"Müsavat" partiyasında monarxiya dövrü başlaya bilər

"Müsavat" partiyasında monarxiya dövrü başlaya bilər

11 Yanvar 2012 20:33
Bəyəndim (0) Bəyənmədim (0)
İsa Qəmbər isə partiya başqanı olmaq istəmir

"Müsavat Partiyasında hamının qəbul etdiyi yeganə lider var. Bu şəxs də İsa Qəmbərdir. O, partiyamızda hər kəsin qəbul etdiyi yeganə şəxsdir və bu, birmənalıdır. İsa Qəmbərdən sonra kimsənin bu dərəcədə qəbul olunma şansı yoxdur". Bunu jurnalistlərə açıqlamasında Müsavat Partiyası Məclisinin sədri Arzu Səmədbəyli deyib. O bildirib ki, Müsavat Partiyasında başqanlığa və digər seçkili orqanlara namizədliklə bağlı mənzərə tam aydın deyil: "Amma mən hesab edirəm ki, vaxtilə Müsavat Partiyasının Nizamnaməsinə salınmış iki dəfədən artıq seçilməklə bağlı qadağa demokratik müddəa deyil. Çünki partiya hakimiyyət deyil. Partiya Nizamnaməsində belə bir qadağanın qoyulması halı nə postsovet məkanı ölkələrində, nə də Türkiyədəki partiyalarda var. Heç inanmıram ki, inkişaf etmiş Avropa ölkələrindəki partiyaların nizamnamələrində də belə bir məhdudiyyət olsun. Bilirsiniz, ola bilər ki, hansısa partiyanın qurultayı iki ildən bir olsun, ola bilsin üç ildən, ya da dörd ildən bir olsun. Müsavat Partiyasında qurultay dörd ildən birdirsə, başqa partiyada iki ildən birdir. İldə bir dəfə qurultay keçirən partiyalar da var. Yəni mən həmin qadağa müddəasının Nizamnaməyə salınmasını uğurlu hadisə kimi qəbul eləmirəm. İstənilən siyasi partiyanın qurultayı həmin qurumun strateji kursunu müəyyən edən, onu Nizamnamə və Məramnaməsini qəbul edən orqandır. İstənilən an qurultay istədiyi maddəni Nizamnaməyə daxil edə də bilər, çıxara da bilər. Bugünkü reallıq ondan ibarətdir ki, Müsavat Partiyasında böyük çoxluq - tərkibin 99 faizi Nizamnaməyə məhdudiyyət bəndinin çıxarılmasının tərəfdarıdır; onlar partiyanın indiki başqanı İsa Qəmbərin başqanlıqdan getməsini istəmirlər. Doğrudur, partiya başqanı namizədliyini irəli sürməyəcəyini deyib. Amma başqa bir hal da mövcuddur ki, İsa bəy özü demokratiya qaydalarına riayət edən bir şəxs kimi əgər qurultay nümayəndələrinin əksəriyyəti məhdudiyyət müddəasının çıxarılmasını və onun təkrar başqanlığını istəyəcəksə, düşünürəm ki, başqan öz əqidədaşlarına, tərəfdarlarına, ona bu qədər inam, etibar göstərən insanlara sayğı ilə yanaşacaq".

A.Səmədbəyli şəxsən özü Nizamnaməyə başqanlıqla bağlı məhdudiyyətin götürülməsini və İsa Qəmbərin yenidən başqan seçilməsinin birmənalı şəkildə tərəfdarı olduğunu vurğulayıb.
Qeyd edək ki, Müsavat Partiyasının indiki Nizamnaməsinə görə, hazırkı başqan İsa Qəmbər namizədliyini irəli sürə bilməz. İ.Qəmbər özü də dəfələrlə mətbuata müsahibələrində partiyanın VIII qurultayında başqanlığa namizədliyini irəli sürməyəcəyini açıqlayıb.
Müsavat Partiyasının VIII qurultayının bu il martın 3-4-də keçirilməsi qərara alınıb.

O.M.