"Bu zəhərdən hətta sağ qalanların da bütün həyatı alt-üst olur…"

"Bu zəhərdən hətta sağ qalanların da bütün həyatı alt-üst olur…"

15 Mart 2018 11:15
Bəyəndim (0) Bəyənmədim (0)

"The Independent" yazır ki, keçmiş Rusiya casusu Sergey Skripal və qızı Yulia "Noviçok" adlı kimyəvi maddə hücumundan salamat qalsalar da, onların sonrakı həyatı ömürlük xəstəliklə tamamilə darmadağın olacaq.

Rusiya hərbi kimyaçılarından birinin təsadüfən bu supertoksik maddə ilə zəhərlənməsi tarixçəsi göstərir ki, bu zəhərdən salamat qalmaq da dəhşətlidir.

Deyilənlərə görə, Andrey Jeleznyakov adlı alimə bu zəhərin antidotu dərhal vurulsa da, o sonralar toksik hepatitdən, epilepsiyadan, ağır depressiya və zəiflikdən iztirab çəkib. O, beş il sonra vəfat edib.

Bəzi ekspertlər qəzetə deyiblər ki, bu maddədən "mafiyasayağı xəbərdarlıq" şəklində istifadə olunub. Bununla Moskva xəbərdarlıq edib ki, "öz ölkəsinə qarşı çıxanlar boyunlarının arxasından güllə ilə vurulmasalar da, olmazın əzabla öləcəklər".

Britaniyalı beynəlxalq təhlükəsizlik eksperti doktor Patricia Lewis bildirir ki, bu kimyəvi zəhərlə hücumu həyata keçirən şəxs onun Rusiyadan qaynaqlandığının dərhal aşkar ediləcəyini bilirib.

Ekspert bildirib ki, hazırda "Noviçok" kimi maddələrin nəinki Rusiyada istehsal olunduğunu, hətta konkret olaraq hansı coğrafiyada hazırlandığını da müəyyən etməyə imkanı verən elmi metodlar mövcuddur.

Professor Lewis deyir ki, Moskva bütün bunlardan xəbədardır. Ekspert qeyd edir ki, keçmiş casus Aleksandr Litvinenko da poloniumla zəhərlənərkən onu öldürənlərin məqsədi məhz "iz qoymaq" idi.

Andrey Jeleznyakovun başına gəlmiş hadisə göstərir ki, Noviçok hətta onun təsirinə məruz qalmış şəxs sağ qala bilsə də dəhşətli maddədir.

Versiyalardan birinə görə hərbi kimyaçı Jeleznyakov "hazır məhsulu" sınaqdan keçirirəkən özü zəhərlənmişdi.

Vil Mrzayanov Pulitzer mükafatlı "Ölü əl" kitabının müəllifi David E. Hofmana demişdi ki, Jeleznyakovun zəhərlənməsinə səbəb 1987-ci ildə gizli laboratoriyadakı hava borusunun sıradan çıxması olub.

"Boru nəyə görəsə sınıb və zəhərli hava laboratoriyaya dağılıb, - Hoffman yazır, - Jeleznyakov hava axınının qarşısını ala bilib, amma artıq iş-işdən keçmişdi".

"Gözlərimin qarşısında cürbəcür rəngli dairələr görünürdü. Boğulurdum. Başımın içərisində sanki zəng çalırdılar. Məni dəşhətli daxili qorxu hissi bürümüşdü, - Jeleznyakov deyirdi, - Sonra yoldaşlarım məni rəisin yanına apardılar. O dedi ki, bir fincan çay içim və hər şey normal olacaq. Çayı içib qalxdım. Məni yola salmaq üçün bir nəfəri qoşdular. Onunla evə tərəf gedirdik… Birdən gördüm ki, yolun kənarındakı kilsə alovlanıb iki yerə bölündü. Bundan sonra heç nə xatırlamıram".

Hoffman deyir ki, "sonra KGB-nin tibbi müəssisəndə Jeleznyakova "Noviçok" preparatının antidotunu vurublar. Vəziyyəti azca yaxşılaşsa da, o bundan sonra xəstə olub. Rəsmi təhqiqatın sənədlərində onun sosiskadan zəhərləndiyini yazıblar".

Hazırda ABŞ-da yaşayan Mirzayanov 1992-ci ildə "Noviçok"un sirrini faş etdiyinə görə Rusiyadan qaçmalı olub.

O, Hofmana deyib ki, Jeleznyakov daha sonra pensiyaya göndərilib və ona susmağı əmr ediblər.

"Həyat eşqi ilə qaynayıb-daşan Jeleznyakov əvvəllər ağac üzərində yonma kimi hobbiyə malik idi. Lakin zəhərləndikdən sonra artıq heç bir iş görə bilmirdi. Onun qollarında xroniki zəiflik vardı, epilepsiyadan və sərt depressiyadan əzab çəkirdi".

Britaniya Müdafiə Nazirliyi antiterror şöbəsinin keçmiş rəisi general-mayor Chip Chapman də bu qənaətdədir ki, belə güclü maddədən istifadə edənlər Vladimir Putin hökumətinin başqa opponentlərini qorxutmaq istəyiblər.

"Kimyəvi agentlərdən istifadə psixoloji məsələdir. Ondan istifadə edənlər psixoloji mesaj verməyə çalışrlar" - general deyib.

Chapman-ın sözlərinə görə, həm də bu mesaj yalnız Britaniyadakılara ünvanlanmayıb. Bununla bütün dünyadakı potensial "vətən xainlərinə" xəbərdarlıq edilib.