ABŞ çalışır ki, Türkiyə bundan imtina etsin

ABŞ çalışır ki, Türkiyə bundan imtina etsin

30 Dekabr 2017 18:24
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ Türkiyənin Rusiyadan S-400 raket kompleksi almaması üçün cəhdlərini davam etdirir.

Axar.az xəbər verir ki, bu barədə məlumatı TASS-a ABŞ Müdafiə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Conni Maykl Türkiyə-Rusiya arasında S-400-lə bağlı ötən gün imzalanan kredit müqaviləsini şərh edərkən deyib. Onun sözlərinə görə, Türkiyənin regionda təhlükələrdən müdafiə edilməsi üçün ən optimal variant NATO raket əleyhinə müdafiə sistemidir.

"Biz S-400 alması ilə bağlı Türkiyəyə öz narahatlığımızı çatdırmışıq. Bu məsələdə Türkiyə ilə açıq dialoqun tərəfdarıyıq. Türkiyə NATO üzvüdür və istənilən böyük miqyaslı hərbi sistemlərin alınması zamanı onun NATO-ya uyğunluğunun qorunması vacibdir", - Maykl vurğulayıb.

O qeyd edib ki, ABŞ və Türkiyəni hərbi-texniki sahədə çox güclü və əhəmiyyətli əlaqələr birləşdirir:

"Türkiyə NATO-dakı müttəfiqlərindən, "Patriot" sistemi də daxil olmaqla, daha genişmiqyaslı və uzunmüddətli ehtiyaclarını təmin etmək üçün müdafiə sistemləri əldə etməyə çalışır. ABŞ da satılması mümkün olan hərbi avadanlıqların müttəfiqinə tədarükünü sürətləndirməyə borcludur".

Qeyd edək ki, ötən gün Türkiyə və Rusiya arasında S-400-lərin alışı ilə bağlı kredit müqaviləsi imzalanıb. Bunun ardınca isə ABŞ-ın "Raytheon" şirkətinin Türkiyəyə ən güclü raketlərindən sayılan AMRAAM-ı satmaqla bağlı qərar verdiyi açıqlanıb.