İsrailli deputatın adı terror qalmaqalında hallandı

İsrailli deputatın adı terror qalmaqalında hallandı

19 Yanvar 2012 11:50
Bəyəndim (0) Bəyənmədim (0)
"Mən şəhid deyəndə intiharçı terrorçuları nəzərdə tutmamışam"

İsrail parlamenti Knessetin ərəb mənşəli deputatı Əhməd Tibi qalmaqala düşüb. Belə ki, millət vəkili "Şəhidlər günü" münasibəti ilə Ramallahda fələstinlilər qarşısında çıxış edərkən deyib: "Fələstin xalqının rəmzi onun şəhidləridir. Şəhidlər tarixdə əbədi qalırlar. Onlar xalqın yolunu açan insanlardır. Onlar azadlıq yolunu öz qanları ilə çəkirlər. İşğalçılar onları terrorçu adlandırırlar, biz isə vətən uğrunda canını verən şəhid. Fələstin xalqının bütün dövrlərdə verdiyi şəhidlərinə salam olsun!" İsrailin "Yediot Axronot" qəzetinin məlumatına görə, israilli deputatın çıxışı ölkədə birmənalı qarşılanmadığı üçün o, parlamentdə fikirlərinə aydınlıq gətirməli olub: "Mən şəhid deyəndə intiharçı terrorçuları nəzərdə tutmamışam, qarşıdurmalar zamanı günahsız ölənləri nəzərdə tutmuşam. Fələstin Administrasiyasının rəhbəri Mahmud Abbas da intiharçı terrorçuları qınayır və onları şəhid saymır. İsraillilər şəhid sözünün mənasını dərk etmirlər və ya səhv başa düşürlər. Şəhid işğal olunmuş vətənində ölən, milli məsələ naminə canını verən şəxsdir. Mənim fikrimin yanlış yerə yozulması şəxsimə qarşı təxribatdır."

Knesset üzvləri deputatın izahatına inandıqlarını bildirsələr də, bəzi millət vəkilləri istehzalı atmacalarını gizlətmədilər. Məsələn, "Kadima" partiyasından olan millət vəkili Naxman Şay həmkarının açıqlamasına bu cür fikir bildirib: "Əhməd Tibinin söz azadlığı barədə düşüncələri həddən artıq "genişdir"".

Şəhid azadlıq yolunda əzablara qatlanan insandır, ikiüzlü deputat yox...

Murad Şahməmmədov

O.M.