M.Qurbanlı: "İctimai Palatanın mövcudluğu və fəaliyyəti yalnız mətbuatdadır"

M.Qurbanlı: "İctimai Palatanın mövcudluğu və fəaliyyəti yalnız mətbuatdadır"

5 Noyabr 2011 18:10
Bəyəndim (0) Bəyənmədim (0)
Mətbuatda davam edən müxalifət-iqtidar dialoqu

Hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Mübariz Qurbanlının fikrincə, ölkəmizdə bəzi qüvvələr dialoq terminini istismar etməklə məşğuldur: "Azərbaycan cəmiyyətində dialoq mühiti var. Ölkə mediasında dialoq şəraiti yaradılıb, internet şəbəkəsində dialoq davam edir, bütün siyasi qüvvələr arasında dialoq mühitində müxtəlif mövzular, məsələlər, problemlər ətrafında müzakirələr olur. Ona görə də ATƏT-in Bakı ofisinin Azərbaycanda siyasi partiyalar, qüvvələr arasında hansısa bir tədbir keçirərək onları bir araya gətirməsinə ehtiyac yoxdur. Onsuz da siyasi partiyalar bir aradadır və müzakirələrini davam etdirirlər. Parlamentdə təmsil olunan və olunmayan partiyalar tez-tez bir araya gəlirlər. Bəzi radikal məhdud qruplar var və onlar dialoq sözünü, terminini istismar edərək bu ad altında hansısa görüşlərin, tədbirlərin keçirilməsini istəyirlər. Biz dialoqa hazırıq və dialoq mühitində də yaşayırıq. Ona görə də hansısa kənar qüvvənin, təşkilatın Azərbaycanda gedən prosesə bu formada müdaxilə etməsinə ehtiyac yoxdur. ATƏT-in Bakı ofisinin rəhbərindən soruşmaq lazımdır ki, dialoq deyəndə nəyi nəzərdə tutur, bununla nə demək istəyir".

YAP icra katibinin müavini onu da bildirib ki, Azərbaycan vətəndaş sülhü, həmrəyliyinin bərqərar olunduğu, bütün insanların, siyasi qüvvələrin vahid ideya-milli maraq çərçivəsində birgə fəaliyyət göstərdiyi bir dövlətdir: "Biz inkişaf etməkdə olan ölkələr arasında ön mövqedəyik. Ona görə də Azərbaycanda dialoqa çağırışları anormal hesab edirəm. Azərbaycanda dialoq mühiti var. İctimai Palata deyilən quruma gəlincə, bu təşkilatın özünün mövcudluğu və fəaliyyəti yalnız mətbuatdadır. İctimai Palata sosial bazası olmayan, imitasiya ilə məşğul olan bir qrup şəxsin böyük iddialarla çıxışını ehtiva edən qurumdan başqa bir şey deyil".

Xatırladaq ki, mübariz Qurbanlının səsləndirdiyi fikirdən dərhal sonra "Ümid" partiyasının rəhbəri İqbal Ağazadə müxalifət adından iqtidarla danıçıqlara hazır olduğunu bəyan edib.

Dialoqu monoloqa və ya xora çevirmək cəhdi Azərbaycan siyasətinin reallığıdır...

Sərvər Aslanov

O.M.