Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı 50 illik yubileyini həbsxanada qeyd etdi

Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı 50 illik yubileyini həbsxanada qeyd etdi

23 Yanvar 2012 13:42
Bəyəndim (0) Bəyənmədim (0)

Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı 50 illik yubileyini 16 saylı cəzaçəkmə müəssisəsində qeyd edib. Bu münasibətlə A.Hacılı İctimai Palataya müraciət göndərib. Musavat.com-un məlumatına görə, müraciətdə deyilir: "Həyatım üçün önəmli bir gündə yaxınlarımla, sizlərlə birgə ola bilmədiyimə görə üzgünəm. Sentimental duyğulardan nə qədər yayınmağa çalışsam da, etiraf etməliyəm ki, 50 yaşı həbsxana divarları arasında qarşılamaq kədərlidir. İnsan həyatı üçün azadlıqdan daha ümdə dəyər yoxdur. Azad olmayan millət, azad olmayan insan xoşbəxt ola bilməz. Ayrı-ayrı insanların, millətin və dövlətin azadlığı uğrunda mübarizədə vacib yer almaq da xoşbəxtlikdir. Bu baxımdan, Tanrının mənə bəxş etdiyi qisməti şükranlıqla qəbul edirəm. Azadlıq mücahidlərinin yeri mübarizə meydanları, həbsxanalardır. Ağır həbsxana həyatımızı yüngülləşdirən, bizə təsəlli verən başlıca amil də budur. Haqqımda dediyiniz və yazdığınız xoş sözlərə, mənə verdiyiniz mənəvi, siyasi dəstəyə görə hər birinizə dərin təşəkkürlərimi bildirirəm. Sizə azad insan, azad millət, azad dövlət uğrunda mübarizədə uğurlar arzulayıram".

O.M.