BAXCP: "İranın uzağa hesablanmış siyasəti ifşa olunmalıdır"

BAXCP: "İranın uzağa hesablanmış siyasəti ifşa olunmalıdır"

23 Yanvar 2012 14:27
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, toplantıda Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Soçidə keçirilən görüşü və İranın Azərbaycana qarşı həyata keçirdiyi təxribat xarakterli addımlar əsas müzakirə mövzusu olub. İclasda bildirilib ki, bu görüşdən hər hansı bir nəticə gözləməyə dəyməz. Danışıqlar prosesində irəliləyişə nail olmaq üçün Azərbaycanın hazırda əlavə təzyiq imkanlarına malik olmadığını vurğulayan İdarə Heyəti Rusiya prezidenti Dmitri Medvedyevin təşəbbüsü ilə həyata keçirilən Soçi görüşünü növbəti görüşlərdən biri kimi dəyərləndirib.

BAXCP İdarə Heyəti İranın getdikcə daha da intensivləşən anti-Azərbaycan kampaniyasının mahiyyətinə də aydınlıq gətirib. İclasda bildirilib ki, Tehran ABŞ-ın İranın hərbi-strateji obyektlərinə zərbə endirə biləcəyinin fərqindədir. Bunun qarşılığında isə ABŞ-a qarşı İranın birbaşa hər hansı bir hərbi təhlükə yaratmaq imkanı yoxdur: "Təsadüfi deyil ki, rəsmi Tehran bir neçə müddət öncə İrana hərbi müdaxilə olunacağı təqdirdə ABŞ-ın bölgədəki maraqlarına zərbə vura biləcəyini bəyan etmişdi. İndiki halda İranın Azərbaycana qarşı həyata keçirdiyi təxribatların və anti-Azərbaycan kampaniyasının da əsasında bu bəyanatdan qaynaqlanan maraqlar dayanır. İran rejimi gələcəkdə Azərbaycanın neft, qaz boru kəmərlərinə və yataqlarına qarşı törədə biləcəyi təxribatlar üçün indidən münbit şərait formalaşdırmağa səy göstərir. Belə ki, Tehran rejimi ölkəmiz əleyhinə total təbliğat kampaniyası aparmaqla Azərbaycan Respublikasını öz vətəndaşlarının gözündən salmağa, həyata keçirdiyi və keçirə biləcəyi ehtimal olunan təxribatlara haqq qazandırmağa çalışır. İranın xüsusi xidmət orqanlarının ölkəmizdə törətmək istədiyi terror aksiyasının qarşısının Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi tərəfindən alınması faktı sübuta yetirir ki, fars-molla rejimi Azərbaycanda milli-dini zəmində qarşıdurma yaratmaq üçün destruktiv fəaliyyətini gücləndirmək niyyətindədir". BAXCP hesab edir ki, Azərbaycan yaranmış vəziyyəti ölkənin milli təhlükəsizliyinə ciddi təhdid kimi qəbul etməli, neft, qaz kəmərlərinin və yataqlarının qorunması üçün beynəlxalq birlikdən dəstək istəməlidir: "İranın uzağa hesablanmış siyasəti ifşa olunmalı, ölkəmizin təhlükəsizliyinə təhdid yarada biləcək bütün çağırışlar nəzərə alınmalıdır".

O.M.