"Bizim cəmiyyət artıq Rusiyanın Ermənistanı dəstəklədiyinə inanmır"

"Bizim cəmiyyət artıq Rusiyanın Ermənistanı dəstəklədiyinə inanmır"

28 Dekabr 2017 11:42
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya ilə Ermənistan arasında yaşanan informasiya müharibəsi günbəgün güclənməkdə, qarşılıqlı təhqirlər və ittihamlarla davam etməkdədir. Bu mübarizə Rusiya və Ermənistan mətbuatı ilə yanaşı, sosial şəbəkələrdə də ən pis formada qarşılıqlı təhqir, söyüşlərlə, aşağılayıcı sözlərlə müşayiət olunur. Sosial şəbəkələrdə gedən müzakirələrdə rusları özündən çıxaran ermənilərin onlardan üz döndərməyə çalışmalarıdır. Bu müzakirələr zamanı ermənilər yaxşılıq başa düşməyən xalq kimi təhqir olunur. Bəlli olduğu kimi, Ermənistanın Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramına qoşulmaq barədə sazişə imza atdıqdan sonra Rusiya KİV-ləri, telekanallarında ermənilər ən pis formada təhqir olunur, aşağılanır. Ermənilər də bunu cavabsız qoymamaq qərarına gəliblər. Məsələn, "Vestnik Kafkaza"da dərc olunan materialda xüsusi vurğulanır ki, Yerevanda erməni kütləvi informasiya vasitələri Rusiya ekspert və telekanallarına qarşı informasiya müharibəsinə start veriblər.

"Aravot" qəzetinə müsahibəsində politoloq Qaqik Ambaryan bildirib ki, "Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramına qoşulduqdan əvvəl və sonra rəsmi Moskva o qədər əsəbi idi ki, onun nəzarət etdiyi telekanallar bütün sərhədləri keçərək Ermənistanı özünə oynaş axtaran, ərinə xəyanət edən qadın kimi təqdim etməkdən belə çəkinmədilər. Njdeni isə faşist kimi qələmə verdilər. Bu cür reaksiya gözlənilən idi və heç nə mənim təəccübümə səbəb olmadı. Mənim üçün qəribə olan odur ki, Ermənistanın hakimiyyət orqanları, xarici işlər naziri Edvard Nalbandyanın timsalında bu cür hallara heç bir reaksiya vermədilər. Əgər belə bir hal başqa bir ölkənin ünvanına səslənsəydi, şübhəsiz ki, böyük səs-küy qalxmışdı. Hər dəfə olduğu kimi, bu dəfə də Ermənistan hər şeyi ört basdır etməyə üstünlük verdi. Cavab sadəcə belə olub ki, həmin ittihamlar ayrı-ayrı şəxslərin fikrləridir". Erməni politoloqun başqa bir narahatçılığı isə bu olub ki, Rusiya kanallarında səslənən bu ittihamlardan Ermənistanla rəqib və düşmən olan ölkələrin istifadə edə bilmələridir. Ekspert bu sahədə Azərbaycanın artıq ciddi uğurlar əldə etdiyini etiraf edir. Onun sözlərinə görə, Azərbaycan tərəfi uzun illər ərzində Rusiyanın media məkanında möhkəmlənməyə çalışır. Düzdür, etiraf edir ki, Rusiyanın media məkanı erməni politoloq, şərhçi və jurnalistlərlə doludur. Lakin əlavə edir ki, onlar da son hadisələrdə heç bir effektiv fəaliyyət göstərə bilmədilər. Erməni ekspert iddia edib ki, Azərbaycan tərəfi başqa bir istiqamətdə fəaliyyətə başlayıb. Belə ki, Rusiya politoloq və şərhçilərini öz tərəfinə çəkməyə müvəffəq olub. Maraqlıdır ki, rus mediası illər uzunu obyektivlikdən uzaq olanda və ermənipərəst mövqe nümayiş etdirəndə "obyektiv" olurdular, indi bir qədər balanslaşdırılmış siyasət yürüdəndə ermənilərin sözü ilə desək, olurlar azərbaycanpərəst. Yeri gəlmişkən, erməni ekspert bu sırada Aleksandr Proxanov, Aleksey Markov, Maksim Şevçenko, hətta Dövlət Dumasının deputatı Savelyevi və başqalarının adını çəkir. "Məni ən çox təəccübləndirən bizim hakimiyyət orqanlarının da dediyi kimi, bu ittihamların rəsmi xarakter daşımadığını iddia etmələridir. Maraqlıdır ki, Ermənistanda Prezident Administrasiyasında və yaxud strukturunda, məsələn, Maksim Şevçenko və yaxud Aleksandr Proxanov kimi çalışan biri durub Rusiyanın ünvanına bu cür ittiham səsləndirməyə cürət edərdimi? (Aleksandr Proxanov və Maksim Şevçenko Kremlin nəzarətində olan İzbor klubunun üzvləridir-müəl). Ümid edirəm ki, erməni tərəfi Rusiya tərəfinə cavab verəcək". Lakin erməni politoloq "unudur" ki, rəsmi Yerevan heç bir halda bu riskə getməz. Forpost olduğunu, Moskvanın himayəsində olduğunu unutmaz.

