AŞ PA Bürosunun və komitələrinin iclasları keçiriləcək

AŞ PA Bürosunun və komitələrinin iclasları keçiriləcək

9 Mart 2018 17:18
Bəyəndim (0) Bəyənmədim (0)

Martın 12-dən 16-dək Parisdə Avropa Şurası Parlament Assambleyası Bürosunun, Siyasi işlər və demokratiya, Monitorinq və Daimi komitələrinin iclasları keçiriləcək.

Medianfo.az Milli Məclisdən verilən məlumata görə, iclaslarda Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, ölkəmizin təşkilatdakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov iştirak edəcək.

Tədbirlərdə terrordan əziyyət çəkənlərin qorunması, Suriyadakı vəziyyətin qonşu ölkələrə təsiri, Ukraynaya, Türkiyəyə və Ermənistana fakt araşdırıcı missiyaların səfərlərinin yekunları, Azərbaycanda və Monteneqroda keçiriləcək prezident seçkilərinə müşahidə missiyasının göndərilməsi, cari ilin aprel sessiyasının gündəliyi, 2018-ci ilin sentyabrında Ankarada keçiriləcək Parlament Sədrlərinin Avropa Konfransı və digər mövzularda müzakirələr aparılacaqdır.

Səməd Seyidov müzakirəyə çıxarılacaq məsələlərə münasibət bildirəcək, qeyd və təkliflərini verəcəkdir. Səfər martın 17-də başa çatacaqdır.