaraq gərginlik yaratmaq istəyir".
Q.Həsənquliyev qeyd edib ki, İrandakı bütün məscidlərdə Azərbaycana qarşı çıxışlar edilir: "Rafiq Tağı ilə məsələ də, MTN-nin son əməliyyatı da onu göstərir ki, İran Azərbaycana qarşı düşmənçilik siyasəti yürüdür. Azərbaycan dünya birliyindən, BMT-dən neft obyektlərinin mühafizəsi üçün dəstək istəməlidir, hava hücumundan - raketdən müdafiə sistemləri almalıdır, mümkün hədələrdən qorunmaq üçün sərhəddə hərbi qüvvələrini gücləndirməlidir".
Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev İranın Azərbaycana qarşı atdığı addımların açıq müstəviyə keçdiyinə diqqət çəkib: "İrana bağlı qüvvələrin Azərbaycanda terror aktı törətmək istəyinin ifşa olunması bir daha onu göstərir ki, İran sözdə bizə dost desə də, faktiki olaraq bu münasibətlərdə səmimi deyil".
AXCP sədrinin sədr müavini Razi Nurullayevin fikrincə, İran Azərbaycanda özünün dövlət quruluşuna uyğun siyasi sistemin formalaşmasını istəyir: "Faktiki olaraq İranla Azərbaycan arasında informasiya müharibəsi gedir. Müstəqilliyin ilk illərindən İran Azərbaycanla hədə dilində danışmağa başlayıb. İran Azərbaycanla dost olmaq istəyirsə masa arxasında bunları müzakirə etməli və Ermənistanla əməkdaşlığı birtərəfli qaydada dayandırmalıdır".

O.M.