Səfirliyimiz Ukrayna XİN-ə bəyanat ünvanladı

Səfirliyimiz Ukrayna XİN-ə bəyanat ünvanladı

30 Mart 2018 16:34
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın Ukraynadakı səfirliyi bu ölkədə fəaliyyət göstərən beynəlxalq təşkilatlara, xarici dövlətlərin diplomatik korpuslarına, Xarici İşlər Nazirliyinə 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi ilə əlaqədar bəyanat ünvanlayıb.

İngilis və Ukrayna dillərində yayımlanan bəyanatda 1813-cü və 1828-ci illərdə imzalanan Gülüstan və Türkmənçay müqavilələrinin Azərbaycan xalqının parçalanmasının, tarixi torpaqlarımızın bölünməsinin əsasını qoyduğu qeyd olunur. Bildirilib ki, Azərbaycan xalqının bu milli faciəsinin davamı kimi onun torpaqları zəbt olundu, qısa müddətdə bu siyasət gerçəkləşdirilərək ermənilərin Azərbaycan torpaqlarına kütləvi surətdə köçürülməsi həyata keçirildi, soyqırımı Azərbaycan torpaqlarının işğalının ayrılmaz bir hissəsinə çevrildi.

Bəyanatda qeyd olunur: "böyük Ermənistan" yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları Birinci Dünya müharibəsindən, Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən məharətlə istifadə edərək öz iddialarını bolşevik bayrağı altında reallaşdırmağa nail oldular. 1918-ci ilin mart ayından etibarən ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olundu. Minlərlə dinc azərbaycanlı yalnız milli mənsubiyyətinə görə məhv edildi. Ermənilər evlərə od vurub insanları diri-diri yandırdılar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıdıb Bakının böyük bir hissəsini xarabalığa çevirdilər.

Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqla həyata keçirildi. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirildi, kəndlər yandırıldı, milli mədəniyyət abidələri dağıdılıb məhv edildi".

Vurğulanır ki, Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqların zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdikləri soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil edib. Bu hadisələrin yalnız birinə - 1918-ci il mart qırğınına siyasi qiymət vermək cəhdi göstərilib. Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) varisi olan Azərbaycan Respublikası bu gün AXC-nin axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı kimi soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir.

Ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanından sonra hər il 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində qeyd edilir.(olke.az)