Xocalı faciəsinin tanıdılması üçün diaspora təşkilatları Oqtay Əsədova müraciət etdilər

Xocalı faciəsinin tanıdılması üçün diaspora təşkilatları Oqtay Əsədova müraciət etdilər

16 Yanvar 2012 10:41
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın bir qrup diaspor təşkilatı Milli Məclisinin sədri Oqtay Əsədova müraciət edib. Müraciətdə Xocalı faciəsinin 20 illiyi ərəfəsində diaspora təşkilatlarının bu soyqırımın tanınması istiqamətindəki fəaliyyəti haqda məlumat verilərək, Azərbaycan dövlətindən qarşıya çıxan bəzi problemlərin həlli üçün zəruri addımların atılması xahiş olunub. Müraciətdə qeyd olunub ki, diaspora təşkilatlarının fəaliyyətinə təkan vermək üçün Milli Məclisin xarici ölkələrin parlamentlərinə müraciət etməsinə ehtiyac var: "Bəzi məsələlər Xocalı faciəsinin təşkilatçı və iştirakçılarının beynəlxalq məhkəmə önünə çıxarılmasını tələb etməyimizə, bu faciə ilə bağlı beynəlxalq istintaq qrupunun yaradılması yönündə iş aparılmasına, olayın soyqırımı kimi tanınmasına sözün əsl mənasında mane olur. İnanırıq ki, sizin atacağınız addımlardan sonra Avropa dövlətlərinin rəsmi dairələrinin əllərində başqa bir bəhanə olmayacaq və Xocalı faciəsi ilə bağlı konkret müzakirələrə başlanılacaq".

Qeyd edək ki, müraciət dünyada yaşayan azərbaycanlılar adından Azərbaycanlı Siyasi Mühacirlərin Dünya İttifaqı (Hollandiya), Odlar Yurdu Birliyi (Hollandiya), Yeni Müxalifət Hərəkatı (Hollandiya), Azərbaycanda Demokratiyaya Dəstək Komitəsi (Hollandiya), Frankfurt Azərbaycan Cəmiyyəti (Almaniya), Azərbaycanda Demokratiya Uğrunda Beynəlxalq Cəmiyyət (Almaniya), Maynz Azərbaycan Cəmiyyəti (Almaniya), "Oğuz yurdu" Cəmiyyəti (İsveç), "Prometey" təşkilatı (İsveç), Bütöv Azərbaycan Təşkilatı (İsveç), "Odlar Yurdu" Təşkilatı (Norveç), "Azeriunited" Cəmiyyəti (Hollandiya), Türkiyə Azərbaycan Dərnəkləri Federasyonu (Ankara), Azərbaycan-Belçika Dostluq Cəmiyyəti (Belçika), Vətən Sevər Azərbaycan-Küveyt Dostluq və Mədəniyyət Əlaqələri Cəmiyyəti imzalayıb.

O.M.