Avropa Məhkəməsi Azərbaycan hökumətindən həbsdə olan müxalifətçilərə təzminat tələb etdi

Avropa Məhkəməsi Azərbaycan hökumətindən həbsdə olan müxalifətçilərə təzminat tələb etdi

10 Yanvar 2012 15:18
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Avropa İnsan Haqları Məhkəməsi 2005-ci ildə deputatlığa namizəd olmuş AXCP sədri Əli Kərimli, Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Məmmədov (Cəlaloğlu) və "Aydınlar" Partiyasının sədri Qulamhüseyn Əlibəyli ilə bağlı qərarını açıqlayıb.

Vəkil Əsabəli Mustafayevin APA-ya verdiyi xəbərə görə, qərara əsasən, Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı protokolunun 3-cü (azad seçki hüququ) və 14-cü (ayrı-seçkilik) maddələri pozulub. Məhkəmənin qərarında həmçinin Azərbaycan hökuməti tərəfindən Əli Kərimliyə maddi ziyana görə 20 min, mənəvi ziyana görə 7 min 500, hüquqi xidmətlərə görə 3 min avro, Qulamhüseyn Əlibəyliyə mənəvi ziyana görə 7 min 500, hüquqi xidmətə görə 3 min avro, Arif Hacılı və Sərdar Cəlaloğlunun hər birinə isə mənəvi ziyana görə 7 min 500, hüquqi xidmətlərə görə isə 1 600 avro ödənilməli olduğu qeyd olunub.
Qeyd edək ki, həmin şəxslər iddialarında bildiriblər ki, 2005-ci ildə parlament seçkilərində deputat seçilsələr də, Arif Hacılı və Sərdar Məmmədovun deputatlığı Mərkəzi Seçki Komissiyası (MSK), Əli Kərimli və Qulamhüseyn Əlibəylinin deputatlığı isə Konstitusiya Məhkəməsi (KM) tərəfindən ləğv olunub. Məhz bundan sonra həmin şəxslər Avropa İnsan Haqları Məhkəməsinə müraciət ediblər.

O.M.