İsa Qəmbər erməni saytına Qarabağ haqda danışmadı

İsa Qəmbər erməni saytına Qarabağ haqda danışmadı

11 Noyabr 2011 21:19
Bəyəndim (0) Bəyənmədim (0)
"Millət məfhumu ölkədəki bütün vətəndaşların birliyidir, bu isə dövlət deməkdir"

Bu gün Ermənistanın müxalifətyönlü 1in.am saytında "Müsavat" partiyasının başçısı İsa Qəmbərin müsahibəsi yer alıb. "Yeni Müsavat" qəzeti bu faktı işıqlandıraraq, hətta müsahibədən bəzi məqamları da dərc etdi. İlk baxışdan elə təsəvvür yarana bilər ki, hər şey qaydasındadır. Bu, yalnız ilk baxışdan belə görünür. Müsahibəni diqqətlə oxuduqda görmək olar ki, partiya başçısının fikirləri Azərbaycanın strateji maraqları ilə üst-üstə düşmür. Məsələn, Emma Qabrielyan adlı müxbir belə bir sual vermişdi:

"Çox vaxt Azərbaycan və Türk siyasətçilərinin ritorikalarında belə bir fikir səsləndirilir: Azərbaycanla Türkiyə bir millət, iki dövlətdir. Ancaq Türkiyə prezidenti Gül Mərkəzi Asiya Türk dövlətlərini nəzərə alaraq deyib: 6 dövlət bir millət var. Necə düşünürsünüz, bu ritorika nə qədər əsaslıdır və ya adi bir ritorikadır, dil uyğunluğuna baxmayaraq, dövlət maraqları müxtəlifdir?"

Müxbirin sualına İsa Qəmbərin cavabı düşündürücü oldu:

"Əvvəla, bu qoyuluşu dəyərləndirmək üçün terminlərdə razılığa gəlmək lazımdır. Əgər millət kəlməsində etnos nəzərdə tuturuqsa, bütün türk xalqlarının eyni etnosa malik olmaları şübhə doğura bilməz. Digər tərəfdən, millət məfhumu ölkədəki bütün vətəndaşların birliyidir, bu isə dövlət deməkdir. Beləliklə, təzad bir çox aforizmlərin əsasını təşkil edir ki, bu qoyuluşda da var. Bu, həm şüarın güc mənbəyi, həm də zəifliyi deməkdir. O ki qaldı sualın məğzinə, etnik birlik bütün maraqların avtomatik şəkildə üst-üstə düşməsinə gətirib çıxarmır və müxtəlif dövlətlərin uğurlu və əbədi işbirliyinə təminat vermir. Bununla belə, yəqin heç kim mübahisə etməz ki, əhalisinin əksər hissəsi eyni etnosdan olan ölkələr psixoloji cəhətdən daha asan dil tapırlar.

Fikrimcə, hamımız razılaşarıq ki, ən uğurlu və stabil əməkdaşlıq eyni regiondan olan, ümumi dəyərlərə və maraqlara malik, vahid təhlükəsizlik sistemini seçən ölkələr arasında ola bilər. Mövcud problemlərə baxmayaraq, Avropa Birliyi bu cür əməkdaşlığa ən gözəl nümunədir".

Azərbaycan-Türkiyə əlaqələrinin yüksələn xətt üzrə inkişaf etdiyi bir dövrdə aparıcı müxalifət partiyasının rəhbərinin bu cür fikir yürütməsi bir qədər təəssüf doğurur. Əvvəla, ona görə ki, AXC-Müsavat iqtidarı zamanında dilimiz və millətimiz türk adlandırılmışdı. Bütün siyasi və iqtisadi məsələlərdə Türkiyənin maraqları önə çəkilirdi. Hətta o vaxtkı prezident Əbülfəz Elçibəy də Türkiyəli qonaqlarla onların rəsmi dövlət dilində danışırdı. Dövlət və hökumət rəhbərləri dəfələrlə yüksək tribunalardan "Türkiyənin razılığını almışıq" kimi səbatsız fikirlər səsləndirməklə siyasi səhvlərə yol verirdilər. Bunu təcrübəsizliyin ayağına yazmaq olar. Çünki müstəqilliyimizin bərpasından 20 il keçir.

Müsahibədə oxucunu ən çox qayğılandıran məqam odur ki, İsa Qəmbər bir cümlə istisna olmaqla Qarabağ münaqişəsindən kəlmə belə kəsməyib. Halbuki, məhz onun iqtidarı dövründə ermənilər Qarabağ müharibəsinə başlamışdılar. İndi Ermənistanda müxalifətdə olan qüvvələr özünün müxalifət mətbuatı ilə birlikdə o zamanlar bizə həmlələr edir və bunu bildikləri kimi mətbuatda işıqlandırırdılar.

Belə çıxır ki, partiya başqanı öz dövlətindən, onun uğurlarından, tərəfdaşlarından düşmənə mənfi məlumat verməklə hər şeyin demokratiyaya qurban verilməli olduğunu bəyan etmək istəyib. Kim bilir, bəlkə Türkiyə iqtidarından umduğunu ala bilmədiyi üçün milli birliyimiz haqda belə danışıb? Bəlkə ermənilərlə belə danışmalı imiş? Bəlkə yüksək tribuna qazanmışkən ürəyini boşaltmaq istəyib? Bəlkələr çoxdur. Cavabı isə hər kəs özü üçün verəcək...

Xatırladaq ki, müsahibənin sizə təqdim edilən hissəsi "Yeni Müsavat" qəzetində qeyd olunmamışdı.

Natiq Qocaman

O.M.