Prezident “N” saylı hərbi hissəsi üçün inşa edilmiş şəhərciklə tanış olub

Prezident “N” saylı hərbi hissəsi üçün inşa edilmiş şəhərciklə tanış olub

5 İyun 2018 17:29
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 5-də Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsi üçün inşa edilmiş hərbi şəhərcikdə yaradılan şəraitlə tanış olub.

Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov dövlətimizin başçısına raport verdi.

Məlumat verildi ki, bu hərbi şəhərciyin inşasına 2015-ci ilin yanvarında başlanılıb və 2017-ci ilin fevralında tikinti işləri başa çatdırılıb. Hərbi şəhərcikdə 28 yaşayış və qeyri-yaşayış binası, 350 avtomobil və zirehli texnikanın saxlanması üçün park inşa edilib. Ərazidə qərargah binası tikilib. Binadakı 28 xidməti otaqda hərbi qulluqçular üçün zəruri şərait yaradılıb. Otaqların hamısı lazımı avadanlıqla təchiz olunub. Hərbi şəhərcikdə 120 nəfərlik 8 və 150 nəfərlik 1 əsgər yataqxanası tikilib. Yataqxanalarda əsgərlərin rahatlığı üçün hərtərəfli şərait yaradılıb. Burada subaylar üçün 126 nəfərlik 3 yataqxana, zabitlər üçün 14 mənzilli 2 yaşayış binası inşa olunub. Əsgər yeməkxanası da yüksək səviyyədə qurulub. Burada 1500 hərbi qulluqçunun dolğun qidalanması üçün geniş imkanlar var. Hərbi şəhərcikdə çörəkbişirmə məntəqəsi də fəaliyyət göstərir. Hərbi qulluqçuların istirahəti ilə yanaşı, onların asudə vaxtlarının səmərəli təşkili üçün şəhərcikdə bütün tədbirlər görülüb. Ərazidə inşa olunan trenajor binasında atış və sürücülük məşqlərinin keçirilməsi üçün 4 tank və 6 piyada döyüş maşını təlim-məşq qurğusu quraşdırılıb.

Hərbi şəhərcikdə 500 yerlik klub binası da var. Burada ölkəmizin, eyni zamanda, hərbi hissənin həyatında baş verən əlamətdar günləri qeyd etmək mümkün olacaq. Şəhərcikdə yaradılan hamam-camaşırxana-qazanxana kompleksi də müasirliyi ilə seçilir. Ərazidə tibb məntəqəsi tikilib. Müasir avadanlıqla təchiz olunan bu məntəqə 56 çarpayılıqdır. Şəhərcikdə qarovulxana binası inşa olunub, ərzaq və əşya anbarları, transformator yarımstansiyası, nəzarət-buraxılış məntəqəsi, su nasos stansiyası, 500 kubmetrlik 2 su anbarı quraşdırılıb. Hərbi şəhərcikdə genişmiqyaslı abadlıq və yaşıllaşdırma işləri görülüb.

Bu hərbi şəhərcikdə yaradılan şərait bir daha sübut edir ki, dövlətimiz tərəfindən hərbi sahənin potensialının artırılması, əsgər və zabitlərin xidmət şəraitləri ilə yanaşı, məişət şəraitlərinin də yüksək səviyyədə təmin edilməsi istiqamətində mühüm addımlar atılır. Son dövrlərdə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Ordumuz müasir silah-sursat, hərbi texnika ilə təmin edilir, yeni hərbi şəhərciklər inşa edilir, mövcud olanları isə ən yüksək səviyyədə yenidən qurulur. Bütün bu tədbirlər Azərbaycan dövlətinin hərbi sahənin inkişafına yüksək diqqət və qayğı ilə yanaşmasının aydın təzahürüdür.