Qəzetə açıqlamasında politoloq onu da bildirib ki, Ermənistan hakimiyyət orqanları rəsmi Moskvanın diqqətinə çatdırmalıdır ki, bu cür təhqirlər bumeranq kimi onun özünə qayıda bilər. Q.Ambaryan əmindir ki, Ermənistan bəlkə də yer üzündə yeganə dövlətdir ki, Rusiyanın istənilən tələbini yerinə yetirir, əvəzində isə heç nə istəmir. Onun sözlərinə görə, bu cür bəyanatlar, televerilişlər, tok-şoular və isterik fikirlər erməni-rus münasibətlərinin göstəricisi deyil. "Lakin bunlar erməni cəmiyyətində antirusiya əhval-ruhiyyəsinin güclənməsinə gətirib çıxaracaq. Bizim cəmiyyət artıq Rusiyanın Ermənistanı dəstəklədiyinə inanmır. Bunun üçün müxtəlif səbəblər var – həm iqtisadi, həm də siyasi, həm də hərbi", - deyə o əlavə edib. Rusiyanın son illər Azərbaycana ən iri silah satışı həyata keçirdiyini xüsusi vurğulayan politoloq deyib ki, Moskva Ermənistana da kreditlə silahlar verir. Onun qənaətincə, bunu strateji müttəfiqlik adlandırmaq mümkün deyil. "Rusiya iddia edir ki, bizə ucuz qiymətlə qaz satır, lakin biz bu ucuz qazı hələ də görməmişik. Rusiya bu ucu qazı özünün şirkətinə - "Qazprom Armeniya"ya satır. O da istehlakçılara bunu üç dəfə bahasına satır. Rusların başqa bir arqumenti Rusiyada erməni miqrantların olması ilə bağlıdır. Düzdür, ermənilər Rusiyada çalışırlar, lakin onlar yerli əhalinin görmədiyi işləri görürlər. Elə bir əmək haqqı alırlar ki, yerli əhali ona razılaşmaz. Bununla yanaşı, Rusiyadan gələn pullar, yenidən elə ora qayıdır - qaz, enerji və digər xidmətləri müqabilində. Rusiya şirkətləri bütün bu sahələr üzrə monopoliyaya malikdirlər. Yəni, Rusiya tərəfi bu formada fəaliyyətini davam etdirəcəksə, zərbə birinci özünə dəyəcək. Nəhayət, Rusiya anlamalıdır ki, əgər bizə nəsə təklif edə bilmirsə, onda bizi yoxsulluq və perspektivsizlik şəraitində yaşamaqda qalmağı tələb edə bilməz. Bir də ki, Aİ ilə əməkdaşlıq edən Ermənistan hakimiyyət orqanları heç bir zaman deməyiblər ki, Rusiya ilə strateji tərəfdaşlıqdan imtina edirlər. Moskva bunu dərk etməlidir". Q.Ambaryan sonda onu da deyib ki, "Rusiya tərəfi Ermənistan ərazisindəki hərbi bazaya görə haqq ödəmir. Bu bazanın bizə xeyri olsa da, Rusiyaya ikiqat xeyirdir - Cənubi Qafqazda bazaya malik olmaqla Rusiya tək regionda deyil, Yaxın Şərqdə də mövqelərini gücləndirir".Azadinform