“Azərbaycan Xalq Cümhuriyyəti – 100” mövzusunda elmi konfrans keçirilib

“Azərbaycan Xalq Cümhuriyyəti – 100” mövzusunda elmi konfrans keçirilib

12 Mart 2018 17:07
Bəyəndim (0) Bəyənmədim (0)

Martın 12-də "Cümhuriyyət İli" çərçivəsində AMEA-nın Tarix İnstitutu və Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin birgə təşkilatçılığı ilə "Azərbaycan Xalq Cümhuriyyəti – 100" mövzusunda elmi konfrans keçirilib.

AMEA Tarix Institutundan Medianfo.az-a verilən məlumata görə, elmi konfransı giriş sözü ilə açan Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin direktoru Əhməd Sami Elaydi bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti yalnız Azərbaycanın deyil, türk dünyasının, müsəlman aləminin və bütövlükdə Şərq tarixinin ən parlaq səhifələrindən biridir: "Müsəlman Şərqində qadınlara seçki hüququ ilk olaraq Cümhuriyyət dövründə - 100 il əvvəl verilib. Cümhuriyyət Azərbaycanın ilk müasir universitetini - Bakı Dövlət Universitetini təsis edib".

Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində keçirilən tədbirdə Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti dünya tarixinin ən demokratik dövlət qurumlarından biridir: "Xalq Cümhuriyyəti XX əsrin əvvəllərində olduqca mürəkkəb beynəlxalq şəraitdə yaranıb. Cümhuriyyət irqi, milli, dini və sinfi bərabərsizliyi ləğv edərək, bütün vətəndaşların hüquq bərabərliyini təmin edib. Müasir Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisidir. Azərbaycan 1991-ci ildə öz müstəqilliyini bərpa edərək, Cümhuriyyətin bayrağını, gerbini və himnini qəbul edib".

Yaqub Mahmudov bildirib: "Tarix İnstitutunda Azərbaycan Xalq Cümhuriyyətinin tarixini araşdıran ayrıca şöbə fəaliyyət göstərir. Dünyanın müxtəlif ölkələrindən Cümhuriyyət tarixinə dair ilk mənbələr və arxiv sənədləri ölkəmizə gətirilir. Cümhuriyyət tarixinə dair çoxsaylı sanballı əsərlər, o cümlədən ikicildlik ensiklopediya nəşr edilib. Ulu öndər Heydər Əliyevin vəsiyyətinə əməl olunaraq nəşr edilmiş "Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası" Cümhuriyyət tarixinin bütün sahələrini əhatə edən ilk fundamental elmi soraq əsəridir".

Akademik qeyd edib ki, Tarix İnstitutunun Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi ilə sıx əməkdaşlığı var: "Mərkəzdə institutun əməkdaşları üçün ərəb dili kursları təşkil olunub. 2017-ci ildə Əhməd Sami Elaydi instituta ərəb dilində 10 min elektron kitab hədiyyə edib".

Elmi konfransda bildirilib ki, Azərbaycan Prezidentinin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə "İstiqlal Bəyannaməsi" abidəsi ucaldılıb. Hər il Cümhuriyyətin elan olunduğu 28 may tarixi Azərbaycanda Respublika Günü kimi qeyd olunur.

Konfransda Milli Məclisin deputatı Elman Nəsirov, tarixçi alimlər Kamran İsmayılov, Cəbi Bəhramov, Güntəkin Nəcəfli və başqaları çıxış edərək bildiriblər ki, Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin dövlətçilik tarixində silinməz iz buraxıb.

Sonda Yaqub Mahmudov Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinə ikicildlik "Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası"nı və "İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi" adlı fundamental tədqiqatın ərəbcə nəşrini hədiyyə edib. Əhməd Sami Elaydi isə Azərbaycan-Misir əlaqələrinin inkişafına verdiyi töhfələrə görə Yaqub Mahmudova və Elman Nəsirova Misir Ərəb Respublikasının Ali Təhsil Nazirliyinin mükafatlarını təqdim edib.

Qeyd edək ki, Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi Azərbaycanda ilk və yeganə ərəb mədəniyyət mərkəzidir.