Gələn il bu müharibələr olacaq: Yeni dövlət…

Gələn il bu müharibələr olacaq: Yeni dövlət…

31 Dekabr 2017 18:53
Bəyəndim (0) Bəyənmədim (0)

2018-ci ildə dünyada üç müharibə başlaya bilər.

Mediainfo.az Publika.az-a istinadən xəbər verir ki, bunu Ukraynanın "Obozrevatel" nəşrində dərc etdiyi yazısında ABŞ-da yaşayan tarix elmləri doktoru, politoloq Yuri Felştinski bildirib.

Onun proqnozlarına görə, bu müharibələr ABŞ və Şimali Koreya, İran və İsrail, İran və Səudiyyə Ərəbistanı arasında başlana bilər.

"Ehtimal edilən ikinci Koreya müharibəsi 2018-ci ildə ən böyük təhlükə kimi görünür. Bu müharibə ABŞ-ın Şimali Koreyaya zərbəsi ilə başlanacaq. Bu zərbələr ABŞ-ın Şimali Koreyanın kommunist diktaturası üzərində sürətli və parlaq qələbəsinə, həmçinin Cənubi Koreyanın dominantlığı altında Koreyanın birləşməsinə gətirib çıxara bilər. Eyni zamanda ikinci Koreya müharibəsi və yüz minlərlə, hətta milyonlarla insanın həlak olmasına gətirib çıxara bilər. Mən vuruşan tərəflərdən birinin nüvə silahından istifadəsinin mövcud riskləri haqqında heç danışmıram", - o qeyd edib.

Felştinski hesab edir ki, digər müharibələri Yaxın Şərq regionunda İran və İsrail, İran və Səudiyyə Ərəbistanı arasında izləyə bilərik.

Bundan başqa, politoloq hesab edir ki, dünya xəritəsində yeni dövlət – "Kürdüstan" meydana çıxa bilər. Onun sözlərinə görə, bu, Türkiyədə sabitliyi pozacaq.

Xatırladaq ki, Yuri Felştinski daha əvvəl uğursuzluqlar və iqtisadi problemlərə baxmayaraq, Rusiya Prezidenti Vladimir Putin və onun ətrafının III Dünya müharibəsinə hazırlığı davam etdirdiyini bildirmişdi.