Qubada sərhədyanı əməkdaşlıq məsələləri  müzakirə edilib

Qubada sərhədyanı əməkdaşlıq məsələləri müzakirə edilib

14 Mart 2018 16:28
Bəyəndim (0) Bəyənmədim (0)

Quba şəhərində sərhədyanı əməkdaşlıq məsələlərinə dair tədbir keçirilmişdir.

Mediainfo.az saytına Respublika prokurorluğu mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan və Qazaxıstan Respublikası prokurorluq orqanları, o cümlədən sərhədyanı ərazilərin prokurorluqları arasında cari məsələlərin, gələcək əməkdaşlıq və işgüzar əlaqələrin daha da möhkəmləndirilməsi məqsədilə Qazaxıstan Respublikasının Baş nəqliyyat prokuroru Marat Alixanovun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində martın 13-də Quba rayonunda olmuşdur.

Qonaqlar rayonda Heydər Əliyev Mərkəzinin, rayon məhkəməsinin, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Quba "ASAN həyat" Kompleksinin fəaliyyəti ilə yaxından tanış olmuşlar.

Daha sonra Quba şəhərində hər iki prokurorluq orqanlarının nümayəndələrinin sərhədyanı əməkdaşlıq məsələlərinə dair işçi görüşü keçirilmişdir.

Görüşdə Azərbaycan tərəfini Baş Prokurorluğun müvafiq struktur qurumlarının rəhbərləri və sərhədyanı rayonların prokurorları, həmçinin Dövlət Sərhəd Xidmətinin əməkdaşları təmsil etmişlər.

Tədbirdə hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılmış, həm ikitərəfli, həm də çoxtərəfli səviyyələrdə, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin səmərəliliyindən, hüquqi əməkdaşlıq sahəsində mövcud müqavilə bazasının təkmilləşdirilməsindən danışılmış, transmilli cinayətkarlıqla mübarizə, iqtisadi qaçaqmalçılıq, narkotiklərin qanunsuz dövriyyəsi, nərə cinsli balıqların qanunsuz ovlanması, qanunsuz sərhədkeçmə, Xəzər dənizinin ekologiyasının qorunması və yaxşılaşdırılması, ekstradisiya və cinayət işləri üzrə qarşılıqlı hüquqi yardımın göstərilməsi məsələləri müzakirə edilərək, iki ölkənin prokurorluq orqanları arasında qarşılıqlı münasibətlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə edilmişdir.

Görüşdə cari məsələlər və gələcək əməkdaşlığın perspektivləri müzakirə olunaraq konkret təkliflər irəli sürülmüşdür.