İsrail İranla müharibənin başlanacağını təsdiq etdi

İsrail İranla müharibənin başlanacağını təsdiq etdi

5 Noyabr 2011 19:42
Bəyəndim (0) Bəyənmədim (0)
Prezident Şimon Peres İran üçün haqq-hesab vaxtının çatdığını deyir

Türkiyənin "Hürriyet Planet" qəzetinin İsrailin "Channel 2" televiziya kanalına istinadən yaydığı məlumatda bildirilir ki, prezident Şimon Peres İrana qarşı hərbi əməliyyatların başlayacağını açıq şəkildə bildirib. Onun sözlərinə görə, İranın atom enerjisi proqramı ətrafında yaranmış problemi diplomatik yollarla deyil, hərbi yolla həll etməyin vaxtı yetişib. Belə ki, kəşfiyyat məlumatları da İranın daxildən zəifləməyə başladığını deməyə əsas verir. Cənab Peres dünya birliyini İrana qarşı fəal və cəsarətli olmağa çağırdı.

İsrail mətbuatının bu günlərdə yaydığı məlumatda bildirilir ki, Baş nazir Benyamin Netanyahu İrana qarşı hərbi əməliyyatlara başlamaq üçün nazirləri bir araya toplamışdı. Daha sonra xəbər yayıldı ki, İsrail İranın atom enerjisi ilə məşğul olan obyektlərini havadan bombalayacaq. Buna cavab olaraq İranın Xarici İşlər naziri Əli Əkbər Salihi Qərb dövlətlərinə ultimatum göndərdi: "Biz İsrailin ən pis ssenarilərinə hazırıq. Ümidvarıq ki, ABŞ İranla müharibəyə başlamazdan əvvəl iki dəfə fikirləşəcək."

Xatırladaq ki, BMT nəzdində fəaliyyət göstərən Beynəlxalq Atom Enerjisi Agentliyi (İAEA) gələn həftə İranın atom təhqiqatları barədə yeni məxfi sənədləri ictimaiyyətə çatdıracaq. Ehtimal olunur ki, mövcud sənədlər kəşfiyyatın topladığı məlumatlara əsasən tərtib olunub və İranın atom silahının başlığına aid kompüterlərin istehsalı ilə bağlıdır.

Associated Press xəbər agentliyinin məlumatına görə, İAEA məxfi məlumatların nümayişi zamanı kosmosdan çəkilən fotoları da mətbuata göstərəcək. Həmin fotolarda atom silahının istehsalını əks etdirən təkzibedilməz dəlillər var.

Xatırladaq ki, İsrail, ABŞ və digər aparıcı ölkələr İranın atom silahı hazırladığını iddia edirlər. İran isə öz növbəsində bunu inkar edir və təhqiqatların dinc məqsədlərə xidmət etdiyini bildirir.

Qərb İslam dövlətinin atom bombası planlarının fatihəsini verməyə çalışır...

Sərvər Aslanov

O.M.