ABŞ və İsrailin regionu titrədəcək – Planı

ABŞ və İsrailin regionu titrədəcək – Planı

5 İyun 2018 16:32
Bəyəndim (0) Bəyənmədim (0)

Knesset - İsrailin qanunverici orqanı Yaxın Şərqin siyasi xəritəsini dəyişmək üçün konkret hərəkətə keçib. Parlamentin əsas partiyaları "müstəqil Kürdüstan" dövlətinin tanınmasını nəzərdə tutan layihəni müzakirəyə təqdim ediblər və görünən odur ki, hazırda hakimiyyətdə olan iki siyasi qüvvənin təşəbbüsü onların rəhbərlərinin prinsipial mövqeyindən irəli gəlir, cari maraqların məcmusu deyil və belədə sənədin qəbuluna şübhə yeri qalmır.

Baş nazir Benyamin Netanyahu və Müdafiə naziri Aviqdor Libermanın müvafiq olaraq, "Likud və İsrail - Bizim Ev" təşkilatları son bir ildə fəal şəkildə kürdlərin siyasi haqlarını qlobal-regional müstəviyə daşımağa çalışıblar və hazırkı cəhdlər də daxildə xal uğrunda yarışdan daha çox milli mənafelərə cavab verən strategiya təsiri bağışlayır.

Əslində, ötən ilin sentyabrında İraqın bölünməsinə xidmət edən müstəqillik referendumu bir çoxlarının nəzərində Suriyadakı məğlubiyyətin əvəzini kürd dövlətini qurmaqla çıxmağa çalışan Qərbin İŞİD erasının bitməsindən dolayı ehtiyat tədbiri sayıla bilərdi. Elə o zaman bir çoxlarının tərəddüdlü davranışlarına rəğmən Təl-Əviv xalq səsverməsinin nəticələrini tanımağa qalxdı. O biri yandan, Ağ Evdən verilən reaksiyalar İraq və Türkiyə hökumətini sakitləşdirməyə xidmət etsə də, o zamankı ABŞ Dövlət katibi Reks Tillersonun Məsud Bərzaniyə məxfi məktublarında peşmərgələrin Əsəd rejimi və terror əleyhinə mübarizələrinin yekununda ələ keçirdikləri ərazilərdə hansı bayrağı qaldırmaları açıq göstərilirdi. Deməli, ən azı iki güclü siyasi paytaxtın razılaşması olmadan kiminsə belə təhlükəli nəticələr doğuran separatizmə özbaşına əl atması mümkün deyildi. Qan tökməyin və islam mücahidləri ilə savaşda itkilərə məruz qalmağın mükafatı başqa cür verilməliydi. Hər halda Yaxın Şərqin ən döyüşkən xalqını silah və pul cəhətdən əldə saxlayanlar vuruşmağa qadir bir milləti gələcəkdə ən azı 3 hədəfə qarşı yönəldə biləcəkdilər.

Ankaradan verilən sərt reaksiyaların və hədələrin, Tehranın İraqın o vaxtkı hökumətinə göstərdiyi əsgəri yardımın nəticəsində nəinki müstəqilləşmə hərəkatını boğmaq mümkün oldu, eləcə də Şimali Kürdüstan Mosul və Kərkük ətrafında onun üçün çox əhəmiyyətli əraziləri də itirdi. Təbii ki, İsrail o vaxtlar qeyri-rəsmi qaydada aldığı neft sisternlərinə görə yalnız daxili yanacaq tələbatını ödəməyin arxasınca getmirdi, eləcə də Bərzani klanı Bağdadın razılığı olmadan yaxın qonşularına ixrac etdiyi enerji resursundan qazandığı pulları dövlətçiliyini qorumağa yönəldirdi və hamıya aydın idi ki, əgər boru kəmərləri bağlansa, nə döyüşən ordunu ayaqda saxlamaq mümkün olacaq, nə də hakimiyyəti.

Lakin əsas məsələ Yaxın Şərqdə İranın artan hərbi iştirakının qarşısını almaqdır. Əgər yaxın bir neçə ilin hadisələrini təkrar xatırlasaq, 4 il əvvəl Əsəd rejiminin yıxılması hamıya qaçılmaz görünürdü. O zaman Rusiya və Türkiyənin münasibətləri kifayət qədər yüksək səviyyədə də olsa, Tehranın xarici siyasət təşəbbüsləri Moskva və Ankara tərəfindən müdafiə olunmurdu. Qərbin Parisdə və Londonda yaratdığı böyük koalisiyaların Suriyanın siyasi gələcəyini tam öz əlinə aldığı bir zamanda dövrəyə heç kəsin ağlına gəlməyən "üçlərin ittifaqı" girdi. Əsədin ölkəsinə tam nəzarəti itirdiyi şəraitdə mürəkkəb hərbi teatr səhnəsinə Türkiyədən, Rusiyadan real silahlı dəstək almaq həqiqətən də o vaxtkı İran siyasətinin uğuru sayıla bilər. Nəticədə Yaxın Şərq arealında ən azı Hizbulahdan, Yəmən şiə dəstələrindən və Pakistandan gələn eyni dini məzhəb daşıyıcılarının hesabına o regionda böyük nüfuza yiyələnmiş İran hərbi generalı Qasım Süleymaninin rəhbərliyi altındakı qüvvələrin sayı 120 minə çatdı. ABŞ və İsrailin son aylar ərzində şiə orduları bazalarına endirdikləri zərbələrin sayı-hesabı olmasa da, böyük regional savaş açaraq bütün İran silahlı birləşmələrini Suriyadan çıxarmaq real görünmür.

