Nazir müavini qaçqın və məcburi köçkünlərlə görüşüb

Nazir müavini qaçqın və məcburi köçkünlərlə görüşüb

19 Mart 2018 12:00
136
Bəyəndim (0) Bəyənmədim (0)

Bütün əlamətdar hadisələrdə olduğu kimi, Novruz bayramı ərəfəsində - martın 17-18-də daxili işlər nazirinin müavini, polis general-leytenantı İsmət Əliyevin başçılığı ilə Nazirliyin nümayəndələri Sabirabadın Yeni Şəhriyar və Goranboyun Aşağı Ağcakənd qəsəbələrində müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkünlərlə görüşüblər.

Mediainfo.az saytına DİN Mətbuat xidmətindən verilən məlumata görə, nazir müavini doğma yurd yerlərindən didərgin düşmüş soydaşlarımızı qarşıdan gələn əziz bayram münasibətilə respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubovun adından təbrik edib, ən xoş arzularını çatdırıb, onların qayğı və problemlərinə, müraciətlərinə hər zaman diqqətlə, həssaslıqla yanaşılmasının əsasının hələ ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu, hazırda bu siyasətin uğurla davam etdirildiyini xatırladıb.

Polis general-leytenantı İsmət Əliyev sosial müdafiəyə ehtiyacı olan bu insanların həyat, məişət şəraitinin yaxşılaşdırılması üçün görülən tədbirlərdən, ordu quruculuğu, iqtisadi qüdrətimizin daha da yüksəldilməsi, cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahələrində əldə olunmuş uğurlardan söz açıb.

Qaçqın və məcburi köçkünlər adından çıxış edənlər dövlət başçısının apardığı siyasət nəticəsində doğma torpaqlarına qayıdacaqlarına əmin olduqlarını, göstərilən daimi diqqət və qayğıya görə ölkə və DİN rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Daxili işlər orqanları əməkdaşlarının könüllülük prinsipi əsasında topladıqları 68 min manat soydaşlarımıza təqdim olunub.

Görüşlərdə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov və Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov iştirak ediblər.