Avropada gərginlik: diplomat həbs edildi

Avropada gərginlik: diplomat həbs edildi

28 Mart 2018 09:53
Bəyəndim (0) Bəyənmədim (0)

Kosovada Serbiya Nazirlər Kabinetində Kosova və Metoxiya üzrə İdarənin rəhbəri Marko Curiç və onun köməkçisi saxlanılıb.

Nazirin saxlanılması əməliyyatını Kosova xüsusi təyinatlıları həyata keçiriblər. Belə ki, Kosovanın şimalında serblərlə görüşə gələn Curiçin saxlanılması zamanı insanlar onu müdafiə etməyə çalışıblar. Xüsusi təyinatlılarla toqquşma zamanı 32 nəfər yaralanıb, onlardan 8-nin vəziyyətinin ağır olduğu bildirilib. Curiç dərhal paytaxt Priştinaya gətirilib. Daha sonra o, dövlət sərhədini qanunsuz keçməkdə ittiham edilib və ölkəyə girişi qadağan olunub.

Curiçin saxlanılmasından sonra serblərin yaşadığı Mitrovitsa şəhərində serblər ayağa qalxıblar. İbr çayı sahilində toplaşan serblər şəhərin albanlar yaşayan hissəsi ilə serblərin yaşadığı hissə arasında barrikadalar quraşdırmağa başlayıblar. Serblərin Kosovadakı ən böyük partiyası olan Serb Siyahısı Kosova hökumətindən istefa verdiyini açıqlayıb.

Bundan başqa Serbiya hökuməti insidentlə əlaqədar təcili toplanıb. Milli Təhlükəsizlik Şurasını toplayan Prezident Aleksandr Vuçiç Muriç olayını ciddi provokasiya adlandırıb. O, Kosova rəhbərlərinin terrorçular bandası olduğunu bildirib.

Vuçiç Rusiya Prezidenti Vladimi Putinlə də telefon əlaqəsi qurub. Bu telefon zəngindən dərhal sonra açıqlama verən Rusiyanın Serbiyadakı səfirliyi Kosovanın bu addımı Avropa Birliyinin dəstəyi ilə atdığını bildirib.

Curiçin həbsindən dərhal sonra Belqrada Avropa Birliyinin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə komissarı Federika Moqerini səfər edib. O, Belqradda Prezident Vuçiçlə görüşüb, onunla Serbiya və Kosova arasındakı danışıqların gələcəyi haqqında danışıqlar aparıb. Komissar Kosovada baş verənlərin bir daha təkrarlanmaması gərəkdiyini söyləyib.

Belqrada gələn Marko Curiç isə Kosova polisinin onunla pis davrandığını açıqlayıb. O, xüsusi təyinatlıların onun qalstukundan tutaraq "itlər kimi" nəzarətə aldıqlarını və həbsi zamanı "Allahu əkbər" dediklərini bildirib.

Qeyd edək ki, bir müddət öncə Kosova hökuməti Marko Curiçin ölkəyə gələrək, buradakı serblərlə görüşünə izn verməyib. Bu qadağadan sonra açıqlama yayan Curiç qaçaq yolla da olsa, Kosovaya girib, Mitrovitsada görüş keçirəcəyini bildirmiş və bununla da rəsmi Priştinaya meydan oxumuşdu.(axar.az)