İran dünyaya hədə-qorxu gəldi

İran dünyaya hədə-qorxu gəldi

16 Yanvar 2012 11:48
Bəyəndim (0) Bəyənmədim (0)

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini, general-mayor Məsud Cəzayiri ABŞ, Böyük Britaniya və İsrailə xəbərdarlıq edib. İranın "Mehr" xəbər agentliyinin məlumatına görə, general bildirib ki, iranlı nüvə fiziki Mustafa Əhmədi Rövşənə qarşı sui-qəsdi təşkil edənlərin və bu qətli həyata keçirənlərin arxasında olanların cəzalandırılması üçün yollar axtarırlar: "İran bu hadisəni ölkə təhlükəsizliyinə böyük təhdid sayır və hazırda cinayət hadisəsini ciddi şəkildə araşdırır. Biz düşmənlərimizə sərt şəkildə cavab verəcəyik, xüsusilə terror aktının arxasında dayanan ABŞ, Böyük Britaniya və İsrail üçün nəticələr ağır olacaq". Məsud Cəzayiri Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin də iranlı nüvə aliminin qətlində günahkar olduğunu vurğulayıb: "Bu qurum iranlı nüvə alimləri və rəsmilərinin adlarını terrorçu qruplara və casusların əlinə keçməsinə, nəticə etibarilə də onlara qarşı sui-qəsd həyata keçirilməsinə zəmin hazırlayır".

Xatırladaq ki, İranın dünya dövlətlərinə qarşı təhdidləri davam edir. Belə ki, bu ölkənin Neft İxracatçıları Ölkələri Təşkilatındakı nümayəndəsi Məhəmmədəli Xətibi Fars körfəzi ölkələrinə xəbərdarlıq edib. M.Xətibi bəyan edib ki, Avropa Birliyinin İranın ixrac etdiyi neftə qarşı sanksiya tətbiq edəcəyi təqdirdə, qonşu dövlətlər bunu kompensasiya etmək üçün neft hasilatını artırmamalıdır: "Gərək qonşularımız Avropa Birliyinə üzv ölkələrlə əməkdaşlıq etməsin və ağıllı siyasət yürütsünlər. Yəni macəra axtarışına çıxmasınlar".

O.M.