Əvəzində İraqda seçkilərdən sonra hakimiyyəti formalaşdırmaq uğrunda mübarizə yenidən şiddətlənib. Müqtəda əs-Sədrin bütün cəhdlərinə baxmayaraq, özünün geniş əlaqələri və məxfi kanalları hesabına general Süleymani Qərbin istədiyi rejimin qarşısına fərqli bir koalisiya ilə çıxmağa çalışır. Belə şəraitdə kürdlər də İranın müttəfiqi kimi qarşıdakı siyasi layihələrdə iştirak etməyə qadirdilər.

Ağ Evin İran əleyhinə son həmlələri həmin siyasətin ayrılmaz hissəsi olan İsrailin ultimatumlarını daha da gücləndirib. Günlər öncə Netanyahu Tehran rejimini Suriyadan çıxmağa çağırdı, hətta BMT-də onları 3-cü ölkələrdə müharibə aparmağı qadağan edən qətnamə çıxardılar, amma Xamenei xanədanını bu yolla böyük islam coğrafiyasının yenidən bölüşdürülməsi uğrundakı qanlı savaşlardan uzaqlaşdırmaq o qədər real deyil. Ona görə də hamı kürd kartından öz mənafeyi üçün yararlanıb balansı təmin etməyə çalışır. Amma Türkiyə son aylar daha mütəhhərik siyasət yürüdürək, özünü çox uğurlu bir şəkildə kürdlərin də vətəni və dövləti kimi aparmağa çalışır, o biri yandan İsrailin artan təzyiqinin qarşısını almaq üçün ilk növbədə, Birləşmiş Ştatlarla dil taparaq, regiona ixrac edilən xaosun, yəni, silah və maliyyə kütləsinin qarşısını kəsməyə cəhd edir.

O biri yandan İran 9 mayda Putinlə çiyin-çiyinə faşizm üzərində qələbənin 73-cü ildönümünü qeyd edən İsrail rəhbərinin rus dövlət başçısı ilə Yaxın Şərqdə uzlaşma tapacağından ehtiyatlanaraq, Suriyada yaranmış müvəqqəti pauzanın yerini daha amansız müharibənin tutacağı təqdirdə ondan hansı yolla çıxacağını düşünür. Bəli, əsil absurd teatrı adlana bilər. Bəlkə də 2-ci Dünya müharibəsının sonu belə dramatizmə malik olmamışdı. Yeni-yeni cəbhələr açmaq tələb olunur, lakin kimə qarşı? Nəticəsi nə olacaq? Hadisələrin gələcəyini proqnozlaşdırmaq üçün burada dahi olmağa ehtiyac yoxdur. İranın Yaxın Şərqdən qoparılması istəyi milyonlarla müsəlmanın itkisi və humanitar fəlakətinə səbəb olacaq.

Ona görə də Kürdüstan dövlətini qanlı gölməçələrdə inşa etmək istəyi islam arealındakı qeyri-sabitliyi daha da gücləndirəcək. Digər tərəfdən, xaricdə saxlanan İran, Rusiya, Türkiyə, Səudiyyə və Amerika ordularını təmin və təchiz etmək milyardlarla dollara başa gəlir ki, bunlar da öz xalqlarının boğazından kəsilən vəsatilərdir. Nə vaxta qədər bu sümürgənliyin davam edəcəyini isə heç kəs bilmir.

Obamanın mirasının təftişi üzərində Ağ Evə yiyələnən Donald Tramp administrasiyası düz 2 dəfə Suriyadan çıxacağını bəyan etsə də, regionu kiməsə verib sifətini tam itirərək meydandan çıxmaq istəmir. Onda haqlı olaraq, hər bir yerli vətəndaş soruşacaq ki, son 20 ildə xərclənən trilyonların nəticəsində əldə olunan sabit siyasi rejimlər, geosiyasi nailiyyətlər və iqtisadi qazanclar nədən ibarətdir?

Lakin orası da var ki, ən qəzəbli seçici xarakteri iri media holdinqlərinin yaratdığı informasiya dumanında boğulub nəzərdən itir və bir də növbəti dünya ekspansiyası zamanı dirçəlib qulaq aparır!

Zahid Oruc