Paşinyanın Qarabağ oyunu başladı: Hədəf Saakyandır

Paşinyanın Qarabağ oyunu başladı: Hədəf Saakyandır

5 İyun 2018 09:20
Bəyəndim (0) Bəyənmədim (0)

Qarabağdakı hadisələr onu göstərir ki, artıq Ermənistanda başlayan proseslər işğal olunmuş ərazilərimizdə də davam edir.

Mediainfo.az-ın verdiyi xəbərə görə, bu sözləri axar.az-a açıqlamasında Qarabağdakı etiraz aksiyaları ilə bağlı danışan Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib.

"Birincisi, etirazlar yaxşı təşkil olunub və onların məqsədləri var. Ancaq burada bir məqamı yada salmalıyıq. Bako Saakyan vaxtilə Ermənistanın təhlükəsizlik xidmətini Moskvada təmsil edib. Yəni o, xüsusi xidmət orqanlarının peşəkar əməkdaşı olub və Rusiya dairələrinə çox yaxındır və Moskva tərəfindən ona etibar böyükdür. İndi Qarabağda Saakyana qarşı başladılan hadisələr onu göstərir ki, artıq Ermənistanda başlayan proseslər işğal olunmuş ərazilərdə də davam edir. Bu da təbiidir, çünki eyni siyasi, iqtisadi və hərbi strukturları olan ərazilərdir. Onlar bu ərazini separatçı rejim adlandırırlar, ancaq bütün bunlar həqiqəti gizlətmək üçün istifadə edilən vasitələrdir. Qarabağdakı aksiyalar nəticəsində ruslara və Qarabağ klanına aid şəxslərin ardıcıl şəkildə hakimiyyətdən uzaqlaşdırılcağını düşünürəm. Bu proses davamlı olacaq", - T.Zülfüqarov bildirib.

T.Zülfüqarov hesab edir ki, Rusiya Qarabağdakı proseslərə ciddi müdaxilə etməyəcək:

"Çünki artıq Rusiya Ermənistana marağını itirib. Moskva bu və ya digər şəkildə İrəvandan uzaqlaşmaq istəyir. Əslində, ermənilər son olaylarla Rusiyanın əlinə yaxşı bəhanə vermiş oldu. Ümumiyyətlə, proseslər göstərir ki, Ermənistanda və işğal olunmuş ərazilərdə idarəetmə sistemi böhran vəziyyətindədir. Təbii ki, belə olan halda da dövlət funksiyalarını həyata keçirən təşkilatların imkanları ciddi şəkildə azaldılacaq".

Qeyd edək ki, Qarabağda iyunun 1-dən etiraz aksiyaları keçirilir. Etirazçılar separatçı rejimin güc strukturlarının istefasını tələb edirlər. Hələlik İrəvan baş verənlərlə bağlı mövqe ortaya qoymayıb.